Vaxt.Az
«Ordunu qıran cəmi üç nəfərdi...»
Biz orduda olanda torpaqları almışdılar. Yerdə qalan əraziləri qorumalıydq. Yeməyə ölmüş kenquru əti verirdilər. Halalımız idi. Uduzmuş əsgər qan qusmalı deyil ki...Açılmasını istəmədiyimiz hansısa səhərlərdən biri idi. 707 saylı briqadanın Qazaxın Musaköy kəndindəki 1-ci batalyonuna aid 1-ci bölümündə qanlı hadisə baş verdi. 3 komandirin şəraitsizliyinə görə qulluq etmək istəmədiyi 3-cü tağımda Uğur təsadüf nəticəsinə iki əsgəri bir güllə ilə yaralamışdı. Birinin adı Məhəbbət idi. "5-45"-in rekaşet hoqqaları olur.
Tağımın yiyəsi yoxuydu deyə, yəni komandirsizlik quyusunu mən doldururdum. Cavab verməliydim. Əvəzində cavab aldım. Müdafiə nazirinin müavini general-mayor Mehman Səlimov şəxsən "pozitsiya"ya qalxıb əmr verdi ki, post qabağa çəkilməlidi. Qabaq düşmənin ayağının altıdı. Səhərə qədər səngər qazıldı, düşmənin ayağı altında sığınacaq tapdıq. Bir həftə ərzində iki əsgər öldü. Biri Rafiq idi. Əvvəl qan qusdu, sonra öldü.
Bakıda televizor Bala Cəfərlidən danışırdı. Məzuniyyətə gəlmişdim. Eşitdim ki, bizim öldüyümüz lokal müharibəni qəsdən yaradıblar. Müharibəsiz ölən kişilərin valideynlərinə sübut olunmalıydı. Ki, ölümə qırmızı don geyindirə bilsinlər. Müharibədə əsgər ölər də.
Qasımov Hüseyn vardı. Polkovnik. Ucaboy. Əzazil. Sifətini hələ də unutmamışam. 707 saylı briqadanın komandiri idi. Danışırdılar ki, göldə xanımla gəzişərkən, sahildə onlara kabab bişirən əsgəri mırta güllələyib. İnanmırdım. Ona Qarik deyirdilər. Eh, Qarik, Qarik. Bir dəfə inamımı sarsıtdı. Yaşlı əsgərlərdən birini hərbi hissənin ərazisindən kənarda tutduğu üçün lüt soyundurub briqadanın gözü qarşısında qaçırtdı. Yaxşı oğlan idi. Fərari oldu. Maşınla qəzaya düşüb öldüyünü də eşitdim. Hə, Qarik, hə, onu sən öldürməmişdin. Yoxsa səni Naxçıvana diviziya komandiri göndərməzdilər ki...
Hamımız sevinmişdik. Bakıdan Qariki yoxlamağa gəliblər. Kazarmalarda xəbərlər dolaşır: Komandiri qandallayıb apardılar. Sevinirik. Yeni xəbər: Komandiri Naxçıvan dviziyasına göndərdilər. Kədərlənirik. Daha yeni xəbər: Komandir Bakı Dövlət Universitetinin hərbi kafedrasına müdir təyin olunub. Kədərlənirik. Biz həmişə belə yaşamışıq. Bir dəfə sevinəndə iki dəfə kədərlənmişik.
Cavad da vardı. Mənim zampolitim. İstehkam mühəndisi tağımında bığıburma ayı-kişi. Güləşçiydi. Özümdən xeyli yaşlı olanlarla xidmət edirdim. Onlara tay görünməyim Cavadın ürəyincə deyildi. Ay işığında mina basdırmağa göndərirdi məni. Qanunla olmazdı. "OZM" partlamamışdan əvvəl "çık" edir. Bu səs eşidildisə partlayacaq. Eşitdim, amma partlamadı. Dilim tutuldu. Göydə Ay var idi. Erməni görürdü. Həndəvərimi güllələdi. Əsgərlərin ayağımdan dartıb təhlükəli sahədən çıxarmaları yadımdadı. Cavad həkimə də xəbər verməmişdi. 5 gün göydə yaşadım. Hamını görürdüm, tanımırdım. Dinləyirdim, eşitmirdim.
Saçımdakı ağlar var ha, açılmamış minanın qəlpələridi. Sonrakı həyatımda o qəlpələr də qəlpələndi.
Bala Cəfərlidəyəm. Bölük komandirinin adı Eldənizdi. İçəndə dəli olur. Kənddə 5-10 ev var. Onlardan birində toydu. Xalqım ermənilərə yandı-qındı verir. Eldəniz içib. Əmr verib ki, çadır atəşə tutulsun. Əsgərlər atır. Toy qana boyanmır, sadəcə dayanır. Bitir. Qızmış şirin diş atmadığı gənc əsgər qalmayıb. Qərargah rəsi Şahzəddinin də şir saxladığından xəbəri var. Kapitan rütbəli Şahzəddin yaxşı adam idi, tabeliyində olan baş leytenantla bacarmırdı. Gecə yarıdan keçib. İki əsgər əlində avtomat ağlaya-ağlaya məni Eldənizin hüzuruna aparmağa gəliblər. Yanır. Musayev Ceyhuna sillə atmaq arzusundadı. 4 ildi vətənsizliyə qulluq edirəm. Qayıdacağıma az qalıb. Hörmət qazana bilmişəm. Eldəniz bu hörmətin içinə pox qoymaq istəyir. Qrantamyot və iki snaryadın canı sağ olsun. Çiynimə qoyub bölüyün yerləşdiyi kəndin içinə doğru addımlayıram. Göydə Ay var. Ay mənə düşmür. Dəqiqləşdirmişəm. Eldənizin qərargahı vaqondu. Çatıram, oranı hədəf alıram və əsgərə deyirəm ki, get denən çölə çıxsın. Çıxır. Ayılır. Əvvəlki Eldəniz olur. "Can"ın biri bir qəpik. Əsgər adamam, yarım qəpiyə də ehtiyacım var. Götürürəm və söhbəti bitirirəm. O, bitir. Susur.
Qərargah rəisi hadisəni eşidir, məni batalyona düşürür. Musayev Ceyhun ordan da evinə qayıdır.
Qubadov Ceyhunu isə öldürürlər. Dəqiq bilirəm, onu eldəniz öldürüb. Mehman razılıq verib, cavadsa dəstək. Cəmi 3 nəfərdi Azərbaycan Ordusunu qıra-qıra gəlirlər. Bağırtılarını eşidirəm: "Ölməyən neçə əsgər qaldı, bir addım qabağa çıxsın!"
(Ceyhun Musaoğlu 1993-1997-ci illərdə hərbi xidmətdə olub)
20.10.2012 çap et