Vaxt.Az

Türkiyənin böyük problemi - separatizm...


 

Azərbaycanda bu təzahürlər gözlənıləndırmı?

Türkiyənin böyük problemi - separatizm... Türkiyədə kürd xalqının mənafeyi uğrunda çalışdığını bəyan edib, əslində isə separatçı yöndə, ölkənin milli birliyini və dincliyini pozmaq, dövlətçiliyini dağıtmaq yolu tutmuş HDP partiyasının 12 millət vəkili üzvləri həbs edilib. Məlum olub ki, bu şəxslər və bu partiya faktiki olaraq, Türkiyə dövlətinə və xalqina qarşı qanlı müharibə aparan PKK terror təşkilatına siyasi rəhbərlik və havadarlıq edirmiş.

Türkiyə hökuməti vaxtilə bunlara geniş ürəklə güzəşt etdi ki, bu partiyanın (HDP) yaranış və inkişafı ölkədə barış, milli birlik və sabitliyə yol açar. Bu da nəticə... Son saatlarda qardaş ölkədə təhlükəli vəziyyət, həbslər və bu halın da cavabında PKK terror-partlayışları artan xətlə davam edir.

Türkiyə dövləti özünün suverenliyi və sabitliyini qoruyub saxlamaq yolunda ən tutarlı, qəti addımlarını atmaqda haqlıdır və bunun artıq vaxtı çatmışdı. İstənilən türksoylu dövlətin milli mənafeyinə qarşı aparılan təxribatlar bütün dünya türk birliyinə qarşı yönəlmiş olur. Qardaş Türkiyənin separatçılıq və daxili sabitlik pozuculuğuna qarşı qətiyyətli mövqeyi Azərbaycanda da tam dəstəklənir.

Azərbaycanımız da erməni separatizmini və onun qanlı işğal, terror və təxribat kimi nəticələrini yaşayıb. Bu gün yenə, digər milli-etnik adlar və bəhanələrlə ölkə daxili və xaricdəki «yuvalardan» bu cür meyllər ara sıra baş qaldırmaqdadır. Belə qızışdırıcı, pozucu təxribatların qarşısı qətiyyət və hamılıqla alınmalı və bu cür təzahürlərə dərhal dirəniş göstərilməlidir.

Çünki, bütün göstəricilər və faktlar üzrə Azərbaycanda bütün milli-etnik toplumlar bərabər hüquq, şərait, tolerantlıq, mehribançılıq məkanındadır. Bu səbəbdən, bizim ölkəyə separatçılıq toxumu səpmək istəyən qüvvələr hansısa etnik toplumun «dərdini çəkmək» yox, Azərbaycan dövlətini, xalqın birliyini pozub, dağıdıb ölkədə xaos, viranxana yaratmaq məqsədi daşıyır.

Türkiyədəki hadisələr bir daha göstərir ki, separatçılıq ideya-sindromu dini ekstremizm, beynəlxalq terrorizm və s. kimi xaos, qırğın, dağıntılar törədə bilən antibəşəri təzahürlərdəndir. Hər bir dövlətin, xalqın böyük probleminə çevrilə bilən təhlükəli amildir.

 





04.11.2016    çap et  çap et