Vaxt.Az
«Qatilə dərd danışmazlar, Günel Mövlud!»
Günel Mövludun erməni mətbuatında Azərbaycanı pisləməsinə müxtəlif münasibətlər sərgilənəcək. Kimisi bu addımı səhv, kimisi düz hesab edəcək.Bəlkə ilk dəfədir ki, hər hansı hadisəyə birtərəfli baxmaq istəyirəm. Baxıram. Deyirəm: Günel xanım düzgün addım atmadı. Sevimli həmkarım o ölkənin mətbuatına şikayət edib ki, həmin ölkə Günelin doğulduğu yurdu - Cəbrayılı işğalda saxlayır. Həmin ölkənin mətbuatı bu işğala haqq qazandırır. Məni öldürməyə cəhd göstərənə, yaxınlarımı qətlə yetirənə mənə və yaxınlarıma qoynunda yer verən məmləkətdən şikayət etmək absurd hərəkətdi, məntiqsizlikdi.
Birincisi, doğrudanmı Günel Mövludu hədələyiblər? Axı bu, ittihamdı. İttiham fakta söykənməlidi. Jurnalistin faktsız danışmağa ixtiyarı yoxdu. Son vaxtlar Günel intim mövzularda ümumi yazılar yazırdı. Belə yazılara görə kimsəni hədələmirlər axı. Əksinə həmin yazarla tanış olmaq istəyirlər, gizli-gizli inbox-a “nə gözəl yazırsız” tərifnamələri göndərirlər.
Günel Mövludu yaxından tanıyıram, uzun illər bir yerdə işləmişik, şair kimi istedadlı qızdır. Ola bilsin bu fikirləri səsləndirəndə beynində şeir bişirirmiş.
Azərbaycanda elə bir ailə varmı, onun şəhidi olmasın, ermənilərdən yaralar görməsin?! Qatilə dərd danışmazlar. İnanmıram ki, kimsə Güneli incidib. Onu bir yazar kimi, hamımız çox istəyirik, əksər tanınmış ictimai-siyasi xadimlər onun həmişə hörmətini saxlayıblar. Təəssüf ki, Avropada yaşamağın yolu vətənini aşağılamaqdan keçir. Əlbəttə məmləkət barədə tənqidi yazarlar, yazmalıyıq. Tənqid inkişafa aparır. Ancaq düşmənə şikayət etməzlər.
Hə, bir də həyat hər kəsin öz ömrü qədər deyil. Həyat bu ömürdən sonra başlayır. Hə, bir də heç vaxt bütün xalqlar dost ola bilməyəcəklər, uzağı yol yoldaşı olacaqlar. Tarixin hansısa döngəsində, əski düşmənçilik baş qaldıracaq. Əzizim Günel Mövlud, bax o erməni mətbuatı var ha, səndən açıqlamanı insan haqqlarını əsas götürərək almır, səni aşağılamaq, ölkənin vəhşi imicini formalaşdırmaq üçün alır. Gələcək üçün zəmin hazırlayır.
“Biz Cəbrayılı azərbaycanlılara qaytara bilmərik, görmədinizmi, ölkəsində cəbrayıllı qızın başına nə oyun açdılar... Məcbur olub getdi Almaniyaya” – Günel Mövludun yeni ermənilərə yadigar qoyub getdiyi arqument. Bu arqumentdən yapışan düşmən niyə qalib olmasın?.. Düşməni qalib çıxarmazlar, əzizim Günel Mövlud.
04.10.2013 çap et