- ABŞ-da keçirilən prezident seçkiləri hər yerdə olduğu kimi Azərbaycanda da maraqla izlənir. Bu barədə nə deyə bilərsiziniz?
- Artıq son mərhələdir. Azərbaycan ABŞ-ın bir neçə istiqamətdə maraqları üçün çox önəmli ölkədir. İlk növbədə Azərbaycan və ABŞ arasında təhlükəsizlik sahəsində ciddi əməkdaşlıq mövcuddur. Azərbaycan antiterror koalisiyasının çox fəal üzvüdür. Azərbaycan Silahlı qüvvələri hal-hazırda Əfqanıstanda xüsusi əməliyyatlarda iştirak edirlər. Bununla yanaşı, Azərbaycan ABŞ hərbi qüvvələrinə çox böyük dəstək verir. Azərbaycan enerji, iqtisadiyyat sahəsində, habelə Böyük İpək yolu layihəsini həyata keçirirərək, bir necə nəqliyyat dəhlizi ilə bağlı çox önəmli işlər görür və bu da amerikanın maraqları üçün çox böyük əhəmiyyət daşıyır. Azərbaycanın ən böyük rolu xalqın, dövlətinin böyük dəyərləri ilə bağlıdır. Min illərdir ki, fərqli dillər, fərqli etnik mənsubiyyəti olan xalqlar qardaşlıq, birlik, əməkdaşlıq şəraitində yaşayır. Bu gün dünyada gedən çox ciddi problemlərlə bağlı Azərbaycan müəyyən qədər dünya üçün mühüm bir modeldir. Bu istiqamətdə Azərbaycan bir sıra xalqlar, regionlar üçün demək olar ki, tunelin axırında bir işığa bənzəyir. Dünya sivilizasiyaların dialoqu, mədəniyyətlər arası dialoqdan danışır. Azərbaycan isə sivilizasiyaların, mədəniyyətlərin əməkdaşlıq kodeksinə malikdir. Mənə elə gəlir ki, Azərbaycan bu xüsusiyyəti ilə dünya üçün, o cümlədən, ABŞ üçün çox mühüm ölkədir. Buna görə də, seçilən Amerika prezidenti Azərbaycanla əməkdaşlığı genişləndirməlidir. Azərbaycan Amerika tərəfdaşlığını gücləndirməlidir. Azərbaycanın müstəqilliyi, Azərbaycanın ərazi bütövlüyü və regionda sülhə nail olmaq üçün Amerikanın yeni administrasiyası daha ciddi, daha böyük səy göstərməlidir.
- Sizcə, kim qalib gələcək?
- Amerikanın bir neçə araşdırma mərkəzi məlumat verir ki, Hillari Klinton cüzi də olsa, Donald Trampdan irəlidədir. Amerika araşdırma mərkəzləri çox dəqiq işləyir. Bir neçə ştatlardan dəqiq məlumatlar var. Amerikanın seçki sistemi elədir ki, artıq qabaqcadan bilmək olur kim qalib gələcək.
- Azərbaycan üçün ABŞ-da kimin prezident olması nə dərəcədə vacibdir və kimin olması bizim üçün daha yaxşı olardı?
- Azərbaycan üçün ABŞ-ın prezidentinin kim olacağı böyük əhəmiyyət kəsb edir. Xanım Hillari Klintonun komandası əvvəllər Bill Klintonun komandası olub. Mən xatırlayıram, Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirməkdə, Azərbaycanın enerji strategiyasını dəqiqləşdirməkdə o komanda böyük işlər görüb. Ümidvaram ki, xanım Klinton prezident seçilərsə, o, zaman Azərbaycan və ABŞ bütün sahələrdə əlaqələri daha da inkişaf etdirəcək. Eyni zamanda, Avropanın enerji təhlükəsizliyi üçün həyata keçirilən və planlaşdırılan layihələrin reallaşdırılması üçün birlikdə uğurlu addımlar atacaq.