Vaxt.Az

Kim irəlidədir...


 

...Klinton, yoxsa Tramp?

Kim irəlidədir... Amerikalılar noyabrın 8-də özlərinin növbəti prezidentlərini seçirlər. Seçki günü yaxınlaşdıqca rəy sorğularının rəqəmləri arasındakı fərq azalmaqda davam edirdi. Bu həm Klinton, həm də Tramp düşərgəsinin yaşadığı böhranlarla bağlıdır.

Odur ki, indi siz bizim canlı monitorinqimizdən istifadə etməklə yarışı izləyə bilərsniz. Səhifənin aşağılarına doğru getsəniz səsvermənin göstəricilərinin izahatlarına da rast gələcəksiniz.

BBC-nin tərtib etdiyi sorğular sorğusu Amerikada ölkə boyunca keçirilmiş 5 ən son rəy sorğularının nəticələri əsasında qurulub. Daha doğrusu bu sorğulardakı iki ən yüksək və iki ən aşağı göstəricilər götürülüb və orta rəqəm çıxarılıb.

 

FTB-nin təhqiqatı Klintonun göstəricilərinə necə təsir göstərib?

 

Hillari Klinton üçün pis xəbər bundan ibarətdir ki, hətta FTB rəhbəri Ceyms Kominin onun emaillərinə dair təhqiqata başlandığı barədə bəyanatından əvvəl də keçmiş dövlət katibi ölkə boyunca, o cümlədən bir sıra həlledici ştatlarda üstünlük fərqini itirməyə başlamışdı.

«ABC News» və «Washington Post»un birgə canlı reytinqində, oktyabrın 23-də Klinton Trampdan 12 xal irəlidə idi, lakin bundan bir həftə sonra bu üstünlük bircə xala enmişdi.

Trump-Clinton

Rəy sorğularına görə ona rəğbətlilərin faizi 53-dən 47-yə düşüb.

Rəy sorğularının nəticələri onsuz da bir qayda olaraq seçkiyə yaxın daralır, lakin hələlik FTB-nin təhqiqat barədə bəyanatının seçki nəticələrini nə dərəcədə təsirləndirəcəyini indidən demək çətindir.

CBS 13 əsas döyüş meydanı olacaq ştatlarda keçirdiyi rəy sorğusunda respondentlərin 52 faizi deyib ki, "Klintonun emaillərində indiyədək bilindiyindən daha artıq məlumat ola bilərdi". Bu da bəlli olub ki, belə düşünənlərin əksəriyyəti respublikaçı seçicilər olub.

Erkən seçkinin nəticələri barədə nə bilirik?

ABŞ boyunca erkən seçkilər əksər ştatlarda təşkil olunub. Bu isə o deməkdir ki, elektoratın böyük əksəriyyəti seçki gününədək səs verib.

Həmin səslər seçki məntəqələri bağlananadək elan edilməsə də, bəzi ştatlar erkən səsvermənin nəticələrini açıqlayıblar.

Məsələn Nevadada erkən seçki noyabrın 4-də bağlananadək 800 min adam səs verib. Onlardan 42 faizi qeydiyyatdan keçmiş demokratlar, 36 faizi isə respublikaçılardır. Bu rəqəmlər 2012-ci ilin göstəricilərindən fərqlənmir. Burada Barak Obama 6, 7 faiz fərqi ilə qalib gəlmişdi.

Əlbəttə burada demək olmaz ki, iki partiyadan birinin seçicisi kimi qeydiyyatdan keçmiş adamlar məhz həmin partiyanın namizədinə səs verəcəklər. Elə buna görə də həm Tramp, həm də Klinton biri digərinin elektoratına dəstək çağırışları ediblər.

Lakin ümumən Nevada ştatını sürpriz hesab etmək olar, çünki ən son rəy sorğuları burada Donald Trampın irəlidə olduğunu göstərirdi. Amma bu o demək deyildir ki, reytinqlər yanlışdır. Ola bilsin ki, cənab Tramp elə məhz seçki günü burda dəstək qazansın.

Amma nəzərə alınmalıdır ki, bu ştatda əhəmiyyətli sayda ispandilli elektorat var.

Xanım Klintonun kampaniyası üçün işləyən Katalist məlumat firmasının təxminlərinə görə ispandillilərin və ya Latın Amerikası əsillilərin fəallığı son vaxtlar Arizona, Kolorado, Florida və Şimali Karolina ştatlarında xeyli artıb.

Əvvəlki seçkilərdə burdakı ispandillilərə aid son nəticəni təxmin etmək daha az mümkün idi. 2004-cü ildə onların 40 faizi Corc Buşa səs vermişdi. Lakin cənab Trampın meksikalılar və miqrasiya haqqında bəyanatlarına görə bu dəfə vəziyyət daha aydındır. Latino Decisions firmasının hesablamasına görə ispandilli seçicilərin 79 faizi xanım Klintonu dəstəkləyəcək.

Bircə şey dəqiq məlumdur. Bu seçkidə erkən səs verənlərin sayı əvvəlki seçkilərdən çox olub. Məsələn 2012-ci ildə 32 milyondan çox adam əvvəlcədən səs vermişdisə, bu dəfə onların sayı 40 milyondan çoxdur.

 

Qalmaqallar Trampın göstəricilərinə necə təsir edib?

 

Donald Tramp kampaniyaya başlayandan bəri bir neçə qalmaqala uğrayıb. Bunlardan ən diqqətəlayiqi 7 oktyabrda açıqlanmış audio yazısızısıdır. Bu audioda Tramp qadınlara qarşı təcavüzləri barədə öyünür.

