Vaxt.Az
«Suriyaya hərbi müdaxilə»
Münaqişə yeni miqyas alır
Ağ Ev Senatın Xarici əlaqələr komitəsinin Suriya ilə bağlı qətnaməni qəbul etməsindən sonra ölkəyə hərbi müdaxilə olacağına heç bir şübhə qalmır və bu müdaxilənin sentyabrın sonlarına qədər başlayacağı ehtimalı böyükdür.ABŞ Konqresinin belə bir qərar qəbul etməsinə gəldikdə isə əslində bu, gözlənilən idi. Çünki qərarın qəbul edilməməsi beynəlxalq aləmdə ABŞ-ın qərarsızlığı kimi qiymətləndirilə bilərdi.
Konkret olaraq hərbi müdaxilənin başlanmasına gəlincə isə bu, regiondakı Türkiyə-ərəb blokunun Suriya-İran- Hizbullah-İraq blokuna qarşı mübarizəsindən başqa bir şey deyil.
Bir çox siyasi analitiklər Suriyaya hərbi müdaxilə planının İraq ssenarisi ilə eyni olduğunu bildirirlər. Lakin hər iki plan arasında oxşar cəhətlərin olmasına baxmayaraq fərqləndirici xüsusiyyətlər daha çoxdur.
Ən azından ona görə ki , İraqda bir çox qonşu dövlətlərin maraqlarının olmasına baxmayaraq , aktiv mübarizə koalisiya qüvvələrinin ölkəyə girməsi və Səddam Hüseyn rejiminin süqutu ilə başladı. Suriyada isə münaqişə başladığı gündən etibarən, qonşu ölkələrin, yəni, Türkiyənin, İranın, Səudiyyə Ərəbistanının, Rusiyanın, İraqın, habelə radikal islamçı qrupların maraqlarının toqquşmasının və aktiv mübarizənin şahidi olduq.
"Ərəb baharından" ilham alaraq, Bəşşar Əsəd hakimiyyətinə qarşı aparılan mübarizə ölkə ərazisinə radikal islamçı qrupların axını ilə öz məcrasını dəyişdi. "Hizbullah"ın Suriyaya münaqişəsində bu ölkənin hakimiyyətinə dəstək verərək müxaliflərə qarşı döyüşməsi isə münaqişənin yönünü tam dəyişərək onu məzhəblərarası münaqişəyə çevirdi ki, bu da əslində regionda ən çox iki dövlətin - İsrailin və Səudiyyə Ərəbistanının maraqlarına xidmət edir.
Çünki 2008-ci ildə Qəzzada İsrailin "Həmas"a qarşı keçirdiyi hərbi əməliyyatlara "Hizbullah"ın "Həmas"a dəstək verəcəyi və bununla da qismən zəifləyəcəyi ilə bağlı gözləntilər özünü doğrultmadı.
Əksinə, "Hizbullah"ı zəiflətmə planının baş tutması üçün bu gün Suriyada ən münbit şərait var. Çünki bu dəfə ona qarşı İsrail ordusu deyil, heç bir qayda qəbul etməyən "Əl Qaidə" terror təşkilatı mübarizə aparır.
Suriya rejiminə dəstək verməyi müqəddəs borc hesab edən "Hizbullah" yarandığı tarixdən bu günə qədər ən böyük siyasi səhvə imza atdı. Belə ki, "Hizbullah" həm Suriyani, həm də Livanı məzhəblərarası münaqişə girdabına saldı.
Lakin bu, Suriyaya hərbi müdaxilənin "Hizbullah" təşkilatını tam zəiflədəcəyi demək deyil. Lakin məhz hərbi müdaxilənin gedişində "Hizbullah" yaraqlılarının Suriya ərazisini tərk edəcəkləri gözlənilir.
Suriyaya ediləcək hərbi müdaxilə zamanı ehtiyat edilən məqamlardan biri də İranla cəbhənin açılmasıdır ki, bu, bir o qədər inandırıcı deyil. Çünki Suriya münaqişəsində aktiv tərəflərdən biri olan Ankaradan fərqli olaraq, Tehranın manevr imkanları daha çoxdur.
Bir çox ekspertlər İran Parlamentinin 170 nümayəndəsinin Suriya hakimiyyətini dəstəkləyərək hərbi müdaxiləyə qarşı mübarizə etməyə hazır olduqlarını bəyan etmələri və sabiq prezident Haşımi Rəfsəncaninin Əsəd əleyhinə bəyanatla çıxış etməsini İranda Suriya məsələsində parçalanmanın olması kimi qiymətləndirirlər. Lakin bunun heç də belə olmadığı tamamilə aydındır. Əslində İrandan məsələyə ikili münasibət Qərbə açıq ismarıcdır. Dolayısı ilə Qərb İranla ya Suriyada toqquşmalı, ya da İranın nüvə proqramında Tehrana kompromisə getməlidir.
Suriyaya hərbi müdaxilənin ən çox təsir edəcəyi ölkələrdən biri isə məhz Türkiyə olacaq. Məlumdur ki, bir çox müsəlman ölkələrində müxalifət arasında Suriya məsələsində parçalanma olmasına baxmayaraq, Türkiyədən fərqli olaraq müxalifət bu kartdan ölkə hakimiyyətinə qarşı istifadə etmir.
Bu gün Türkiyədə mövcud olan real vəziyyət, müxalifətin Suriya məsələsinə münasibəti bu ölkəyə hərbi müdaxilənin Türkiyədə ən yaxşı halda siyasi təlatümlərə səbəb olacağını söyləməyə əsas verir.
05.09.2013 çap et