Vaxt.Az

«Yedilər, yedilər Ramiz Rövşəni»


 

«Yedilər, yedilər Ramiz Rövşəni» Ramiz Rövşənin yenə doğum günü olduğunu “Facebook”dakı dostların statusundan oxudum. Bilmirəm neçə yaşı olur. Maraqlı da deyil. Əsas odur, olur. Ramiz Rövşən hamının oxuduğu şairdi. Şairliyi bədbəxtlik hesab edənlərdənəm. Kim ki, şair ola-ola xoşbəxt yaşamaq istəyir, yerin altından bir Ceyhun Musaoğlu çıxıb yazır: “Onu yedilər”. Şairlərin ruhu rahat olmalıdı, cismi yox. Ruhun rahatlığı isə cismin narahatlığına bağlıdı.
60 yaşına çatana qədər Ramiz Rövşəni siyasət artıq bir dəfə yemişdi. Bu dəhşətə çox ağrımışdım. Yazdım, ağrım azalsın deyə. “Qafqazinfo”dan təkrar dərc olunmasını xahiş etdim, ağrılarımız çoxalmasın deyə. 
Ramiz Rövşənin kimə nəyi lazım olduğunu bilmirəm, mən onun şeirlərini oxumaq istəyirdim. Siyasət özünü saxladı, şeirlərini yedi bu nəhəng ruh adamının. 
Ağrımayım, neyləyim?!” 
Çox adam itirdik bu müharibədə. Birini dilindən vurdular, biri əqidəsindən minaya düşdü, şöhrətinin əsirinə çevrilənlər də oldu, güllələnənlər, satılanlar, itkin düşənlər də. Hazır deyildik. Qabaqda şairləri, yazıçıları, artistləri gedən ordu mütləq uduzmalıydı. Şair nə bilir axı avtomatı necə atırlar... Heç yazıçıdan da mina basdıran çıxar… Harda görmüsünüz ki, artist səngər qazsın…
Daha gecdi, müharibə çoxdan qurtarıb. İtirdiklərimizi ağlamaqdan gözlərimizdə su da qalmayıb. Amma doğrudan, çox adam itirdik. Azərbaycan uğrunda savaşda iqtidarın güdaza verdikləriylə müxalifətin itirdiklərinin cəmi məmləkətin yoxa çıxmasına bərabər oldu.
Əkrəm Əylislisiz, Vaqif Səmədoğlusuz, Flora Kərimovasız, Azər Zeynalovsuz, Cavanşir Quliyevsiz, Anar Rzayevsiz məmləkəti itin də qabağına atsan, yeməz. Dadsız, tamsız bir ölkədi axı. O qədər dişimə vurmuşam ki. Vallah, daha bu məmləkət Əkrəmin yazısının dadını vermir, Vaqifin şeirlərinin iyi hiss olunmur, Floranın nəğmələri yoxdu deyə, Azərbaycan adamın ağzında donur. Azər oxumur, Vaqif düşünmür, Anar danışmır ona görə həzm etmək olmur bu məmləkəti.
Hamımız bu məmləkətin acıyıq. Hamımız onu dadmaq, duymaq, yaşamaq istəyirik. Amma dadanda, duyanda, yaşayanda ləzzət eləmir heç birimizə. Çünki lazım olanlar yoxdu məmləkətin içindəki qaşığa gəlsinlər. Onları çoxdan çömçəylə tutub, bölüşdürüblər. Yarısı iqtidara düşüb, yarısı müxalifətə. Təkcə bizə heç kimi saxlamayıblar. Biz qoymazdıq onlara güllə dəysin, minaya düşsünlər, satılsınlar, əsir alınsınlar. Hər şeyi özümüz eləyərdik. Onlar bu xalqın nüvələriydi. Nüvəyə toxunmazlar, partlaya bilər. Necə ki, partladı. 
İndi hər yan duman içindədi. Neçə illərdi göz gözü görmür. Səhər də qaranlıqdayıq, gecə də. Ramiz Rövşənsə ürək-dirək verir: 
Görərik kimlərin əli 
kimlərin cibindən çıxır, 
kimlər əyilə-əyilə 
kimlərin evindən çıxır 
dünya qəfil işıqlansa.
Dünya cəhənnəmə işıqlansın. Bizə Azərbaycanın işığı lazımdı, Ramiz Rövşən. Görək haralardasan. Deyirlər, müharibədən qayıdanların içində sən də varsan. Məlum olub ki, sağsan. Bəs salamatsanmı? Yazan əlin, düşünən beynin, danışan dilin yerindədimi? Heç olmasa, yeriyə bilirsən? Arxayın olmaq istəyirəm ki, yenə bu şəhərdə üz-üzə gələcəyik. Sifətin də yadımdan çıxıb. İnanmıram küçədə görsəm, tanıyım. Lap "mən Ramiz Rövşənəm" desən də, tanımaram. Mənim Ramiz Rövşənim başqa cürüydü. O, Müsavata sığa bilməzdi, o, Anarın biabırçı qələbəsində iştirak edən məlum, məşum qurultayı demokratik adlandırmazdı, o, bəyənmədiyi siyasi sistemin ömrünü uzatmağa xidmət edən polislərinə allı-güllü ssenari yazmazdı, o, İmamverdiyə uduzmazdı, o, "Kitablar kitabı"nın üzərində 6 il əlləşməzdi. O, "odda yanmazdı, suda batmazdı".
Mənim tanıdığım Ramiz Rövşənin yaşı 60 deyil. O, "göy üzünə daş atan oğlan" yaşındadı. Bu oğlanın atdığı daşlar yerə düşmür. 60 yaşlı Ramizin isə atdığı bütün daşlar topuğa dəyir. Amma yenə atır. Ay İsa Qəmbər, niyə başa düşmürdün ki, Ramiz Rövşən daş ata bilmir. Onun bacardığı yalnız yazmaqdı. Mitinqlərdə çıxış eləmək, namizəd kimi təqdim olunmaq, narıncı qalstuk taxmaq Ramiz Rövşənlik deyil. Heç Flora Kərimovalıq da deyil, Azər Zeynalovluq da deyil, Cavanşir Quliyevlik də deyil. 
Bizə Ramizin şeiri, Floranın mahnısı, Azərin səsi, Cavanşirin musiqisi, sizə isə Ramizin, Floranın, Azərin, Cavanşirin nüfuzu lazımdı. Ona görə Floraya efir qadağan edilib, Cavanşir ölkədən gedib, Ramizsə yaşıyla, ömrüylə əlləşir. 
Əlləşə-əlləşə 60 yaşına çatdı şair. İndi dostlar onu təbrik edir, sağlığına badələr qaldırırlar. "Azərbaycanın nəhəng şairi" deyə şəninə şeirlər oxuyurlar. Mənsə yas saxlayıram. Sağ, amma salamat olmayan Ramizin yeyilən ruhuna.
Yaxşı, ruhunu yediz, bəs Ramiz Rövşənin özünü neylədiz? Axı o, "Azərbaycan şeirinin kentavrı" demişdi özünə. Dovşanları, qazları, qoyunları yemək olar. Əgər bu məmləkətdə kentavrı da yeyirlərsə, deməli, ehtiyatlı olmaq lazımdı. Ölkədə dinozavrlar var.
 





15.12.2012    çap et  çap et