Vaxt.Az

BP İranı sınaqdan keçirir


 

Qərb şirkətləri Tehrana hələ də ehtiyatla yanaşır

BP İranı sınaqdan keçirir «Financial Times» yazır ki, Tehranın üzərindəki Qərb sanksiyaları artıq ötən yanvarda qaldırılsa da, böyük enerji şirkətləri bu ölkədə iş görməyə hələlik can atmırlar.

Məqalədə deyilir ki, ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə dünyanın ikinci böyük qaz və dördüncü ən böyük neft ehtiyatına sahib Tehran növbəti beş ildə ölkənin enerji sektoruna 200 milyard dollar investisiya qoyulmasına çalışır.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə İranın Cənubi Pars yatağında 51 trilyon kubmetr qaz ehtiyatı olduğu təxmin edilir.

«Financial Times» yazır ki, Körfəzdə yerləşən bu enerji ilə zəngin bölgədən istifadə edən Qətər dünyanın ən böyük maye qaz ixracatçısına çevrilib.

Lakin İran indiyədək beynəlxalq sanksiyalara görə istər Cənubi Pars, istərsə də Şimali Pars yataqlarını inkişaf etdirə bilməyib.

Total şirkəti burada özünün axtarış və hasilat fəaliyyətini 2010-cu ildə dayandırıb. Cənubi Pars yatağının bəzi sahələrində işləyən «Statoil» isə 2011-ci ildən bütün işləri dayandırıb.

Burada 19-cu sektor adlanan hissədə iki İran şirkəti çalışıb, lakin bu layihədəki işçilərin sayı hələ səkkiz ay əvvəl 11 min nəfər idisə, hazırda bu rəqəm 4 min nəfərə düşüb.

«Financial Times» yazır ki, sanksiyaların qaldırılması İran şirkətlərinə Qərb avadanlığının əldə olunması imkanı verib.

Lakin bütün bunlara baxmayaraq bir vaxtlar burada işləmiş xarici şirkətlər qayıtmağa tələsmirlər.

«Financial Times» yazır ki, Avropa şirkətləri İranda tammiqyaslı işə başlanmasına ehtiyatla yanaşırlar.

Məqalədə deyilir ki, neft qiymətlərinin aşağı olması, habelə İranın ətrafındakı siyasi risklər və qeyri-müəyyənliklər Qərb şirkətlərini İran məsələsində ehtiyatlı mövqe tutmağa sövq edir.

Buna baxmayaraq, bəzi şirkətlərin İranla iş görməyə həvəsli olduğunu göstərən əlamətlər də var. Məsələn BP sanksiyalar qaldırılandan sonra bu ay İrandan ixrac olunan neftin bir hissəsini alıb.

BP-nin icraçı direktoru Bob Dudli deyib ki, «bu, İranla iş görməyin necə olduğunun sınaqdan çıxarılması üçün yaxşı imkan olub».

Lakin o xəbərdarlıq edib ki, ABŞ sanksiyaları hələ də Avropa şirkətlərinin İranla iş görməsinə mane olur və avropalılar bu mənada son dərəcə ehtiyatlı olmalıdırlar.

«Financial Times» yazır ki, Qərb şirkətləri İranla iş görmək istəsələr də, bu ölkədən daha aydın şərtlər və daha çox güzəştlərin əldə edilməsinə çalışırlar.

Məsələ burasındadır ki, İranın Qərb şirkətləri ilə Avropa üçün güzəştli şərtlər içərisində işləməsinə ölkənin mühafizəkar qüvvələri mane olurlar.

Qərb şirkətləri isə bildirirlər ki, onlar İranla köhnə müqavilələr əsasında işləmək istəmirlər.

İtaliyanın Eni şirkəti bildirib ki, o hələ də İran tərəfinin qaz və neft sənayesi üçün kontraktlarının hansı çərçivədə olacağını gözləyir.

İranın Dövlət Neft Şirkəti ilə niyyət protokolu imzalamış Total da İran tərəfinin müqavilə şərtlərinin necə olacağının intizarındadır.

Buna baxmayaraq Total bildirib ki, İran tərəfinin aydın şərtlərini görməyincə heç bir investisiya yatırmayacaq.

 





05.11.2016    çap et  çap et