Vaxt.Az

«Tumanlarınızdan bərk yapışın!»


 

Tuyqun Nadirovun Koroğlu ilə qohumluq əlaqələri varmı?

«Tumanlarınızdan bərk yapışın!» Bir neçə gün öncə “Rossiskaya qazeta”da Nikolay Dolqopolovun FİFA prezidenti Jozef Blatterlə müsahibəsini oxudum. Rusiyalı jurnalist Bakıda görüşdüyü Blatterlə dünya futbolunun problemləri barədə dolğun bir müsahibə hazırlamışdı. Oxumamaq sadəcə mümkün deyildi.
Jurnalist əməyinə böyük dəyər verdiyini deyən FİFA prezidenti müsahibədə cavanlıq illərində reportyor kimi çalışdığı günləri də yada salıb. Bu gün Azərbaycanın idman jurnalistikasında çalışan insanlardan kimsə gələcəkdə FİFA başqanı ola bilərmi? Lütfən, sağa-sola baxaq, beləsi heç yadınıza düşdümü?
Şəxsən mən sayın Blatterin reportyorluq dönəmini görməmişəm. Sözün açığı, FİFA rəhbərinin ilk qələm təcrübələrini də oxumadığımdan onun necə bir jurnalist olduğunu dəyərləndirməkdə çətinlik çəkirəm. Amma ona da tam əminəm ki, Blatter heç vaxt hansısa klubun ofisindən əyilə-əyilə çıxmayıb. Hansısa klubun vitse-prezidentinin verdiyi “cibxərcliyi” ilə özünə tuman-köynək almayıb.
Ünlü şairimiz Ramiz Rövşən şeirlərindən birində deyir ki, dünya qəfil işıqlansa, onda kimlərin əlinin kimlərin cibindən çıxdığı, kimlərin əyilə-əyilə kimlərin evindən çıxdığı görünər. Son günlər dünya qəfil işıqlanmasa da hər halda bəzi məsəllər bəlli olmağa başlayıb. “Xəzər Lənkəran”ın gəmisi Topaz-ın sponsorluq etdiyi çempionatda batıb. Yarandığı gündən bəri klub ilk dəfə sonuncu pillədə qərarlaşıb. Ondan aşağı isə turnir cədvəlində yer yoxdu. Lənkəranlılar demişkən, aşağı-aşağı, filan şeydən də aşağı?.. Azərbaycan futboluna tamam yeni bir ovqat gətirən bu klub aşağılara yuvarlandıqca bəzi həmkarlarımın iç üzü yavaş-yavaş açılır. Bir vaxtlar Mirça Redniki az qala dünya fond birjalarında qiymət artımına, balinaların sayının azalmasına, Çin əhalisinin çoxalmasına görə tənqid edənlər, qələmini sağa-sola paylayanlar indi eyni bacarıqla susurlar. “Xəzər Lənkəran”ın liderlik etdiyi həmin dönəm yadınızdamı, rumın məşqçini söymək üstündə yarış idi. Bu yarışda fərqlənənləri babat ənam gözləyirdi. Əyilə-əyilə klubun ofisinə gələn müəlliflər gəldikləri kimi də əyilə-əyilə oranı tərk edib özlərini verirdilər “Binə” Ticarət Mərkəzinə. Təzə tuman-köynək, corab alıb şellənirdilər. Necə deyərlər,
Yaşa Tuyqunum yaşa,
Höccətinlə baş-başa!
Deyilənə görə, son günlər bəzi qəzetçilər, sayt fırladanlar, qələm dəllalları “Binə”dən babat alver ediblər. O qədər güllü tuman-köynək, rəngbərəng corablar alıblar ki, bir neçə mövsüm rahat geyinmək olar. Bəs necə, “Xəzər Lənkəran”ın düşdüyü bu vəziyyətdə klub rəsmlərini ciddi-cəhdlə cəmiyyətdən gizlətmək elə-belə deyil ki… Necə deyərlər, əl əli yuyar, əl də qayıdıb Tuyqunun ayaqlarını…
Bəzi idman nəşrləri, saytlar hər şeydən yazırdılar, bircə cənub klubundakı rəzil vəziyyətdən başqa. Kiminlə istəsən müsahibə götürürdülər, yalnız Tuyqun Nadirovu görmək olmurdu. Guya telefonlara cavab vermir. Aradabir babal Höccət Hacıyevi danışdırırdılar. O da deyirdi ki, heç nədən xəbərim yoxdu, başım balaca qızlar arasında futbol üzrə dünya çempionatına qarışıb. Unukal futbol bilicisi “Turan”la oyundakı rəzaləti bomba izah edib. Əvvəl deyib ki, Tovuzda olmamışam. Sonra da oyunun keçirildiyi stadionun ot örtüyünün bərbad olduğunu deyib. Burda deyiblər ki, öz gözündə “Tida”nı görmür, başqasının gözündə KAMAZ axtarır. Adam, sən get xaraba qoyduğun öz stadionunun dərdini çək. Gör nə gündəsən ki, FİFA sənin stadionunda oyun keçirməkdən imtina edir.
Klubun ofisindən əyilə-əyilə çıxıb birbaşa “Bİnə”yə gedən əliqələmlilər yəqin ki, Nadirovun dastan qəhrəmanı Koroğlu ilə qohumluq tellərindən xəbərdar olublar. Ona görə də belə gərgin məqamda vitse-prezidentin qaçıb gizlənməsinə şərait yaradıblar. Necə deyərlər, igidlik ondu, doqquzu qaçıb gizlənməkdi.
Gizləndiyi yerdə nəfəsi təngiyən vitse-prezident bu gün “Futbol+”a guya müsahibə verib. Müsahibəni oxuyanlar “guya” sözünü niyə işlətdiyimi yaxşı anlayırlar…
Heç zaman klubun ofisinə əyilə-əyilə gedib-gəlmədiyimə, Nadirovla əl sıxıb “Binə”yə tuman-köynək almağa qaçmadığıma görə vitse-prezidentdən bir neçə məsələni soruşmaq istəyirəm. Koroğlunun qohumu, lütfən izah edin, Alim Qurbanov klubda konkret hansı məsələyə cavabdehlik daşıyırdı ki, son uğursuzluğa görə qovuldu? Zaur Ramazanov qardaşı Ağabalanı kluba sırımaqdan başqa yanan barmağa “ilkin yardım” göstərmirdisə niyə onu zamanında qapıdan kənarda qoymurdunuz? Zakir Mahmudov lisenziya almamışdısa onu niyə işə götürmüşdünüz? Ramin Musayevin qorxusundan istefaya göndərə bilmədiyiniz Yunis Hüseynov “Xəzər Lənkəran”ı hara aparır? Və ən sonuncusu. Özünüzdə cəsarət tapıb nə zaman bütün olanlara görə mərd-mərdanə cavab verəcəksiniz?
Klubun ofisi ilə “Binə” ticarət mərkəzi arasında qalanlar hələ yəqin ki, bir sürə yenə Koroğlunun qohumunu azarkeşlərdən, oxuculardan gizlədəcəklər. Rəzil günə qoyulan “Xəzər Lənkəran” isə mövsümə uğurla başlayan AZAL-la oyuna çıxmağa hazırlaşır. Əyilə-əyilə Nadirovun cibindən çıxan qələmli vicdansızlar, tumanlarınızdan bərk-bərk yapışın!
 





02.10.2012    çap et  çap et