Vaxt.Az

Çıxış yolu nədir?


 

İstanbulda PKK-nın siyasi qolu MHP-dən daha çox səs alır

Çıxış yolu nədir? Kürd parlamentarların həbsini anladıq, bəs «Cümhuriyyət» qəzetinin bütün rəhbərliyini içəri doldurmaq kimə lazım idi? Birinci addımın izahı var, bu şəxslər və onların partiyası separatçı siyasi platformadan çıxış edir, terror təşkilatı ilə açıq bağlılıqları var – baxmayaraq ki, hökumət dünənə qədər həmin adamlar və onların liderləri ilə masaya oturmuşdu... Bu həbslər Ərdoğanın qısamüddətli siyasi maraqlarına, milliyyətçi-ülkücü kəsimin simasında özünə müttəfiq qazanmaq niyyətinə xidmət edir. «Cümhuriyyət»ə qarşı repressiyanın isə Ərdoğana bir faydası yoxdur. Bu qəzet Türkiyədə bəlli bir ideoloji kəsimin (sol temayüllü) mövqeyini ifadə edir və AKP-nin sosial bazası olan əhali təbəqələrinin rəyini dəyişmək gücündə deyil. Yəni, Ərdoğan üçün «Cümhuriyyət»in varlığı ilə yoxluğu arasında bir fərq yoxdur. Belə olan halda onlara qarşı repressiyanı niyə sanksiyalaşdırsın?

Belə bir konspiroloji fikir var ki, dövlətin içində və ya Ərdoğanın ətrafında hansısa qrup qəsdən onu ən radikal addımlara sövq edir ki, ölkədə gərginlik artsın, nəticədə vəziyyət nəzarətdən çıxsın və Ərdoğanı iqtidardan uzaqlaşdırmaq üçün münbit zəmin yaransın. 15 iyuldan sonra ölkədə fətullahçılara qarşı milli birlik formalaşmışdı, lakin son hadisələr bu həmrəyliyi tamamilə darmadağın edərək yenidən ideoloji-siyasi təməldə kəskin qütbləşmənin yaranmasına səbəb oldu. Üstəlik, şüurlu həyatları boyunca nurçulara, digər dini camaatlara qarşı mübarizə aparmış insanları fətullahçı adı ilə həbsə atmaq 15 iyul hadisəsinə dair aparılan istintaqın ciddiliyinə və obyektivliyinə şübhə oyadır, digər tərəfdən isə müxalif düşüncəli media mənsublarının həbsi dünyada Türkiyənin və şəxsən Ərdoğanın gedərək neqativləşən reputasiyasına əlavə mənfilik qatır ki, bütün bunlar, hər halda, Ərdoğanın maraqlarına uyğun deyil.

Kürd tematikasına qayıdaraq onu qeyd etmək istərdim ki, sırf hüquqi baxımdan yanaşdıqda, həbs olunmuş deputatların əməllərində cinayət tərkibi olduğu məndə şübhə doğurmur. Amma mümkün siyasi nəticələrini soyuq başla düşündükdə, bu addımın rasional olmadığı və ölkə mənafeləri baxımından risk daşıdığını anlamaq olur. Türkiyə daha əvvəl bu yoldan keçib, bu gün lənətlədikləri əski kamalist sistem 1994-cü ildə kürd millət vəkillərini həbs etmişdi. Dövlət 90-cı illərdə separatizmlə mübarizədə ordu və hüquq-mühafizə sistemi ilə yanaşı, qeyri-leqal qruplardan, kəşfiyyatla əməkdaşlığa cəlb olunmuş fərdlərdən də istifadə edirdi. Çatlı, Yeşil əfsanələri belə yaranmışdı, Çakıcı, Kırcı kimi kriminal ünsürlər də o dövrün məhsuludur. Bu yol siyasi mənada hər hansı effekt vermədi. Kürdlərin arasında PKK-nın populyarlığı azalmadı, terror təşkilatının sosial bazası daralmadı, əksinə, illər ötdükcə gücləndilər. Əlbəttə ki, ortada cinayət varsa, cəza da olmalıdır, əks halda dövlət öz funksiyasını yerinə yetirməmiş olar. Amma nə qədər ki, Türkiyədə seçki demokratiyası qalır, ali qanunverici orqanda və yerli idarəetmə sistemində separatçı siyasətçilər hər zaman olacaq, Səlahəddinin yerinə Cəlaləddin gələcək, necə ki, gəlir. İstanbulda PKK-nın siyasi qolu MHP-dən daha çox səs alır. Bu, reallıqdır.

Çıxış yolu nədir? Bəzən deyirlər ki, demokratiya separatizm və onun doğurduğu terrorla effektiv mübarizə aparmağa mane olur, diktatura və sərt mərkəzləşmiş idarəçilik bu baxımdan daha əlverişlidir. Yanlış fikirdir. Sorğu-sualsız baş kəsildiyi Osmanlı dövründə 30 civarında kürd üsyanı olub. Yəni 1-ci, 2-ci, 10-cu dəfə üsyana qalxanların aqibəti sonrakıları bu fikirdən çəkindirməyib. Atatürkün yeni qurulmuş cümhuriyyəti qorumaq üçün sərt avtoritar idarəçilik həyata keçirdiyi dönəmdə də iki böyük üsyan olub – 1925-də Şeyx Səid və 37-38-də Dersim üsyanı. Demək istədiyim odur ki, silahlı terrorçulara qarşı güc tətbiqi vacibdir və lazımdır, problemin həlli isə nə qədər çətin və ağır olsa da, siyasətdən keçir.

Mən istisna etmirəm ki, Ərdoğan prezident üsul-idarəsini tətbiq etmək hədəfinə nail olarsa, yenidən «çözüm sürəci»nə qayıda bilər. Bu sahədə hazırlığa və təcrübəyə sahibdir. Hələ 1991-ci ildə Ərdoğanın hazırlatdırıb Ərbakiana təqdim etdiyi «kürd raporu» var, maraqlananlar internetdə axtarış verib, tapa bilər. Ötən illərdə olanları isə yəqin çoxları xatırlayır: Türk sözünü Konstitusiyadan çıxarmağa, Dersim üsyanında kürdləri bombalamış Sabiha Gökçenin adını hava limanından götürməyə hazırlaşan, sülh prosesi pozulmasın deyə PKK-ya toxunmamaq təlimatı verən, ən sonda hökumətə Dolmabahçe sarayında HDP ilə razılaşma imzalatdıran liderdən bəhs edirik.

 





07.11.2016    çap et  çap et