Qəzetin Moskva müxbiri Roland Olifant yazır ki, bu danışıqlar Rusiyanın Yaxın Şərq boyunca öz nüfuz dairəsini genişləndirməyə çalışdığı bir vaxtda baş verir.
Məqalədə deyilir ki, Rusiya Federasiya Şurasının təhlükəsizlik və müdafiə komitəsinin rəhbəri Viktor Ozerovun dediyinə görə danışıqlar hazırda davam edir və razılaşma üçün yaxşı zəmin hazırlanıb.
Ozerov sazişin təfərrüatlarına varmasa da, deyib ki, satılan silahların arasında Rusiyanın T-90 tankları da olacaq.
«The Telegraph» yazır ki, İranla Qərb arasında tarixi nüvə razılaşmasının ardınca Tehran üzərindən bir sıra beynəlxalq embarqolar qaldırılıb, lakin 2020-ci ilədək İrana satılacaq adi silahlar barədə bütün sazişlər BMT tərəfindən təsdiq edilməlidir.
Məqalədə deyilir ki, bu, İranla bütün silah sazişlərinin icrasını əngəlləyə bilər.
Elə Ozerovun özü də etiraf edib ki, ABŞ və onun müttəfiqləri bu silahların İrana çatdırılmasını bloklayacaqlar, lakin Rusiya bu istiqamətdə danışıqları davam etdirəcək.
Qəzet xatırladır ki, bundan əvvəl Rusiya İrana çoxdan vəd etdiyi S-300 raketdən müdafiə sistemini çatdırmışdı.
Moskva S-300 sistemini İrana hələ 2007-ci ildə verməliydi, lakin 2010-cu ildə Qərbin təzyiqi bu göndərişi dayandırmışdı.
Amma İranla dünyanın 6 gücü arasında keçid sazişi imzalandıqdan sonra prezident Putin S-300 sisteminin İrana göndərilməsinə sərəncam vermişdi.
S-300 sisteminin ilk dəstləri Tehrana ötən avqustda təqdim olunub və Ozerovun dediyinə görə bu silahın bütün komponentləri bu ilin sonunadək İrana çatdırılacaq.
«The Telegraph» yazır ki, Rusiya valyuta əldə etmək üçün silah satışına ciddi diqqət verir.
Bir il bundan əvvəl Rusiya və Çin arasında 2 milyard dollarlıq silah sazişi imzalanıb. Bu sazişə əsasən Moskva Pekinə 24 təkmil SU-35 hərbi təyyarələri satmalıdır.
Lakin «The Telegraph» qeyd edir ki, Moskva və Tehran arasında hərbi sahədə belə sıx əməkdaşlıq Putinlə ABŞ-da prezident seçilmiş Donald Tramp arasında ilk fikir ixtilafına səbəb ola bilər.
Donald Tramp Qərblə İran arasında əldə olunmuş nüvə razlaşmasını «ən pis saziş» adlandırıb, Putin isə bəyan edib ki, sözü gedən sazişin dəyişdirilməsinə imkan verməyəcək.
Bu arada İran və Çin arasında terrorizmlə mübarizə və birgə hərbi manevrlər barədə sazişlər imzalanıb.