Amerika xalqı bütün dünyaya (hamımıza) çağırış edib başa saldı: oturub «Niyə, Hillari xanım uduzdu?!» məyusluğunu çəkməkdənsə, «Niyə, Donald bəy uddu?!» - vacib ictimai əhəmiyyətli sualın ətrafında düşünmək lazımdır.
Bu saat dəbdə olan sözlər budur ki, kimin prezident seçilməsindən asılı olmayaraq ABŞ-ın siyasəti dəyişmir, ABŞ siyasətini bu ölkənin prezidentləri müəyyən etmir, bunu ümumi ictimai-siyasi sistem edir və s... Gülməli qədər absurd yanaşmalardır. Elədirsə və belə əhəmiyyətsizdisə, prezident, onun administrasiyası nə üçündür? Bütün bu seçkilər və seçki ətrafı qovğalar nə üçündür?
Aşağıda Trampın prezidentliyinin ilk 100 gün ərzində ABŞ daxili və xarici siyasətində aparacağı radikal və qətiyyətli dəyişikliklər barədə bəzi maraqlı məqamları diqqətinizə çatdırım.
Vaşinqtonun (dövlət idarəçiliyi) «təmizlənməsi» barədə
- Konqresmenlərin müddət sayına limit qoyulması. (Yəni məsələn, deputat 2 dəfədən artıq seçilə bilməz);
- İstefaya çıxmış Ağ Ev əməkdaşları və konqresmenlərin lobbiciliyinə qadağa. - Büdcə təşkilatları və işçiləri sayının artırılmasına qadağa və ümumiyyətlə, azaldılması tədbirləri.
Amerika işçilərinin müdafiəsi barədə
- ABŞ-ın NAFTA (Kanada-ABŞ-Melsika) və Sakit Okean hövzəsi TPP (12 dövlət) azad ticarət müqavilələrindən birtərəfli çıxması;
- Çin dövlətinin «valyuta manipulyatoru» (dələduzu) elan edilib, Çindən gələn mallara 45 faiz rüsum qoyulması;
- Beynəlxalq müqavilələrdəki ABŞ fəhlə-əməkdaşlarına ziyanlı olan bütün məqamların aşkarlanıb ləğv edilməsi;
- 50 trilyon(!!!) dəyərində ABŞ enerji daşıyıcılarının hasilatına (neft, qaz və kömür) olan məhdudiyyətin, yeni iş yerləri açılması ilə paralel, götürülməsi. (Qeyd edim, bununla dünya bazarında neftin qiyməti 8 dollara düşə bilər!);
- BMT-nin iqlim dəyişikliyi proqramına çoxmilyardlı ödənişin ləğvi, vəsaitin ABŞ su infrastruktur və ətraf mühitinə yönəldilməsi.
Təhlükəsizlik və qanunun aliliyi barədə
- Obamanın bütün konsitusiyadankənar qərar, memorandum və əmrlərini ləğv etmək;
- Qeyri-leqal emiqrantları təqib etməyən Nyu-York, Vaşinqton, Çikaqo və s. kimi şəhərlərin federal maliyyələşmə ləğvi;
- 2 milyondan çox, qanunları pozmuş miqrantın deportasiyası və onları geriyə qəbul etməyən ölkələrə viza qadağası;
- Terroristlərin təsir dairəsi güclü olan bütün ölkələrdən miqrant qəbulunun dayandırılması. Ölkəyə bütün gələnlərin ciddi nəzarətdən keçirilməsi.
Yeni qanun ideyaları
- iqtisadi artımı 4 faiz, işçi yerlərini 25 milyon artıran iqtisadi planın qəbulu;
- Özəl-dövlət əməkdaşlığı vasitəsi ilə ölkənin infrastrukturu proyektlərinə 1 trilyon dollar yönəldilməsi;
- Barak Obamanın məşhur səhiyyə reformasını («Obamacare») ləğv etmək;
- Uşaq bağçalarına və yaşlıların qayğısı-qulluğuna xərc edən ailələrin vergi ödəyiciliyinə güzəştlər;
- Təhsil sistemini elə dəyişmək ki, bütün valideynlər övladlarını istənilən tipli məktəblərə göndərə bilsinlər. Təhsil standartları qoyan federal qanunu ləğv etmək;
Tramp eləcə də, daxili və xarici təhlükəsizliyin gücləndirilməsinə və hərbi büdcənin artırılmasına yönəlik ayrıca qanunların qəbuluna söz verib.
Göründüyü kimi, nəhəng, ağır dövlət üçün riskli qədər fərqli, kəskin dönüşlü proqramdır. Böyük ağır maşınlar isə kəskin dönüşdə adətən aşır. Amma ki, görünür, xalq da uzun müddətdir, yorucu idarəçilikdən sonra fərq və yenilik istəyib. Və Trampın bütün mənfilik və qəribəlikləri içərisində müsbət çalarlar axtarıb... Və tapıb.