Vaxt.Az

AİB-lə Azərbaycan arasında «ticarət forumu»


 

Vençay Janq niyə yerli vətəndaş cəmiyyəti ilə görüşmür?

AİB-lə Azərbaycan arasında «ticarət forumu» Son zamanlar Azərbaycan hökumətinin beynəlxalq maliyyə kredit təşkilatları ilə təmasları artıb. Mayın 23-24-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub, rəsmilərlə və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirib. Sentyabr ayının 19-da Dövlət Neft Fondu tərəfindən AYİB-in idarə etdiyi Səhm İştirak Fonduna 100 milyon avro məbləğində sərmayə yatıracağına dair məlumat yayılıb.

Bir müddət əvvəl, oktyabrın 6-7-də Azərbaycan Respublikasının maliyyə nazirinin rəhbərliyi altında Maliyyə Nazirliyi, Dövlət Neft Fondu və «Cənub Qaz Dəhlizi» QSC-nin nümayəndələrindən ibarət heyət ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun illik toplantısında iştirak edib, ikitərəfli və çoxtərəfli görüşlər keçirib, danışıqlar aparıb. 

Dünən isə Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janqın Azərbaycana gəlib, prezident İlham Əliyevlə görüşüb. ADB rəsmisinin səfəri bu gün də davam edəcək. Mətbuata açıqlanan məlumat görə ki, səfər zamanı V.Janqın Azərbaycan hökumətinin rəsmiləri ilə görüşərək Azərbaycan ilə AİB arasında əməkdaşlıq perspektivlərinin müzakirə edəcək. Asiya İnkişaf Bankı Azərbaycanda fəaliyyətə başladığı 1999-cu ildən ötən dövr ərzində ölkə iqtisadiyyatına 2,8 milyard dollar məbləğində sərmayə yatırıb. Ötən ildən başlayaraq ADB ilə Azərbaycan arasında kredit əməkdaşlığı ən yüksək zirvəyə çatıb, nəticədə son bir ildə Asiya İnkişaf Bankının Azərbaycanda sərmayələri 3 dəfə artıb. Hesablamalar göstərir ki, kredit əməkdaşlığı bu sürətlə davam edərsə Azərbaycan AİB-nin Çin və Hindistandan sonra ən böyük tərəfdaşı ola bilər. Belə ki, cari ilin yayında ADB Azərbaycanda elektrik enerjisi şəbəkəsinin daha da inkişaf etdirilməsi üçün 750 milyon. ABŞ dolları məbləğində çoxtranşlı kredit proqramını təsdiqləyib, hazırda «Şahdəniz 2» layihəsi üçün nəzərdə tutulan 1,5 milyard dollarlıq kreditin ayrılır. Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın Azərbaycana hazırkı səfərinin əsas məqsədlərindən biri də «Cənub Qaz Dəhlizi» və «Şahdəniz» kimi mühüm layihələrə də dəstək 

istiqamətində müzakirələr aparmaqdır. Bundan əlavə ADB tərəfindən büdcəyə dəstək proqramı çərçivəsində də vəsaitin ayrılır. Azərbaycan hökuməti ilə əməkdaşlığın belə sürətlə genişlənməsinə baxmayaraq, Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq Bakıya səfəri zamanı yalnız rəsmilərlə görüşür, onun yerli vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşü planladırılmır. Hətta Asiya İnkişaf Bankının Bakı ofisinə yeni təyinat alan Nəriman Mannapbekov fəaliyyət göstərdiyi 6 ay ərzində 1 dəfə də olsun yerli QHT-lərlə və mətbuatla görüşüb, təmsil etdiyi Bankın Azərbaycanda genişlənən fəaliyyətindən məlumat belə verməyib. Bağlı qapılar arxasında aparılan görüşlərdə isə yalnız rəsmi mətbuat iştirak edir. 

Əgər Asiya İnkişaf Bankının birtərəfli qaydada Azərbaycan hökuməti ilə «ticarət forumu» şəffafdırsa, onda nədən bu barədə vətəndaş cəmiyyəti institutları məlumatlandırılmır, yerli QHT-lərlə məsləhətləşmələr həyata keçirilmir? Bəlkə bu forumun arxasında gizli məqamlar var? Çox təəssüf ki, bu qədər sürətlə artan kredit əməkdaşlığına dair geniş məlumat yoxdur.

 





15.11.2016    çap et  çap et