Vaxt.Az

MSK üzr istədi


 

Smartfonlar üçün hazırlanan proqram sınaqdan keçirilərkən anlaşılmazlıq yaranıb

MSK üzr istədi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası qurumun saytında olan məlumatların smartfon tipli qurğular vasitəsilə əldə edilməsi məqsədilə hazırlanmış proqramın sınaqdan keçirilməsi zamanı yol verilmiş anlaşılmazlığa dair bəyanat yayıb.
MSK-nın rəsmi saytının verdiyi məlumata görə, seçki prosesində aşkarlığın daha geniş təmin olunması məqsədilə Mərkəzi Seçki Komissiyasının rəsmi saytında olan bütün məlumatların smartfon tipli qurğular vasitəsilə əldə edilməsi və izlənməsini təmin edən proqram modulu və təminatı Mərkəzi Seçki Komissiyasının sifarişi əsasında bu sahədə ixtisaslaşmış "Happy Baku” MMC tərəfindən həyata keçirdiyi bildirilib.
Proqrama veb kameralar vasitəsilə seçki məntəqələrində səsvermə prosesinin "online” izlənməsi və internet üzərindən canlı yayımı, seçici fəallığı və səsvermənin ilkin nəticələrinin əldə edilməsinin mümkünlüyü də daxildir. Qeyd edilən xidmətlərin yalnız seçki günü istifadəyə açıq olacağı barədə şirkət qarşısında xüsusi tələblər qoyulub.
Sonradan bizə bəlli olub ki, proqramla iş başa çatdıqdan sonra onun dəqiq, keyfiyyətli və təyinatı üzrə istifadəsini təmin etmək məqsədilə icraçı şirkət tərəfindən 8 oktyabr 2013-cü ildə müəyyən müddət ərzində 1 seçki dairəsi üzrə (58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi) aralıq testlər keçirilmiş və proqramın testdən keçirilməsi barədə istifadəçilərə məlumat verilməyib. "Apple" şirkəti tərəfindən təsdiq edildiyindən proqram modulunda 9 oktyabra təyin edilmiş prezident seçkilərində iştirak edən real namizədlərin adlarından, habelə testin dolğunluğunu təmin etmək məqsədilə əvvəlki seçkilərə aid olan statistik məlumatlardan və bu ilki prezident seçkiləri ərəfəsində keçirilmiş müxtəlif rəy sorğularının ümumiləşdirilmiş nəticələrindən istifadə edilib. Test başa çatdıqdan sonra saytdan istifadə dayandırılsa da bu hal istifadəçilər tərəfindən haqlı olaraq anlaşılmazlıqla qəbul edilib.
Mərkəzi Seçki Komissiyası baş verənlərdən dərin təəssüf hissi keçirir, həmin vaxt proqrama yerləşdirilmiş məlumatların bu ilki seçkilərə heç bir aidiyyətinin olmamasını və yalnız sistemin yoxlanması üçün istifadə olunmuş şərti məlumatlar olduğunu xüsusi qeyd edir və yaranmış anlaşılmazlığa görə seçki prosesinin bütün iştirakçılarından üzr istəyir.
 





09.10.2013    çap et  çap et