Bu məsələni parlament tribunasından dəfələrlə qaldıran deputat Zahid Oruc Modern.az-a açıqlama verib. O deyib ki, bu bir ailə faciəsidir, eyni zamanda Azərbaycan vətəndaşları ilə bağlı baş verdiyindən millətimiz üçün itkidir:
«Hər birimiz bundan ötrü narahatlığımızı bildiririk. Qeyd etdiyiniz məsələnin həm də hərbi-təhlükəsizlik tərəfi var. Azərbaycan dövləti onda maraqlıdır ki, ailələr öz övladlarını könüllü şəkildə orduya xidmətə göndərməklə bir tərəfdən onların təhlükəsizliyini qoruduqlarını, o biri yandan vətənin mənafeyi üçün vuruşduqlarını ortaya qoysunlar. Bu məsələ parlamentdə dəfələrlə qaldırılıb. Problem ondadır ki, müharibə şəraitində ailələr yaşlarının kamil dövründə övladlarını xidmətə yola salırlar və hərbi şəraitdə, döyüş vəziyyətində həyatlarını itirirlərsə, o ailələr gələcək davamçılarından məhrum olurlar.
Həmin vaxt ailələrin yeni bir övlad dünyaya gətirmək imkanları olmadığından o qan, o gen sanki itir, zəncir qırılır və dediyiniz kimi faciəyə yol açır».
Deputat məsələyə aydınlıq gətirərkən, daha çox oğlu olan ailələrə haqsızlıq edilməməsi gərəkdiyini xüsusi vurğulayıb: «Problemi qeyd edərkən, «Azərbaycan 2 və 3 oğul övladlarının vətənidir» kimi mənzərəni yaratmış olur. Belə çıxır ki, daha çox sosial yük götürən, övladlar böyüdən insanlar uşaqlarının sayı çox olduğu üçün günahkardırlar, vətən yalnız onların çiynində dayanmalı və xidmətə onlar yollanmalıdır. Əgər onlardan hər hansı biri dünyasını dəyişirsə, faciə deyil, çünki yerdə biri və ya ikisi qalır. Ümumilikdə belə çox ağır nəticə ortaya qoymuş olarıq.
Nazirlər Kabinetinin xüsusi bir təlimatı vardı ki, tək uşaqlar ön cəbhəyə göndərilməsinlər. Tam arxa cəbhədə də qulluq etməsinlər. Sonra bu müddəa tamamilə aradan qalxdı. İndi qeyd etdiyimiz kimi şahidiyik ki, ailənin tək övladı döyüşə yollanıb və dünyasını dəyişib. Belə olan vəziyyətdə parlamentə çox sayda müraciətlər daxil olub, eyni zamanda mediada haqlı narazılıqlar yaranıb.
Düşünürəm ki, burada digər bir çətinliyi nəzərə almalıyıq. Azərbaycanda ailə planlaşdırılması , xüsusilə də məlum qurğuların sayəsində elə vəziyyətə gəlib ki, bir çox evlərdə tək oğul övladı var. Belə ailələrin sayı on minlərlədir. Güzəşt tətbiq olunacağı təqdirdə yarana biləcək mənzərəni göz önünə gətirə bilərsiniz.
Bildiyiniz kimi bir övlad çox əzizlənir, həyat problemlərindən kənarda saxlanır və o natamam böyüyür. Onlar hərbi xidmətdən də tamamilə kənarda saxlansalar nəticəni müəyyən etmək heç də çətin deyil.
Məsələyə daha geniş kontekstdə yanaşsaq, əsas məqsəd insanlarımızın təhlükəsizliyini qoruyub saxlamaqdır. Mənim qənaətim budur ki, qanunvericiliklə qaydasında deyil, bilavasitə hərbi çağırışla bağlı normativ aktlarda dəyişiklik etmək etmək olar. Evin tək oğulları aralıq dövrdə bilavasitə ön cəbhədə xidmətdən kənarda tutulsunlar. Amma onu da qeyd edim ki, müharibə hamı üçündür. Belə olan təqdirdə məncə problem çözülmüş olar. Evin tək oğluna güzəşt tətbiq etmək, xidmətdən tamamilə azad etmək çətin problemlər yarada bilər».