Türkdilli Deputatlar Fraksiyasının ölkə üçün bir fürsət olduğunu vurğulayan Məsud Pezeşkiyan deyib ki, bəzi şəxslər ictimaiyyətin rəyini yenicə yaranmış qurumun əleyhinə yönləndirməyə çalışır: «Yenicə yaranmış bu fraksiya hələ konkret bir iş görmədiyi bir halda, təəssüflər olsun ki, bəzi şəxslər və cərəyanlar ona qarşı cəmiyyətdə mənfi fikir formalaşdırmağa və ictimaiyyətin rəyini onun əleyhinə yönləndirməyə çalışırlar. Bizim hədəfimiz isə türkdilli deputatların bir araya gəlməsi və üzərimizə düşən vəzifəni yerinə yetirmək olub. Nəzərə almaq lazımdır ki, hər bir qurum əgər qanun çərçivəsində formalaşsa və qanunun nəzarəti altında hərəkət etsə, bir fürsətə çevrilə bilər. Lakin əgər qanun çərçivəsində hərəkət etməsə, hansı ad altında yaransa belə, ona bir təhdid gözü ilə baxılacaq».
Məsud Pezeşkiyan, «Türkdilli Deputatlar fraksiyasının yaranması ölkə etnikləri arasında parçalanmağa gətirib çıxara bilər, yoxsa yox» sualını belə cavablandırıb: «Əslində belə olmamalıdır. Bu frasiyanın yaradılması ilk addımdır. Biz iclaslar keçirib bu barədə bir-birimizlə danışmalıyıq. Fraksiyanı yaratmaqda əsas məqsəd isə, ölkəni gücləndirmək və izzətə çatdırmaqdır. Bizim ölkə müxtəlif etniklərdən ibarətdir. Hesab edirəm ki, hamımız əl-ələ verib davamlı bir inkişafa çatmaq uğrunda çalışmalıyıq. Allah «Quran»da buyurur ki, mən sizi müxtəlif qəbilələr şəklində yaratdım ki, bir-birinizi tanıyasınız. Əlbəttə ki, insanların kəraməti onların təqvasının dərəcəsindən asılıdır.
Təəssüflər olsun ki, ölkəmizdə qədimdən günümüzə qədər həmişə bir problem olub. O da müxtəlif etniklərin məsxərəyə qoyulması, alçaldılmasıdır. Bu isə insanlar arasında nifaq salıb, etniklərdə bir kompleks yaradıb. Bəzən hətta bəzi şəxslər açıq-aşkar hansısa bir etnik qrupu inkar etməyə çalışıb. Bu isə yolverilməzdir.
Biz qanunu müdafiə edirik və hesab edirik ki, hakimiyyət də qanun çərçivəsində hamıya fəaliyyət göstərməyə icazə verməlidir. Heç kəsin də qanuna qarşı çıxmağa ixtiyarı olmamalıdır. Lakin başqalarına qarşı da fikir formalaşdırmamalı və qanuni fürsətləri təhdidə çevirmək istəyən bəzi şəxslərin əlinə də bəhanə verməməliyik».
Xatırladaq ki, oktyabrın 30-da İranda 100-dən çox türk deputatının iştirakı ilə yaranmış Türkdilli Deputatlar Fraksiyasının ilk iclası keçirilib.
Türklərin toplu şəkildə yaşadığı əyalət və bölgələrdən parlamentə yol tapan deputatların ilk iclasında təbrizli deputat, İran parlamenti sədrinin canişini Məsud Pezeşkiyan Türkdilli Deputatlar Fraksiyasının sədri vəzifəsinə, urmiyalı deputat Nadir Qazipur ilə ərdəbilli deputat Rza Kərimi isə onun canişinləri vəzifəsinə seçilib. İclasda həmçinin Mərənd və Culfa şəhərlərindən seçilən deputat Məhəmməd Həsən Nəjad və təbrizli deputat Şəhabəddin Bimiqdar katib, təbrizli deputat Zəhra Sai isə fraksiyanın sözçüsü vəzifəsinə təyin edilib.
Fraksiyanın fəaliyyətə başlaması və onun funksiyası barədə jurnalistlərə açıqlama verən sözçü Zəhra Sai deyib ki, İran parlamentinin 25 deputatı artıq Türkdilli Deputatlar Fraksiyasının mərkəzi şurasının üzvüdür: «Türklərin yaşadığı bölgələrin probleminin həlli istiqamətində strateji idarəçiliyin təmin edilməsi, həmin bölgələrin potensialından maksimum dərəcədə istifadə olunması, ölkədə müvazinətli inkişafı təmin etmək, eləcə də milli birliyin gücləndirilməsi və inkişafı, fraksiyanın əsas hədəflərindən sayılır».