Vaxt.az-ın xəbərinə görə, «Elmi Biliklərin İnkişafına Kömək» İctimai Birliyi tərəfindən icra edilən layihə Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Layihənin məqsədi məktəblilərin ekoloji problemlərin təhlilinə cəlb olunaraq, bu sahədə bilik və bacarıqlarının artırılması və bu vasitə ilə gələcəkdə yaranacaq problemlərin qarşısının alınmasıdır. Layihə çərçivəsində seçilmiş 5 məktəbdən 9-11-ci siniflərində oxuyan 500-dək şagird maariflənməkdədir.
Layihə çərçivəsində Bakı şəhərində yerləşən 5 məktəbdə uşaqlar arasında ekoloji biliklərin və ətraf mühitin mühafizəsi ilə bağlı məlumatlılıq dərəcəsinin yoxlanılması üçün sorğu keçirilib. Sorğunun nəticələri layihəyə cəlb edilmiş yeddi nəfər mütəxəssis heyətindən ibarət işçi qrupunda müzakirə edilmiş və müvafiq tədbirlərin görülməsi planlaşdırılıb. İşçi qrupu müxtəlif vaxtlarda görüşlər keçirərək bitkilərin mühafizəsi, əhalinin sağlamlığının qorunması, Yerin təki, heyvanlar aləmi, ekoloji təhlükəsizlik, əhalinin ekoloji təhsili və maarifləndirilməsi, alternativ enerji mövzuları, milli parkların mühafizəsi haqqında müzakirələr edərək, ekoloji maarifləndirmənin davamlılığının təmin olunması məqsədilə yeni layihələr ətrafında müzakirələr aparıblar. Yeni layihələrin keçirilməsi ilə yanaşı, məktəblilər üçün ekoloji məlumatlandırıcı tədris vəsaitinin hazırlığı başlanıb. Vəsaitin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin müxtəlif dərnək üzvləri və digər məktəblilər arasında yayılması ilə məktəblilər ekoloji təhsil sahəsində maariflənəcək.
Ətraf mühit bəşəriyyətin ümumi və ən dəyərli sərvətidir, planetimizdə həyatın ilkin şərtidir, ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həll edilməsi davamlı inkişaf üçün vacib amillərdən biridir. Bir çox inkişaf etməkdə olan ölkələrdə olduğu kimi ölkəmizdə də ətraf mühitin mühafizəsi, resursların səmərəli və dayanıqlı şəkildə istifadə olunması ilə bağlı bəzi narahatlıqlar, problemlər mövcuddur. Bu baxımdan davamlı inkişaf respublikada ətraf mühitin qorunması və təbii resurslardan davamlı istifadəni tələb edir. Məhz bu səbəbdən «Sabah üçün əl-ələ!» fasiləsiz ekoloji təhsil üçün maarifləndirmə kampaniyasının təşkili layihəsinin icrası marağa səbəb olub.