O bu qalmaqal barədə deyib ki, bütün bunlar yalnız sözlərdir və reallıqda o heç vaxt qadınlara əl-qol atmayıb.

Belə bir qalmaqal istənilən namizədin kampaniyasını (və siyasi karyerasını) məhv etməliydi, amma Tramp bu böhtandan salamat qurtarıb.

CNN-nin oktyabrın 24-də keçirdiyi rəy sorğusunda onun reytinqi 45 faiz idi. Bu, CNN-in oktyabrın 3-də keçirdiyi sorğudakı rəqəmlə eyni idi. Hər iki rəy sorğusunda xanım Klinton 51 faizlə irəlidə idi.

Cənab Trampın ölkə boyunca daim 40 faiz ətrafında dəstək qazana bilməsi, lakin eyni zamanda 45 faizi aşa bilməməsi təhlilçiləri bu qənaətə gətirib ki, respublikaçı namizədin dəstəyinin bünövrəsi olsa da, yüksək tavanı yoxdur. Bu isə o deməkdir ki, o özünə pərəstiş bəsləyənlərdən başqa dəstəkçi qazana bilməyib.

 

Reytinqlərə inanmalıyıqmı?

 

Seçki günü yaxınlaşdıqca cənab Tramp onun geridə qaldığını göstərən rəy sorğularını və onları keçirən şirkətləri qaba şəkildə tənqid edir və bu reytinqləri «çirkli» və «ədalətsiz» adlandırırdı.

Lakin cənab Tramp öz ittihamlarını dəlillərlə isbat edə bilməyib və ölkə boyunca aparılan reytinqlərin yanlış olduğunu düşünməyə əsas yoxdur.

Rəy sorğularını keçirmək asan deyil və bunu edən firmalar bir sıra çətinliklərə üstün gəlməli olurlar.

Lakin araşdırma göstərir ki, onlar seçki yaxınlaşdıqca daha düzgün proqnoz verməyə başlayıblar.

 

Ölkə boyunca reytinqlər nə dərəcədə mühümdür?

 

300 milyonluq insanın vətəni olan ölkədə ictimai rəyin nəbzini tutmaq çətin məsələdir, lakin ictimai rəyi öyrənənlər boş dayanmırllar.

Ümumölkə sorğuları adətən 1000 respondentin cavabları ilə tərtib edilir və ümumən ictimai rəyin hərəkətini pis müəyyən etmir.

Lakin ABŞ-da seçkilər tərəddüd edən ştatlarda udulur və uduzulur və qərar seçki kollegiyaları sistemindən asılı olur.

 

Əsas rəqabət meydanı olacaq ştatlarda kim irəlidədir?

 Xəritə

Biz bu seçkidə əsas rəqabət meydanı olacağı gözlənilən 13 ştat müəyyən etmişik.

Aşağıdakı xəritədə bu ştatlar və «Real Clear Politics» internet resursunun məlumatına görə bu ştatlardakı elektoratın necə səs verəcəyi görünür.

Bu xəritə 7 noyabra olan məlumata görə bu ştatlarda kimin irəlidə olduğunu göstərir.

Əgər bu ştatların seçki günündə də rəngləri dəyişməsə (Klinton üçün mavi, Tramp üçün qırmızı qalsa) yerdə qalan ştatlara görə xanım Klinton qalib olacaq.

Lakin cənab Tramp bu yaxınlarda bir azca irəlidə olduğu Arizona da daxil bu ştatlardan bəzilərində vəziyyətini yaxşılaşdıra bilib.

Son səsvermənin orta rəqəmləri aşağıdakı diaqramda göstərilib. Bəzi ştatlarda başqaları ilə müqayisədə daha çox rəy sorğusu keçirilib.

 Reytinq cədvəli

Tramp və Klinton yeganə namizəddirlərmi?

 

Yox. Onlar sadəcə olaraq qalib gəlmək üçün real şansı olan iki namizəddir. Lakin bu yarışda başqa namizədlər də var. Namizədlərlə bağlı qaydalar ştatdan-ştata fərqlidir, lakin əksər ştatlarda Klinton və Trampın iki əsas alternativ rəqibi olacaq.

Yaşıllar Partiyasından 66 yaşlı Cill Stayn həkimdir və ümidlərini demokrat Berni Sandersin Klintona tərəf keçməyən pərəstişkarlarının səslərinə bağlayıb. Hazırda rəy sorğularına görə onun ölkə boyunca 2 faiz dəstəyi var.

Keçmiş Nyu Meksika qubernatoru, 63 yaşlı Qeyri Conson namizədliyini ABŞ Libertarian Partiyasından verib və cənab Trampdan gözü su içməyən respublikaçıların səslərini yığmağa çalışır. Ölkə boyunca onun dəstəyi sentyabrda 9 faiz idi, lakin indi 5 faizə düşüb.

Müəyyən diqqətə layiq olmuş başqa bir müstəqil namizəd keçmiş MKİ əməliyyatçısı Evan MakMullindir. O vəd edib ki, Yuta ştatında qalib gələcək. Bu ştatda keçirilmiş rəy sorğusuna görə o respublikaçı namizəddən ikicə xal geridə qalır, amma demokrat namizəddən 5 xal irəlidədir.

Əgər vədinə əməl edə bilsə, Evan MakMullin 1968-ci ildən bəri prezident seçkisi zamanı hər hansı ştatda qalib gəlmiş birinci üçüncü namizəd adını qazanacaq.

 





08.11.2016    çap et  çap et