O deyir ki, «GAMOH müxtəlif ölkələr, o cümlədən Avropa, Türkiyə və Azərbaycanda fəaliyyət göstərir. Ancaq, son dönəmlərdə idarə heyəti üzvlərinin çoxunun Türkiyəyə toplandığı üçün Türkiyə daxilində fəaliyyətlərimiz daha çox olmuşdur».
Ağrı Qaradağlı Türkiyənin millətçi qrupları ilə birgə təşkil etdikləri «Türk Dünyasının Altın Körpüsü Güney Azərbaycan» adlı konfransa diqqət çəkərək GAMOH-un İran Azərbaycanının türk dünyasındakı mövqeyi və önəmini anlatmaq istiqamətində fəaliyyət göstərdiyini vurğulayır.
«Məqsədimiz Güney Azərbaycanda yaşanan sıxıntılar və türk fəallara qarşı tətbiq edilən basqıları buradakı media və dərnəklərə çatdırmaqdır. Fəaliyyətlərimizin çoxu konfrans şəklində olur. Media səviyyəsində də fəaliyyətimiz var. Həmçinin İran konsulluğu qarşısında piketlər keçiririk...» deyə milli fəal söyləyir.
GAMOH-un «Milliyyətçi Hərəkət Partiyası», «Ülkü Ocaqları» və «Türk Ocaqları» kimi millətçi qruplarla əlaqəsini açıqlayan Qaradağlı birgə fəaliyyətlərinin əksərən millətçi qruplar ilə həyata keçirildiyini, amma digər qruplara yaxınlaşmaq istiqamətində də cəhdlərinin olduğunu bildirir.
«Kim dəvət etsə, biz gedərik. İndilik MHP və millətçi qruplar bu məsələyə önəm verir və bizim də borcumuz çağırıldığımız hər yerə gedib və Güney Azərbaycan məsələsini anlatmaqdır... Amma sadəcə dəvət edənlər deyil, başqa qruplarla da əlaqə və yaxınlıq qurmağa çalışırıq,» deyə Ağrı Qaradağlı əlavə edir.