Uzağa getməyəcəm. Qonşu Türkiyədə millətin vəkili adlandırılan şəxs Hadı müəllim kimi niyə kimsəni özündən çıxarmır. Türkiyədə savaş əlilləri, onların ailələri ölkədaxili bütün nəqliyyat vasitələrindən pulsuz istifadə edirlər. Xəstəxanalarda həm özləri, həm də ailə üzvləri pulsuz müalicə alır, pulsuz dərmanlarla təmin olunurlar. Onların təhsil, kredit güzəştlərini demirəm hələ. Yenə də fikirləşirəm ki, bəlkə Hadi müəllimin fikirləri kontekstdən çıxarılıb ya düzgün anlaşılmayıb. Məncə Hadı müəllim demək istəyib ki, nəqliyyat, aptek özəl olduğundan Qarabağ əlilinin müavinəti artırılsa daha məqsədəuyğun olar.
Məsələn, Bakı şəhərində yaşayan Qarabağ əlilinə nəqliyyatdan güzəşt şamil edilir tutaq ki, Gədəbəydə Qarabağ əlili nəqliyyatdan istifadə edə bilmir. Mən də o fikirlə razılaşardım ki, nəqliyyat və dərman güzəştinin əvəzinə onların müavinəti artırılsa daha ədalətli olardı. Hadı müəllim yəqin Qarabağ əlillərinə müavinətin artırılması yöndə düşünüb. Çünki Hadı adının mənası yardım edən deməkdir. Hadı müəllimin də adına uyğun fikirləşdiyinə inanmaq istəyirəm. Onun bu çağında dediyi sözə görə yüksək kürsülərdən danlanmasına inanmaq istəmirəm!
Bir də ki, müharibə vəziyyətində olan bir ölkənin qanunverici orqanının nümayəndəsinin indiki halda hər kəlməsinə fikir verib qıcıq yaratmaması gərəkdir. Axı haqlarında olmaz dediyi o insanlar Hadı Rəcəblinin, hamımızın bu günü üçün sağlamlığını itiriblər. Onlar torpaq uğrunda savaşa atılanda seçdikləri vəkillərinin onların vəkili olmayacağlarını ağıllarının ucundan belə keçirməyiblər. Düşmənin üzərinə haydı irəli deyib gedəndə Hadı müəllimin firavan ölkədə yaşamasını da düşünüblər. Onlar kişi kimi savaşıb Qarabağ əlili statusu qazanmayıblar ki, bu gün qulaqları ad və əməllərinə yaraşmayan söz eşitsin. Odur ki, Hadı müəllim söz deyəndə əsgər yarasını qoparan söz deməyin!