Vaxt.Az

Bayrağımız mübarək!


 

Azərbaycan Xalq Cümhuriyyətinin 98 il əvvəl bəxş etdiyi müqəddəslik

Bayrağımız mübarək! 1996-cı il çox da uzaq tarix deyil. Xatırlayanlar bilir, xatırlamayanların da yadına salaq – həmin ilin əvvəlində Türkiyə ilə Yunanıstan arasında «Kardak krizi» deyilən hərbi-siyasi böhran yaşanmışdı. 1995-ci il dekabrın 25-də Türkiyəyə məxsus «Figen Akat» gəmisi məcburən Egey dənizindəki Kardak qayalıqlarına çıxmalı olmuşdu. Yunanıstan gəmi qəzasının öz ərazisində baş verdiyini elan etdikdən sonra rəsmi Ankara adı çəkilən adaların Türkiyəyə məxsus olduğunu bəyan etdi. Yunanların adaya əsgər çıxarıb bayraq sancması isə «Kardak böhranı»nın əsasını qoydu.

Türkiyənin baş naziri Tansu Çillər «O əsgər gedəcək, o bayraq enəcək!» açıqlaması ilə, ABŞ-ın o vaxtkı prezidenti Bill Klintonun təbirincə desək, «20-dən artıq qoyunun otlaya bilməyəcəyi» adalar uğrunda savaşdan belə çəkinməyəcəkləri gerçəyini ortaya qoydu. Bir aydan artıq davam edən hərbi-siyasi böhrana 1996-cı il yanvarın 30-dan 31-nə keçən gecə 7 türk əsgərinin adaya çıxaraq yunan bayrağını endirməsi və türk bayrağını sancması ilə son qoyuldu. Tansu Çillərin «O əsgər gedəcək, o bayraq enəcək!» sözləri isə tarixin qızıl səhifələrinə yazıldı...

O vaxtlar bu hadisəni heyranlıqla izləmişdik. Bu, türk millətinin təkcə hər qarış torpağı uğrunda deyil, həm də şəhid qanları hesabına yüksəltdiyi bayrağı uğrunda hər şeyə hazır olmasının göstəricisiydi. Bu, hər bir müharibənin bayraqla simvollaşmasının əyani nümunəsiydi. Üzərindən 20 il keçməsinə rəğmən, olayın xatirələrimizdən silinməsinə izn verməyən Türkiyənin ilk qadın baş nazirinin məşhur ifadəsidir əslində - «O əsgər gedəcək, o bayraq enəcək!»

Üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul olunmasının 98-cü ildönümündə bu hadisəni xatırlatmağımız təsadüfi deyil. Pafosa gərək yox - bu gün işğal olunmuş Qarabağın adı çəkiləndə milliyyətindən, dinindən, dilindən, mənsəbindən, hətta əxlaqi-mənəvi keyfiyyətlərindən asılı olmayaraq, özünü Azərbaycan vətəndaşı sayan hər kəsin ürəyindən bu sözlər keçir.

Macarıstanda erməni zabitini öldürdüyünə görə ömürlük azadlıqdan məhrum edilmiş baş leytenant Ramil Səfərovun Azərbaycan prezidenti tərəfindən əfv olunması ilə bağlı polemikalarda səslənən yersiz ifadələrə qarşı yazdığım fikri burda bir daha təkrarlamaq zorundayam: Mübariz İbrahimov Azərbaycanın ilk kamikadzesi, Ramil Səfərov isə dövlət bayrağı uğrunda düşmən öldürməyi bacaran ilk azərbaycanlıdır. Bizi məhz bu amil qürurlandırmalıdır! Bunu anti-humanizm sayın, heyvan hüquqlarının tapdanması sayın – özünüz bilərsiniz. Amma mən nəhayət ki, millətimin öz bayrağı uğrunda düşmən öldürməyi bacarması ilə fəxr edirəm. Sevinirəm ki, daha Anadolu türklərinin bayraq sevgisinə həsəd aparmıram. Çünki bayraqları bayraq yapan təkcə üstündəki al qan deyil, həm də uğrunda tökülən qanlardır.

Bu bayrağı bizə 98 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti bəxş edib. Rəsulzadələrin, Topçubaşovların, Xoyskilərin əmanətidir üçrəngli bayraq. Azərbaycanda ali təhsilli şəxslərin barmaqla sayıldığı bir dövrdə millətimizin bir qrup aydını Azərbaycan adında yoxdan bir dövlət və bir bayraq yaratmışdı. Bu, həm də Şərqin ilk demokratik respublikası idi – evdə bişməmişdi, qonşudan gəlməmişdi. Adamlar aldıqları təhsil sayəsində təsəvvür etdikləri ən yaxşı idarəçilik formasını seçmişdilər. İki il sonra qurduqları dövlət işğal edilsə də, qaldırdıqları bayraq endirilsə də, xalq 23 ay ərzində daddığı İSTİQLALın tamını unutmadı və könlündə ucaldılmış bayrağı 70 il sonra yenidən layiq olduğu yerə sancdı. «Bir kərə yüksələn bayraq bir daha enməz!»

Sabah Azərbaycanda Dövlət Bayrağı günüdür. 

Bayrağımız və bayramımız mübarək! (lent.az)

 





09.11.2016    çap et  çap et