Böyük Britaniyanın Avropa İttifaqından çıxıb-çıxmayacağıyla bağlı referendum zamanı da belə olmuşdu. Sorğular Avropa İttifaqından çıxmanın əleyhinə olanların sayca çoxluğunu göstərirdi. Ancaq nəticə fərqli oldu. Çünki, qərar verməyənlərin gələcək rəyi nəzərə alınmamışdı. Bir də ki, seçkidə psixoloji amillər də öz rolunu oynayır. Tramp seçki kampaniyası zamanı ağlına gələni danışsa da, düşündüyünü deyirdi, siyasətçi kimi bir şeyi düşünüb, fərqli fikir demirdi. Bu da seçicilərin xoşuna gəlirdi. Üstəgəl amerikalı seçici görürdü ki, Tramp təklənib, Amerikanın bütün yazılı və çap mediası onun əleyhinə idi, digər tərəfdən o Klintonlar ailəsi və ona dəstək verən hazırki prezident Barak Obamaya, Hollivud və şou-biznes ulduzlarına qarşı tək savaşırdı. Görünür, seçici bu cür mübarizəni ədalətsiz saydığından və bəyənməsə belə seçki kampaniyası zamanı təklənmiş fiqura dəstək verməyə qərar verdi. Bununla da cəmi 17 ay əvvəl prezident seçkisində iştirak edəcəyini deməklə siyasətə baş vuran iş adamı prezident seçildi.