Vaxt.Az

Trampın vədi…


 

Avropa Krımı unutmağa hazırdır…

Trampın vədi… Necə ki, Barak Obama Amerika prezidenti seçiləndə ona böyük ümidlər və gözləntilər var idi, indi də Donald Trampdan istəklər var. Putin Trampı təbrik edərək deyib ki, münasibətlərin əvvəlki axarına qaytarılacağına ümid edir, Türkiyənin baş naziri Binəli İldırım isə deyib ki, “Güləni verin və münasibətlərdə yeni səhifə aşaq”, Misirin hakimiyyəti sevinir ki, Trampı birinci onlar təbrik ediblər və s.

Görək hələ Tramp dövlət katibi vəzifəsinə kimi təyin edəcək? Özü təhlükəsizlik və xarici siyasət məsələlərində təcrübəli olmadığına görə ona beyni yaxşı işləyən və dost qazanmağı bacaran dövlət katibi lazımdır. Başqa bir sual yenə aktuallığını qoruyur: Tramp Putinlə vəd etdiyi kimi dostlaşa biləcəkmi? Mən şübhə etmirəm ki, Putin Trampın andiçmə mərasimidən sonra Ağ Evin yeni sahibini Moskvaya səfərə dəvət edəcək. Putin bununla Trampı dilemma qarşısında qoyacaq: “Demirdin ki, mənimlə dost olmaq istəyirsən, gəl Moskvada dərdləşək”. Trampın Moskvaya səfərə razılaşması Krımın işğalının unudulması və beləcə Ukraynaya verilən dəstəyin azaldılması kimi başa düşüləcək, səfərdən imtina isə Ağ Evin yeni sahibinin vədinə xilaf çıxması anlamına gələcək.

Trampın Ukraynanı arxa plana atıb Moskva ilə dostlaşmaq istəyi Avropa İttifaqının bir çox ölkəsinin də işinə yarayır. Onlar da Krıma və Ukraynaya görə Rusiya ilə əbədi düşmən qalmaq istəmir, sanksiyaların ortadan qaldırılmasını istəyirlər. Məsələn, İtaliya, Yunanıstan və Macarıstan kimi ölkələrin adlarını çəkmək mümkündür. Elə Avropa İttifaqının əsas dövlətlərindən birinin - Fransanın da siyasi palitrası Rusiya ilə dostluq əlaqələrini bərpa etmək istəyir, prezidentliyə əsas namizədlərdən biri Nikola Sarkozi də Krımın işğalını unutmağa hazırdır.

Beləliklə, Ukrayna üçün ağır günlər başlayır. Tramp iş adamı kimi havaya pul sovuranlardan deyil. Ona görə də çətin ki, Kiyev Amerikadan böyük miqdarda kredit ala bilsin. Hələ üstəlik Tramp Putinlə də dostlaşsa Kiyev üçün Donbas problemini həll etmək də çətin olacaq.

 





10.11.2016    çap et  çap et