Vaxt.Az

Avropa aşiqlərinin ümid işığı


 

Bir qadın Britaniyanın Avropa İttifaqından çıxmasını necə əngəlləyir?

Avropa aşiqlərinin ümid işığı «The Telegraph» yazır ki, «Britaniya ali məhkəməsi 17 milyon britaniyalının Avropa İttifaqından çıxmaq barədə iradəsini parlamentin müzakirəsinə verən hökm çıxarıb».

Daha dəqiq deyilsə, ali məhkəmənin hakimləri bu qərara gəliblər ki, referendumda Britaniyanın Avropa İttifaqından çıxması nəticəsi hasil olsa da, bu addım ölkə parlamentinin müzakirəsinə verilmədən atıla bilməz.

Məqalədə deyilir ki, avropapərəst millət vəkilləri məhkəmənin bu qərarından Brexiti ləğv etmək və ya heç olmasa baş nazir Tereza Mayı ittifaqdan çıxışın başlanğıcı olan 50-ci maddəni işə salmaq səlahiyyətindən məhrum etmək üçün faydalanmağa can atırlar.

Hələlik baş nazir istənilən təzyiqlərə sinə gərəcəyini vəd edib.

Lakin baş nazirin Mühafizəkar Partiyasından olan vəzifəli millət vəkilləri və lordlar düşünürlər ki, xanım May konstitusiya böhranı nəticəsində erkən seçki çağırmağa məcbur ola bilər.

Britaniyanın Avropa İttifaqından çıxmasının qatı tərəfdarı olan «The Telegraph» xatırladır ki, referendumda 17, 4 milyon nəfər Brexitə səs verib və bu, Britaniyanın tarixində xalqın verdiyi ən böyük mandatdır.

Buna baxmayaraq parlamentdəki millət vəkillərinin çoxluğu Britaniyanın ittifaqda qalmasına tərəfdardır.

Məhkəmənin qərarında isə deyilir ki, baş nazir yalnız əlahəzrətin mandatına malik olmaqla parlamentdən yan keçə bilməz.

İndi söhbət ondan gedir ki, parlament qanuna dəyişiklik etməklə Britaniyanın Avropa İttifaqından çıxmasını aylarla, bəlkə də illərlə ləngidə bilər.

Təhlilçilər bildirirlər ki, məhkəmənin qərarı Britaniyanın Avropa İttifaqından çıxmasını 2019-cu ilədək təxirə sala bilər.

Hazırda Britaniyanın Avropa İttifaqından çıxmasına qızğın tərəfdar olan millət vəkilləri ali məhkəməni və onun hakimlərini «xalqın iradəsinin üstündən xətt çəkmək cəhdində» ittiham edirlər. Onlar hətta iddia edirlər ki, hakimlərdən biri Britaniyanın Avropa İttifaqında qalmasını istəyən keçmi baş nazir Tony Blair-ə yaxındır.

«The Telegraph» xatırladır ki, Britaniyanın Avropa İttifaqından çıxması məsələsinin parlamentdə müzakirəsinə nail olunması üçün məhkəməyə varlı xeyriyyəçi qadın Qina Miller müraciət etmişdi.

 





05.11.2016    çap et  çap et