«Bugünlərdə daha bir abidə qoyulub: Kremldə, Vladimir Leninin mavzoleyinin yanında onlar bizim ...Kiyev knyazı Vladimirə abidə qoyublar. Bu, tarixin hibrid mənimsənilməsinə daha bir cəhddir», deyə Poroşenko bu gün Sloveniyanın paytaxtı Lyublyanada Ukrayna şairi və filosofu Qriqoriy Skovorodanın heykəlinin açılışında bildirib.
Knyaz Vladimirin Moskvanın Borovixa meydanında qoyulmuş heykəlinin açılışı noyabrın 4-də keçirilib. Heykəlin qoyulmasının təşəbbüskarı Rusiyanın hərbi-tarixi cəmiyyətidir.
25 metrlik heykəl ətrafında mübahisələr bir neçə ay davam edib. Əvvəlcə onu Vorobyovo təpələrində qoymaq təklif olunub. Ancaq 40 mindən çox adam onun qoyulmasına qarşı çıxdığına görə abidəni paytaxtın başqa yerində qoymalı olublar.
Ümumrusiya İctimai Fikrin öyrənilməsi Mərkəzinin verdiyi məlumata görə, respondentlərin 55 faizi knyaz Vladimirin Moskvada heykəlinin qoyulmasına müsbət yanaşıb.
Rəyi soruşulanların 29 faizi bu heykəli Rusiyada yaşayan xalqların birliyinin rəmzi kimi görür. 26 faizi isə heykəlin qoyulmasına «ölkə tarixinin aktuallaşdırılması» kimi baxır.
Respondentlərin 21 faizi knyaz Vladimirin heykəlini Rusiya və Kiyev Rus dövləti arasındakı varislik əlaqəsinin rəmzi kimi görür.