S.Əlisoy əlavə edib ki, vampir qanla qidalandığı kimi onlar da ancaq şər atmaq, qara yaxmaq, başqası haqqında dedi-qodu yaratmaqla yaşayırlar.
«Hesab edirəm ki, belə adamlara cavab vermək lazım deyil. Qubad İbadoğlu onlara tutarlı cavab verib. Hətta, onları dialoqa, polemikaya, debata dəvət edib. Ümumiyyətlə, bu məsələdə altını cızaraq deyəcəyim əsas məqam odur ki, Azərbaycan siyasətinin gözdən düşməsində bu tip insanların böyük rolu var. Hətta, deyərdim ki, bu adamlar Azərbaycanda vətəndaş həmrəyliyinin olmasında maraqlı deyillər.
Bir dəstə hesab edir ki, Azərbaycanda onlardan başqa heç kim müxalifətçilik edə bilməz. Yəni, bu adamlar Azərbaycan siyasətinin İlhamə Quliyevalarına çevriliblər. Onlar elə bilirlər ki, nə desələr qəbul olunacaq. Bütün bunlar gülüş doğurur. Demokratiya uğrunda mübarizə aparanların dərin düşünməsi lazımdır. Özündə demokratiya prinsiplərinə sadiqlik yoxdursa, opponentindən nəsə tələb etmək absurddur».
ADR funksioneri vurğulayıb ki, Azərbaycanda qarayaxma siyasəti uzun illərdir davam edir: «20 il öncə «KQB agenti» anlamı dəbdə idisə, indi insanları «iqtidara işləməkdə» suçlayırlar. İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın artırılması Koalisiyasının son toplantısından sonra Qubad İbadoğluna qarşı başlanan kampaniya qeyd etdiyim xarakterlidir. Məgər, Qubad İbadoğlu orada Azərbaycanın əleyhinə çıxış etməli idi? Tutaq ki, Azərbaycan bu koalisiyadan çıxarıldı. Bununla «müxalifət» nə əldə edəcəkdi? Nə qazanacaqdı? Bütün bunlar onu göstərir ki, bu adamlar həm ADR-in , həm də Qubad İbadoğlunun fəaliyyətini qısqanclıqla qarşılayır. Nə etmək olar. Bir qrup göbəyi meydanlara, küçələrə açılmış insanlar var».
Qeyd edək ki, İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının əlaqələndiricisi, iqtisadçı Qubad İbadoğlu və jurnalist Xədicə İsmayıl arasında qalmaqal yaşanır.
Xədicə İsmayılın sosial şəbəkədəki səhifəsində «Azərbaycanda müstəqil mətbuat yoxdur» – deyə yazdığı statusla Q.İbadoğlu razılaşmayıb. İkinci bildirib ki, dediklərini olduğu kimi çap edən media qurumları varsa, «müstəqil mətbuat yoxdur» fikrini söyləmək olmaz.
Qubad İbadoğlunun mövzuya yanaşması radikal düşüncəli X.İsmayılı özündən çıxarıb və profilində onu tənqid edib. Qeyd edib ki, Qubad İbadoğlu fəaliyyətinə görə qınanmadığından özünü çox rahat hiss edir.
Q.İbadoğlunun cavabı gecikməyib. O, yazdığı statusda jurnalist X.İsmayılı yalançı müxalif, saxta vətənpərvər adlandırıb: «Siz ey Vətən, millət, dövlət anlayışlarına gizli nifrətini zaman-zaman büruzə verən, əlacsız qalanda son çarə kimi «Çamur at, izi qalsın» prinsipi ilə mövcudluğunu sürdürən prinsipsizlər - yalançı müxaliflər, saxta vətənpərvərlər,! Qulaqlarınızı açın və eşidin: Mən təmsil olunduğum istənilən beynəlxalq və yerli platformada əsaslandırılmış müstəqil mövqedən çıxış edirəm, mövqeyim həmişə Azərbaycan dövlətinin və müstəqil vətəndaş cəmiyyətinin maraqlarının müdafiəsi üzərində qurulub. Şəxsiyyətimə və beynəlxalq arenadakı uğurlu fəaliyyətimə qarşı qərəzinizi boğub içinizdə gömün, əvvəlcə MSŞT-nin açılışının nə olduğunu öyrənin, sonra bu platformanın fəaliyyəti barədə fikir bildirin!
Bilin ki, kirli təfəkkürünüzün məhsulu olan böhtan, hədyan və uydurma ssenarilər məni ali prinsiplərimdən geri döndərə bilməz və bundan sonrakı fəaliyyətimdə də müstəqil vətəndaş cəmiyyətinin maraqlarından çıxış edərək, həm təmsil olunduğum düşərgənin haqlı mövqeyini, həm də Azərbaycan dövlətinin mənafeyini müdafiə edəcəyəm!».
Q.İbadoğlu statusunun sonunda X.İsmayılı və onun kimi düşünənləri açıq müzakirəyə dəvət edib.