Vaxt.Az

Tramp qarşısında sınaqlar


 

Vədləri yerinə yetirmək və ölkədə birlik yaratmaq

Tramp qarşısında sınaqlar İki aydan az bir müddətdən sonra Donald Tramp Birləşmiş Ştatların 45-ci prezidenti kimi inaqurasiya olunacaq. Tramp qarşısında duran ən əsas vəzifələrdən biri kampaniya dövrü tərəfdarlarına verdiyi vədlərə əməl etmək və eyni zamanda uzun seçki kampaniyasından sonra bölünmüş ölkədə birliyə nail olmaq üçün balans tapmaqdan ibarətdir.

Vitse-prezidentliyə namizəd Mayk Pens Donald Trampı Birləşmiş Ştatların prezidenti seçildiyini elan edir.

Donald Trampın gözlənilməz qələbəsi onun bəzi tərəfdarlarına hələ də yuxu kimi görünsə də Trampın özü qələbə nitqində birliyə çağırıb.

«Vahid xalq kimi bir olmağımızın vaxtı gəlib çatıb».

Lakin Trampın qələbəsi ölkənin qərbində Oreqondan Kaliforniyaya, şərqdə isə onun doğma şəhəri olan Nyu Yorkdan Massaçusetsə qədər etiraz nümayişləri ilə müşayiət olur.

Anti-Tramp nümayişlərinin iştirakçısı: «Mən məyus olmuşam, amma o məni qorxudur».

Seçkidən sonra müsəlmanlar kimi azlıqların hədəf alındığı bəzi insidentlərin də baş verdiyi müşahidə edilir. Tramp «CBS» telekanalının «60 Minutes» proqramında bununla bağlı sualı cavablandırıb.

ABŞ prezidenti seçilmiş Donald Tramp: «Eşitdiklərim məni çox məyus edir, mən demək istəyirəm: bunu dayandırın. Əgər bunun bir köməyi olacaqsa».

Siyasi bölünməyə son qoyulması prezident Barak Obamanı da narahat edən məsələlərdəndir.

ABŞ prezidenti Barak Obama: «Birliyə dair bəzi işarələr vermək və azlıqda olan qruplar, qadınlar və kampaniya dövrü narahatlıq keçirən başqalarına üz tutmaq həqiqətən də çox vacibdir».

Siyasi qarşıdurmalar Trampın yeni hökumətinə təyinatları etdiyi dövrə təsadüf edir. Buraya Respublikaçıların Milli Komitəsinin sədri Reyns Pribusun prezident administrasiyasının rəhbəri və mübahisəli media nümayəndəsi, ifrat sağ təmayüllü Stiven Bannonun baş siyasi müşavir təyin edilməsi daxildir.

Təhlilçi Con Fortiyerin fikrincə, Trampın ilk əsas sınağı hökumətə təyinatlardır.

Con Fortiyer: «Amerikada hökumətə təyinatlar olduqca mühüm məsələdir. Və kənardan gələn bir namizəd kimi onun ənənəvi əlaqələri, adətən olduğu kimi administrasiya təcrübəsi olan adamlarla əlaqələri yoxdur».

Brukinq institutunun təhlilçisi Molli Reynolds isə hesab edir ki, Trampın milli birlik səylərində əsas rolu onun ritorikasının tonu oynaya bilər.

Molli Reynolds: «Biz Trampı kampaniya dövründən tanıyırıq və indi əvvəlkindən bir qədər fərqli Tramp görürük. Məsələ də bundadır ki, Ağ Evə gələn şəxs bu sonuncu gördüyümüz adam olacaq, yoxsa kampaniya zamanı qarşılaşdığımız? Biz bunu bilmirik».

Trampın qarşıdan gələn həftələr kabinetinə yeni təyinatlar edəcəyi gözlənilir. Onun təyinatları həm də yeni prezidentin tonunun necə olacağı ilə bağlı fikir yürütməyə imkan verəcək.

 





16.11.2016    çap et  çap et