Vaxt.Az

«Rafiq Əliyevin əleyhinə kompromatlar»


 

«Rafiq Əliyevin əleyhinə kompromatlar» Bu yazını hələ bir neçə gün öncə yazmaq istəyirdim. Amma əlim qalxmırdı. Daha doğrusu, ürəyim imkan vermirdi. Yıxılan ağaca balta vurmaq o qədər də yaxşı əməl sayılmır. Lakin elə məsələlər var ki, onu zamanında yazmalısan. Gələcək nəsillər yıxılan ağac və paslı balta haqqında səndən heç nə soruşmayacaqlar. “Vaxtında niyə ağzına su alıb oturmuşdun?” -deyib divara dirəyəcəklər.
Professor Rafiq Əliyevi yaxşı tanıyıram. Harda çalışdığından, nələr yazdığından xəbərim var. Onu da bilirəm ki, elmi əsərlərini xaricdə oxuyur, onunla hesablaşırlar. Bir ayağı elə Amerikadadı. Okeanın o tayını Biləcərinin bu tayına döndərib. 
Rafiq Əliyev də məni tanıyır. “Qafqazinfo” şəkilimi bu yazının kənarına yerləşdirsə, hörmətli professorun yadına düşəcəyəm. Tanınmış alimlə bir neçə dəfə görüşmüşük. Müxtəlif məsələlər barədə fikir mübadiləmiz olub. Yaddaşım məni aldatmırsa, iki-üç dəfə ondan müsahibə də götürmüşəm. Yerindəcə etiraf edim ki, Rafiq Əliyev maraqlı həmsöhbətdi. Ceyhun Musaoğlu və digər jurnalist həmkarlarım da bunu təsdiqləyə bilərlər. 
Müsahiblərimlə hər bir söhbəti mətbuata çıxarmağın marağında olmamışam. Amma bu dəfə yazmalıyam. Həmkarlarım məni bu əməlimə görə qınasalar belə. Deyirlər ki, susmaq qızıldı. Belə qızıl nəyimə lazımdı... Artıq susmaq mümkün deyil. Necə deyərlər, bıçaq sümüyə dirənib. Professor Rafiq Əliyev bir qrup şair-yazıçı ilə birləşib iqtidar əleyhinə fikir səsləndirir, radikal və ənənəvi müxalifətə işarə verir. Qışın bu oğlan çağında “Ərəb baharından” danışır. 
Şəxsi görüşlərimiz, söhbətlərimiz zamanı Rafiq Əliyev həmişə deyirdi ki, Etibar müəllim, oxumaq lazımdı, çalışın hər gün nəsə oxuyun. Professor deyirdi, mən də səbrlə qulaq asırdım. Deyə bilmirdim ki... 
Mən də oxumaq istəyirdim. Amma Səməd Səmədov kimi. İstəyirdim ki, mənə xalq artisti fəxri adını versinlər, pulum, bahalı avtomobillərim, bir neçə yerdə evim, bağım olsun. Xaricdən gətirilən itimi hər gün şampunla çimizdirim. Professor Rafiq Əliyev məni düz yolumdan döndərdi. İndi də düzdə qalmışam. Nə fəxri adım var, nə maşınım. Ev-eşik sahibi də deyiləm. Bahalı iti çimizdirmək nədi, heç öz başımı yumağa şampun tapmıram. Bu da hörmətli professorun mənə göstərdiyi doğru yol...
Rafiq Əliyev həmişə mənə deyirdi ki, heç kimə yaltaqlanmaq lazım deyil. Mən də bir müddət dəyərli alimin dediklərinə əməl edib heç kimə yaltaqlanmadım. Bir də ayılıb gördüm ki, nə işə, nə də evə vaxtında çata bilirəm. Çünki gözəlim məmləkətdə avtobus sürücüsünə də yaltaqlanmalısan. Yoxsa kimdi sənin üçün o boyda avtobusu dayanacaqda saxlayan...
Görüşlərimiz zamanı Rafiq Əliyev dünyanın ən ağıllı adamlarından sitatlar gətirirdi və deyirdi k, rüşvət verən də, rüşvət alan da bu dövlətin, cəmiyyətin sonuna çıxacaq. Mənə də məsləhət görürdü ki, rüşvət almayım və heç kimə də rüşvət verməyim. Dəyərli alimin müdrik məsləhətinə çox əməl etdim. Bəs sonda? Sonda nə olacaq, ətrafdakı insanlar məni lağa qoymağa başladılar. Barmaqla göstərib güldülər ki, ora baxın, bu adam elə bil lap Aydan gəlib. Ya da başı xarab olub. Nə rüşvət verir, nə də gül kimi rüşvəti alır. 
Rafiq Əliyev hər dəfə deyirdi ki, Etibar müəllim, çalışın yazı yazarkən obyektiv olun, doğru olanı yazın, medianın saflığına çalışın. Mən də bir müddət obyektiv oldum, doğru olanı yazdım, mətbuatın saflığına çalışdım. Amma nə oldu? Qəzetdə iki cümləlik başsağlığı yaza bilməyənlər mətbuatın başına gətirildi. Özlərini də satdılar, mətbuatın müstəqilliyini də. Özü də keçi qiymətinə. 
Professor Rafiq Əliyev mənə çox pislik edib. Hansını sayım? Elə yaxşı oldu ki, onu Neft Akademiyasında kafedra müdirliyindən çıxardılar. Akademiyanın rektoru Səyavuş Qarayevdən bu müdrik qərarı çoxdan gözləyirdim. Bilirdim ki, hörmətli rektor həmişə belə müdrik addımlar atır. Yadımdadı, onun rəhbərlik etdiyi Neft Akademiyasında müəllim və tələbələrin qətliamı baş verəndə Səyavuş müəllim necə də soyuqqanlılıqla və müdrikcəsinə arxasını çevirib olay yerindən getmişdi, heç tükü də tərpənməmişdi. 
Rafiq Əliyev çoxdan həmin vəzifədən azad edilməli idi. Sürücülər lap boğaza yığılmışdılar. Professor Rafiq Əliyevin rəhbərlik etdiyi kafedra metronun “28 May”
stansiyası ətrafında əməlli-başlı sıxlıq və tıxac yaradırdı, keçmək mümkün deyildi. 
Hər şeyi yazmaq olmur. Amma daha susmaq da mümkün deyil. Əslən Ağdamdan olan Rafiq Əliyev bu günə kimi ATƏT-in Minsk Qrupunun həmsədrlərinə Qarabağ problemini çözməkdə kömək etməyib. Amerikadan, Fransadan, Rusiyadan olan yazıq həmsədrlər günlərini səngərdə keçirir, Rafiq Əliyev isə Kaliforniyada, Parisdə, Moskvada mühazirə oxuyur. Mənə həmişə vətənpərvərlikdən danışan alimin bu hərəkətinə nə ad vermək olar? 
Belə hərəkətlərə yol verən professor Rafiqi Əliyev üstəlik Ziyalılar Forumu deyilən qurumda çıxış edir. Ziyalılar Forumu nə deməkdi? Tutaq ki, Əhəd Abıyev icra başçısıdı, tədbirə qatılıb fikirlərini bildirməyə zaman tapa bilmir. İndi o, ziyalı deyil? 
Ziyalılar Forumunda çıxış edən Rüstəm İbrahimbəyov, Ramiz Rövşən haqqında da kompromatlarım var. Onlar haqqında da yazacam. Təkcə Rafiq Əliyevlə iş bitmir ki...
 





15.11.2011    çap et  çap et