Vaxt.Az
«Qəddafini necə ələ keçirməli?»
Hamı əl-qolunu çırmayıb Qəddafini axtarır. Bir vaxtlar ümummilli lider kimi Liviyanı barmağına dolayan Qəddafi bu gün ümummilli qaçaq kimi bütün dünyanı elə bir yerinə sarıyıb ki, deyiləsi mümkün deyil. Əndrabadi qərarları ilə seçilməyi xoşlayan, çiyinlərinə general paqonları vurub polkovnik çağırılmasını tələb edən, “Liviyada sona qədər döyüşən igid kişilər çoxdu”-deyib canının mühafizəsini cananlara tapşıran, müğənni Rəqsanə qədər plastik əməliyyat keçirən Qəddafi çadırını da vurub qoltuğuna gizlənib.
Səhər tezdən ölüm xəbəri gəlir, günorta Əlcəzairə qaçdığını oxuyursan. Axşam isə səsi radiodan eşidilməyə başlayır. Deyir ki, sağam, qoy bir özümə gəlim, görün başınıza nə oyun açacam. Deyilənə görə, sonuncu radio çıxışında lap əsəbiləşib. Guya deyib ki, dünən mənim dəvəmi otaran bu gün mənimlə bərabər olsun? Mən belə bərabərlik tanımıram!
Nə isə, bu Qəddafi 500 qram yağlı əppək olub çəkili göyə. Gördüm deyən tapılmır ki, tapılmır. Bir yandan baxanda onu axtaranları da qınamaq olmur. Kimi, nəyi axtarırsansa gərək onun adını dəqiq biləsən. Buna gah Qəddafi deyirlər, gah Qəzzafi. Yəqin elə bu məsələ onun tapmaqda çətinlik yaradır. Müəmmər də iki soyadla şpaqat açıb oturub. Nə bu dünyaya gəlir, nə də o dünyaya gedir.
Dovşanı “Hammer”lə tutmağa öyrəşən Amerikanın Qəddafini ələ keçirmək planı var yəqin. Onu necə yaxalayacaqlarını deyə bilmərəm. Çünki ingiliscə bilmirəm. Nə olsun ki, 10 gün Amerikada qalmışam... Qəddafini saxlayıb özümdən danışım. Mənim okeanın o tayına getməyim ABŞ-a düşərli oldu. Aviabiletim sifariş verilən gün illərdi axtarılan Bin Laden öldürüldü. İndi də bir bilet sifariş versələr, Qəddafi ələ keçər yəqin. Amma bu sonranın işidi. Gəlin birlikdə Qəddafini axtaraq.
“Ağ Ev”də, Pentaqonda oturub çay içə-içə Qəddafini axtaranlara bir neçə məsləhətim var. Hər halda məsləhətli şalvar gen olar. Mənim Qəddafi ilə problemim-zadım yoxdu. Sadəcə, tərəqqipərvər bəşəriyyətin üzvü kimi onun yaxalanmasını istəyirəm. Onu da öncədən deyim ki, mənim təklif etdiyim variant o qədər qəliz deyil.
Deməli belə. Amerika hökuməti də, Liviya xalqı da, Siyəzən, Quba, Lənkəran, Şəki, Zərdab camaatı da deyir ki, Qəddafini tapa bilmirik. Mən də bilirəm tapa bilmirsiz. Tapılsaydı göz qabağında olardı və hamı da görərdi... Amma burda bir məsələ var. Qardaşlar, bu Qəddafi qıvlasız ququlu deyil ki, təkcənə gizlənə. 40 il Liviyanın ümummilli lideri olub. 4 “PAZ” avtobusuna sıxacaq qədər qohum-qardaşı olub. İndi yan-yörəsində yəqin ki, 10-15 qohumu-filanı qalıb. Məncə, indiki vəziyyətdə Qəddafini yox, məhz həmin adamları axtarıb tapmaq lazımdı.
Tutaq ki, yanındakı oğlanlarından birini tapmaq mümkün oldu. Amerika hökuməti dərhal hərəkətə keçməlidi. Silahla yox e, başla. Həmən ona bir vəzifə verirsən. Deyirsən ki, oldun vergilər naziri. Əmisi oğlunu tutanda ona başqa bir vəzifə vəd edirsən. Deyirsən ki, gələn parlament seçkilərində səni qutudan çıxarıram, olursan qəşəngcənə deputat. Qəddafinin yanındakı bibisi nəvəsinə bələdiyyə sədri kreslosu söz vermək olar. Qoy gedib dolansın. Bacanağının sürücüsü pis oğlan deyil, 73 dil bilir. Ticarət nazirinin birinci müavini işləyə bilməz? Həmişə Qəddafinin yanında olan, sinif yoldaşına da bir iş tapılar. Onsuz da iki rayonun icra başçısı yeri boşalmaq üzrədi. Təhsil naziri də camaatı lap boğaza yığıb. Dəvəsinə qulluq edən həkimi isə Mozambik dövlət televiziyasına sədr göndərmək pis olmaz.
Qəddafinin qohum-qardaşı da vəzifə, möhür, katibə, xidməti maşın, rəngbərəng telefonların adını eşidən kimi ümummilli qaçağın yerini xəbər verəcəklər. Gizləndiyi məkanı öyrənincə tutmağa nə var ki... Elə ki, ələ keçdi, məsələni tez həll edirsən, xoşladığı, həmişə yanında gəzdirdiyi çadırında da yas mərasimi qurursan, qurtarıb gedir.
Qəddafini axtaranlar məsləhətimə qulaq assalar yaxşı olar. Yoxsa bu Qəddafi bizi hələ çox dolayacaq. Özü də elə yerinə dolayacaq ki...
27.08.2011 çap et