«Pew Research Center»in araşdırmasına görə, amerikalı seçicilərinin 84 faizinin maraq dairəsini iqtisadi vəziyyətlə bağlı suallar təşkil edib.
Buna da əsas verən məqam o imiş ki, 2008-2016-cı illərdə orta amerikalının maddi durum səviyyəsi arzu olunacaq səviyyədə olmayıb. Belə ki, 2015-ci ilin yekunlarına görə, orta median ailənin illik gəliri 56,52 min dollar təşkil edib. Bu, 2007-ci il göstəricisindən ($57,42 min) azdır. 43 milyon amerikalı 2015-cı il statistikasına görə, bu səviyyədə gəlirə çata bilməyib, yəni kasıb sayılırlar. Tramp isə varisliyə görə vergini ləğv etmək istədiyini, fiziki şəxslər üçün maksimal vergilərin 39,6 faizdən 33 faizədək endiriləcəyini seçicilərinə söz verib.
Donald Tramp bütün əhali kateqoriyası üçün vergi yükünün azaldılmasını öz proqramına salıb və təbliğatının ana xəttinə çevirmişdi: ən aşağı gəlirlilər üçün (illik gəliri 23 min dollardan çox olmayan) vergilər 0,9 faiz azaldılsın, ən varlı təbəqə üçün isə 11,5 faiz. Varlılar təbəqəsi isə ABŞ vergiödəyicilərinin 2 faizini təşkil edir.
Tramp həmçinin bəyan edib ki, ölkədən şirkətlərin vergi ödəyicisi kimi çıxaraq daha münbit şəraitli ölkələrdə qeydiyyata düşməsini və bununla da ölkənin milyardlarla vəsaitdən məhrum olmasının qarşısını almaq üçün ən yaxşı yol mənfəət vergisinin azaldılaraq həmin ölkələrlə rəqabətədavamlı səviyyəyə çatdırılmasına nail olmaqdır. Bu məqsədlə Tramp biznes üçün mənfəət vergisini indiki 35 faizdən 15 faizə qədər endirməyi təklif edir ki, iri biznes İrlandiyaya və Böyük Britaniyaya «köç» etməsin.
Ancaq Tramp həmçinin Meksika və Çindən ABŞ-a idxal olunan mallara qarşı vergi rüsumlarının tərəfdarıdır. Bununla o yerli istehsalın tərəfdarı olduğunu nümayiş etdirmək istəyir və həmçinin miqrantların ölkədən çıxarılması vasitəsilə ölkədə saysız-hesabsız iş yerlərinin yaradılması ideyasının da faydasından danışır.
Bəs reallıq nəyi göstərəcək? Seçicilər öz həyatlarını dəyişmək üçün iş adamını prezident kürsüsünə qaldırmaqla ondan lazımi iş və məvacibi ala biləcəklərmi?