«Əgər müsbət nəticələr verərsə, bu addıma razıyıq. Məsələn, təmas xəttində atışma olub və bizim məlumatımıza görə atəş açan Azərbaycan tərəfidir. Mən telefonu götürüb Azərbaycan prezidentinə zəng edirəm və insident barədə məlumat verirəm. O isə bu məlumatı yoxlayır».
Serj Sərkisyan 1990-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı Azərbaycan müdafiə naziri ilə aralarında «qaynar xətt»in olduğunu demişdi.
«Mənim Azərbaycan müdafiə naziri ilə birbaşa qaynar xəttim var idi. Ekstremal vəziyyətlərdə bir-birimizə zəng edirdik. İndi bu yoxdur».
***
Vaxt.az xəbər verir ki, azərbaycanlı politoloq Elxan Şahinoğlu bu açıqlama operativ münasbiət bildirib: «Sərkisyanın bu sözləri Dağlıq Qarabağda Ermənistan ordusunun nəzarəti altında olmasının etirafı deyilmi? Çünki, söhbət Dağlıq Qarabağ və ətraf rayonlarda atəşkəsin pozulmasından gedirsə, Bakıdan kimsə niyə İrəvana telefon açmalıdır? Məgər bu vaxta qədər «bu məsələni Dağlıq Qarabağ separatçılarının lideri ilə müzakirə edin» deyən Sərkisyan deyildimi? Sərkisyanın bu «qaynar xətt» təklifini əlimizdə rəhbəri tutaraq bir daha Dağlıq Qarabağ və ətraf rayonların məhz kimin işğalı altında olduğunu bəyan etməliyik. O ki qaldı təklifin mahiyyətinə, “qaynar xətti” Azərbaycan və Ermənistan sərhəd boyu həyata keçirmək mümkündür. Çünki, bizim Ermənistana hücum etmək planımız yoxdur. Ancaq Dağlıq Qarabağ və işğal altındakı digər rayonlar üzrə «qaynar xətt» bizim maraqlara cavab vermir. Belə çıxır ki, biz məsələn Ağdam və Füzulini işğaldan azad etmək məqsədilə hücuma keçsək İrəvanla “telefon əlaqəsi qurmalıyıq”. İrəvan belə «qaynar xətt» həvəskarıdırsa münaqişənin mərhələli həlli məqsədilə Bakıya müraciət etsin və bundan sonra həqiqətən birbaşa rabitə qurula bilər. Bu olmayana qədər isə Sərkisyanın bu kimi «təklifləri» sadəcə vaxtı uzatmaq məqsədi daşıyacaq.