Dövlət başçısı gənclərə şərəfli peşə seçdiklərini bildirib: «Siz hərbçi peşəsini seçmisiniz. Çox şərəfli peşədir. Bu peşə ölkəmizə lazımdır, dövlətimizə lazımdır. Bax bu ərazi işğal altında idi. 1994-cü ildə Azərbaycan Ordusu uğurlu hərbi əməliyyat keçirərək bu ərazini və Füzuli rayonunun digər ərazilərini işğalçılardan azad etmişdir. İndi bu ərazilərdə binalar, qəsəbələr salınır, inkişaf gedir və bu, ölkəmizin gücünü göstərir. Biz işğaldan azad edilmiş ərazilərdə belə yüksək səviyyəli şərait yarada bilmişik».
İlham Əliyev vurğulayıb ki, ordumuzun gücü ilk növbədə ordumuzda hökm sürən vətənpərvərlik ruhundadır: «Döyüş qabiliyyətimiz də buna bağlıdır, Vətən sevgisi də buna bağlıdır. Hər bir Azərbaycan gənci, hər bir vətəndaş vətənpərvər olmalıdır, Vətəni hər şeydən çox sevməlidir və Vətən uğrunda qəhrəmanlıq göstərməlidir. Bizim ordumuz belə ordudur, bizim hərbçilərimiz belə hərbçilərdir. Biz ordumuzla, hərbçilərimizlə fəxr edirik.
Sizin qarşınızda çox gözəl nümunələr var. Bu gün Lələtəpə ərazisində olarkən düşmənlə üz-üzə dayanan hərbçilərlə görüşərkən bir daha gördüm ki, bizim gənclərimiz nə qədər vətənpərvərdir, peşəkardır, Vətənə bağlıdır. Peşəkarlıq, nizam-intizam, vətənpərvərlik, döyüş qabiliyyəti - bu bizim böyük üstünlüyümüzdür. Bu gün düşmənin istənilən hədəfini məhv etməyə qadirik. Aprel döyüşləri bir daha ordumuzun gücünü göstərib. Biz ordumuzla fəxr edirik. Şəhidlərimiz Vətən uğrunda qan töküb. Biz işğala son qoymalıyıq və qoyacağıq».