Vaxt.Az

Hər erməni düşmən deyil


 

Bizim dinc əhaliyə qan udduran «qəhrəman»larımız olmayıb

Hər erməni düşmən deyil Bəlkə hər gün buna bənzər başlıqlara, yazılara rast gəlirik. «Ermənilərə qan udduran..» kimi başlıq, təqdimat, tanıtım və ümumilikdə belə bir yanaşma kökündən yanlışdır. Ümumi «erməni» əvəzinə «daşnak», «terrorçu» yazmaq düzgün olmazdımı? Erməni ümumi addır, yanlış-doğru, bir millətə verilmiş addır. Bizim qəhramanlar ağına-bozuna, ziyanlısına-ziyansızına baxmadan, ucdantutma bütün ermənilərə (başlıqdan elə anlaşılır) qan uddurmayıblar axı. Fərq qoyublar - əlinə silah alıb dinc insanları qətlə yetirən, pozuculuq, nifaq yaradan daşnakları, quldurları, banditləri zərərsizləşdiriblər, yoxsa sadəcə erməni kimliyi daşıyan hər kəsə «qan uddurublar»? Bu nə özünəböhtan, ucuz populizm naminə keçmişinə qarayaxmadır belə?!

Bu kimi yazıları ermənilər üzünü köçürüb (ekdarn görüntüsü ilə birlikdə - F.H.), tərcümə edib, bütün dünyaya göstərəcək və bizi total erməni düşməni təqdim eədcəklər. Bu cür işlərdə püxtələşərək peşəkar olan düşmən lobbisinə belə «faktlar» göydən düşmüş «hədiyyə»dir. Bununla onlar bizi erməniyə qan uddurmuş kimi təqdim edirlər və bu tendensiyanın bütün ictimai fikrimizdə hakim olduğunu isbatlayırlar. Bundan sonra bizim apardığımız «münaqişəyə biz başlamadıq, biz qurbanıq» təbliğatı da effektivliyini itirmiş olur, Özümüz öz dilimizlə «erməniyə qan uddururmuşuq» fikrini yaymaqla düşmənin təbliğat dəyirmanının suyunu çoxaldırırq.

Bu həm də hazırda rəsmən başlanmış barış sürəcini sabotaj etməkdir. Bir tərəfdən biz erməniləri ümumiləşdirmədən, separatçı, terrorist, daşnakçı və qeyriləri deyə təsnifatlaşdırdığımızı, Qarabağda vətəndaşlarımız olan ermənilərə qucaq açdığımızı, münaqişənin dinc yolla, erməni vətəndaşlarımızın haqlarının qorunacağına təminat verdiyimizi deyirik, digər tərəfdən biriləri hələ də ümumiləşdirilmiş erməni kimliyinə «qan uddurmaq»dan yazır, qarşılıqlı etimad mühiti yaradılmasına olan ümidləri puça çıxarmaqla məşğul olur.

Eynisini erməni mətbuatı yazsaydı buna bizim reaksiyamız necə olardı, düşünürükmü? Erməni mətbuatı tutaq ki, Monte Melkonyanı «türklərə, azərbaycanlılara qan udduran» kimi yazıb (halbuki belə olub) təqdim etsəydi, haqlı olaraq bunu faşizm, türk qətliamının təbliği kimi anlamazdıqmı? Monte və digərləri Qarabağdakı qətliamları sadəcə bir etnik kimliyə bağlı olma prinsipiylə həyata keçirdiklərini dünyaya uca səslə çatdırıb, eynisini özümüz (və ya biriləri bizim adımızdan) nədən edib həm tariximizə böhtan atıb, qəhrəmanlarımızı etmədiklərində suçlayıb ləkələyirik. Həm də düşmənin bizə etmiş olduğuna qisas zəmini qazandırmaqla, onları haqlı edirik?

Kim edir bunu, məqsəd nədir bunda, bununla Mətbuat Şurası, şəxsən Əflatun Amaşov cənabları maraqlanmalıdır. Bir monitoring aparan, dövlətin hazırkı konfliktin dinc yolla həll olunmasıyla bağlı rəsmi mövqeyini sabotaj edən, düşmən əlinə tutarlı fakt, manevr imkanları təqdim edən bu yazılı və elektron media orqanlarının nə yazdığına nəzarət edən varmı? Yoxsa bu sahədə (də) özbaşınalıqdır, kim nə istəyir onu da edir?

 





16.11.2016    çap et  çap et