«Aqrarkredit» özü nədir ki, ölkənin əsas problemlərindən biri olan Beynəlxalq Bankın kreditlərini qaytarsın? «Aqrarkredit»in necə yaranması haqda qısa məlumat verim ki, kimliyi bəlli olsun.
2000-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycan Səhmdar Kommersiya Aqrar-Sənaye, Səhmdar İnvestisiya və Əmanət Bankları ləğv edilmişdi. Onların bazasında indiki Kapital Bank və bu Aqrarkredit yaradılmışdı. Bu zaman Kapital Bank ləğv edilən 3 bankın «sağlam aktiv və öhdəliklərinin birləşməsi hesabına», «Aqrarkredit» isə «problemli borclarının və öhdəliklərinin» bazasında yaradılmışdı. Arnold Şvartsenegger və Denni De Vitonun baş rolları ifa etdikləri məşhur «Əkizlər» filmi yadınızdadır? Orada Şvartseneggerin qəhrəmanına atalarından ən yaxşı genlər, De Vitonun qəhrəmanına isə tullantılar nəsib olmuşdu. Eyni ilə Kapital Banka da 3 bankın sağlam əmlakı, «Aqrarkredit»ə isə zir-zibil çatmışdı. Bu mənada «Aqrarkredit» zibillikdən yaranmış qurumdur. Bir var kişiqırığı, bu da «bankqırığı»dır.
Nazirlər Kabinetinin sözügedən qərarı çox savadsız tərtib olunmuşdu, amma vaxtınızı uzun-uzadı hüquqi təhlillə almaq istəmirəm («Azərbaycanın bank hüququ» kitabımda bu barədə yazmışam). Bircə onu deyim ki, ləğv edilən 3 bankın səhmdarları Kapital Bankda və «Aqrarkredit»də öz paylarını tələb edirdilər. Həmin səhmdarlar sırasında hətta SOCAR-ın da qurumu var idi və həmin qurum şikayət edərək Konstitusiya Məhkəməsinədək çatmışdı. Lakin Konstitusiya Məhkəməsi bu hüquqi dərəbəyliyə 14 dekabr 2006-cı il tarixli növbəti qanunsuz qərarı ilə yekun vurmuşdu. Həmin qərarda Beynəlxalq Bankın Hüquq Departamentinin nümayəndəsinin də cəfəng və gülməli, qərara haqq qazandıran rəyi var. Düz 10 ildən sonra isə Beynəlxalq Bankın özü də zir-zibilini yaranmasına haqq qazandırdığı «Aqrarkredit»in üzərinə atır.
Siz «Əkizlər» filminin hansı qəhrəmanı olmaq istərdiz? Yəqin ki, Şvartseneggerin ifa etdiyi qəhrəmanı. Amma Azərbaycan məmurlarının və bankirlərinin çoxu De Vitonun qəhrəmanı olmağa üstünlük verərdi. Təsəvvür edin ki, dövlət banklarının problemli borcları bazasında qurum yaradılır, sizi də ora rəhbər təyin edib deyirlər ki, bacardığın qədər qaytar bu borcları. Sonra da sizinlə heç kəs maraqlanmır, maraqlananları da maraqlandırmağın yollarını yaxşı bilirsiz. Odur ki, başınızı aşağı salıb işləyirsiz, kreditləri guya qaytara bilmirsiz, amma paralel varidatınız artır, başqa bir bank və digər bizneslərə də sahib olursuz.
15 ildən sonra isə daha iri dövlət bankının da zir-zibilini sizə (təcrübəli peşəkar kimi) həvalə edirlər. Bundan yaxşı daha nə ola bilər axı? Tullantıdan yaranmışdan kim nə tələb edəcək ki? İndiyə kimi tələb edən olub ki?
Odur ki, əlinizi üzün Beynəlxalq Bankın problemli kreditlərindən. Azərbaycanda iri kreditlərə görə cəzalandırmırlar. Amma nəbadə borcunuz kiçik ola, dərinizə saman təpərlər. İstəyirsizinizsə sizə dəyməsinlər, qırıq olun, tam olmayın. Məsələn, kişiqırığı və ya «bankqırığı»...