Vaxt.Az

Xaricdə təhsil alanlara qarşı qısqanclıq


 

Dövlət səkkiz illik layihəsinin 40 faizindən yararlanır

Xaricdə təhsil alanlara qarşı qısqanclıq «Xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın məzunlarının 20 faizi işsizdir. Yüzlərlə gənc bu proqramı başa vursa da vətənə qayitmayıb.

«2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın başa çatmasından 10 aydan çox vaxt ötməsinə baxmayaraq, onun nəticələri və təsirləri hələ də müzakirəyə çıxarılmayıb. Xüsusilə də islahat bəyanatlarının çoxaldığı indiki şəraitdə bu proqramın məzunlarının idarəçilikdə iştirak imkanlarının dəyərləndirilməsi məqsədəuyğun olduğu bir vaxtda nədənsə «Qara qızılın insan kapitalı»na çevrilməsi ideyasının reallaşdırılmasına yönəldilmiş bu proqram barəsində yüksək səviyyəli müzakirələr aparılmır. Hətta Azərbaycan Respublikasının Təhsil Naziri nə Nazirlər Kabinetinin 2015-ci ilin, nə də ki, 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclaslarında bu proqramın icra vəziyyəti və onun nətciələri barədə heç bir məlumat səsləndirməyib. Nədən bu proqramın yekunları, nəticələri və təsirləri barədə hesabat verilmir. Nəyə görə,2016-cı ilin 3-cü rübünün yekununa olan məlumat görə, «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının» maliyyələşdirilməsinə Dövlət Neft Fondundan 177,6 milyon manat vəsait xərcləndiyi halda bu proqramın real nəticələri təsirlərindən danışılmır? Nədən onun davam etdirilməsi ilə bağlı təşəbbüslər yoxdur? Niyə proqram iştirakçıları, məzun olanlar və onların hazırkı statusu ilə bağlı məlumatlar açıqlanmır? Hansı qanunla dövlət vəsaiti ilə oxuyan tələbələrə dair məlumatlar şəxsi məlumatların qorunması adı gizli saxlanılır? Suallar çoxdur. Bu yazıda onların bəzilərini cavablandırmağa çalışsam da əksər sualları yenə də açıq qaldığından onları Təhsil Nazirliyinin və jurnalistləri öhdəsinə buraxıram.

Dövlət Neft Fondunun hesabatına görə, 2008-2015-ci illər ərzində ARDNF tərəfindən bu proqramın maliyyələşdirilməsinə ümumilikdə 156,8 milyon manat, bu ilin ilk 9 ayında 20,8 milyon manat, bütövlükdə isə 177,6 milyon manat məbləğində vəsait ayrılıb. 31 dekabr 2015-ci il tarixinə ARDNF-nin vəsaiti hesabına xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin ümumi sayı 3 283 nəfər təşkil edir. Dövlət Proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (28,9 faiz), Türkiyə (22,2 faiz), Almaniya (12,5 faiz), Kanada (7,2 faiz), Niderland (5,3 faiz) və Rusiya (3,8 faiz) universitetlərində təhsil alırlar. Hazırda 1335 təqaüdçü xaricdə təhsillərini başa vuraraq məzun olub, onlardan neçəsinin Azərbaycana qayıtmaması ilə bağlı məlumat açıqlanmasa da belələrinin sayı yüzlərlədir. Baxmayaraq ki, müqaviləyə əsasən öhdəliyini yerinə yetirməyən tələbə proqramdan xaric edilir və ona çəkilən vəsait geri qaytarılır. Bu prosesə Təhsil Nazirliyi nəzarət edir, amma açıqlama vermir.
Son məlumatlara görə, Təhsilini başa vuraraq Azərbaycana qayıdan təqaüdçülərin 20 faizdən çoxu işsizir. İşləyənlərin 60 faizi özəl sektorda, 40 faizi isə dövlət sektorunda çalışır. Göründüyü kimi «Qara qızılın insan kapitalı»na çevrilməsi ideyasının reallaşdırılmasına yönəldilmiş bu proqram da qarşıya qoyulmuş məqsədlərə tam nail ola bilməyib.

 





08.11.2016    çap et  çap et