Vaxt.Az
SSRİ 10-12 ilə “diriləcək”
“Ekspert.ru” saytından ilginc təhlil: “Amma Azərbaycan yeni ittifaqda olmayacaq”
Rusiya prezidenti Vladimir Putinin yenidən hakimiyyət başına qayıtması ərəfəsində - 2011-ci ilin sonlarında irəli sürdüyü Avrasiya İttifaqı ideyasının reallaşması 2025-ci ilədək tam başa çatacaq.
Virtualaz.org-un xəbərinə görə, bu qənaətlə ekspert.ru saytında yer almış geniş təhlildə deyilir. Bildirilir ki, Baltikyanı respublikalar istisna olmaqla keçmiş sovet respublikalarının yeni birliyə daxil olmaqdan başqa alternativləri yoxdur. Təkcə Azərbaycanı çıxmaqla.Təhlildə yer alan fikirlərə görə, “yeni SSRİ” sayıla biləcək inteqrasiya modelinin əsası 2009-cu ildə qoyulub. Qərbdə böyük böhran başlayanda keçmiş sovet respublikalarında gördülər ki, Qərb sivilizasiyasının iqtisadi perspektivləri heç də göründüyü kimi aydın deyilmiş. Nəticədə bir sıra keçmiş sovet respublikalarında - Qazaxıstanda, Belarusda və digərlərində MDB çərçivəsində iqtisadi inteqrasiyanı dərinləşdirmək meylləri artdı.
Həmin il Avrasiya İqtisadi Birliyi çərçivəsində Gömrük İttifaqının yaradılmasına dair Minskdə Rusiya, Belarus və Qazaxıstan prezidentləri arasında sənəd imzalandı. 2010-cu il, yanvarın 1-dən bu üç ölkə vahid gömrük məkanı yaratdı. Bununla da Avrasiya İttifaqının əsası qoyuldu.
2011-ci ildə MDB azad ticarət zonasının yaradılmasına dair müqavilə imzalandı və inteqrasiya proseslərinə isti yanaşmayan Ukrayna da bu müqaviləyə qoşuldu.
Nəhayət, həmin il Vladimir Putin Avrasiya İttifaqının konturlarını elan etdi. Gələcək təşkilatın strukturu və konkret planı hələ məlum olmasa da planlaşdırılan birlik çərçivəsində pasport, viza, valyuta ittifaqlarının yaradılması kimi ideyalar irəli sürülüb.
Beləliklə, ittifaqa daxil olan keçmiş sovet respublikaları arasında sərhədlər faktiki olaraq qaldırılacaq, ölkələr arasında insanlar və təşkilatlar üçün inzibati fərqlər silinəcək.
Məqalədə deyilir ki, proqnozlara görə, inteqrasiya prosesinin ikinci mərhələsi 2013-2015-ci illəri əhatə etməlidir. Belə ki, Gömrük İttifaqına daxil olan ölkələrin iqtisadi və makroiqtisadi göstəriciləri onların bu ittifaqdan qazandıqlarını sübut etdi. Nəticədə qalanlar da ittifaqa daxil olmağa meylləndi. Ermənistan da xeyli tərəddüdlərdən sonra Gömrük İttifaqına girməyə razılıq verdi. 2015-ci ilədək qalan MDB respublikalarının da bu ittifaqa daxil olacağı gözlənilir.
Nəhayət, 2015-ci ildə Gömrük İttifaqının genişlənməsi prosesi başa çatandan sonra inteqrasiyanın özəyi əməkdaşlığın daha da dərinləşməsinə, üzv ölkələrin suverenliklərinin qismən məhdudlaşdırılmasına gedəcəklər. Belə ki, ittifaq daxiində vahid pasport, valyuta olacaq, vahid siyasət yürüdüləcək.
Avrasiya İttifaqı ideyasına əsasən 2020-ci ilə qədər yeni birliyin vahid kollegial idarəçilik orqanları yaradılacaq və ona makroiqtisadiyyat sahəsində nizamlama səlahiyyətləri veriləcək. Sonrakı mərhələdə mümkündür ki, Avropa İttifaqında olduğu kimi valyuta və bank ittifaqları dövrəyə girəcək. Nəticədə dünya xəritəsində iqtisadi və siyasi baxımdan balanslaşdırılmış, sosial baxımdan harmonik inkişafda olan, xarici amillərdən asılı olmayan yeni güclü birlik meydana çıxacaq.
2025-ci ildə Avrasiya İttifaqının ÜDM həcminin 5,7 trilyon dollar olacağı gözlənilir. Bununla da birlik ABŞ, Çin və Hindistandan sonra dünyanın 4-cü iqtisadiyyatı olacaq.
Təhlildə deyilir ki, heç SSRİ dövründə də Moskva mərkəzli inteqrasiya proseslərinə tam qoşulmayan Baltikyanı ölkələr yeni birlikdə yer almayacaq. Lakin Azərbaycanın da çox güman ki, yeni birliyə daxil olmayacağı, geosiyasi baxımdan Türkiyəyə doğru istiqamət alacağı gözlənilir.
Bildirilir ki, Azərbaycan hazırda Avrasiya İttifaqına qoşulmaq istəməyən yeganə iddiaçıdır. Bu günlərdə keçirilmiş rəy sorğularına görə, Azərbaycanda rəyi soruşulanların cəmi 26 faizi Gömrük İttifaqına daxil olmağa tərəfdardır. Hesab olunur ki, bunun əsas səbəbi Ermənistan-Azərbaycan münaqişəsi və Rusiyanın ermənilərin tərəfində olması ilə bağlıdır.
09.10.2013 çap et