Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, bu ilkin oktyabrın 27-i və 28-də Astara gömrük idarəsinin gömrük keçid məntəqəsindən gömrük nəzarətindən gizli ümumi çəkisi 8 kiloqram 291 qram qızıl külçələri bədənlərinin müxtəlif nahiyələrinə bağlamaqla çıxaran Azərbaycan Respublikasının vətəndaşları C.Cəfərov və A.Nəhmətov saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən cinayət işi başlanılaraq davam etdirilən araşdırmalar nəticəsində, əldə etdikləri qızıl məmulatlarını külçə halına salaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli çıxarmaqda şübhəli bilinən daha 6 nəfər şübhəli şəxs qismində tutulub. Aparılmış axtarışlar zamanı qanunsuz sex qismində fəaliyyət göstərən ayrı-ayrı ünvanlarda qaçaq yolla ölkədən çıxarmaq məqsədi ilə külçə halına salınması üçün toplanılmış xeyli qızıl-zinət əşyaları, eləcə də müxtəlif ölçülü qəliblər aşkar edilərək götürülüb.