Vaxt.Az

Söküntü başlandı


 

Köhnə binaların yerində yenisi ucaldılacaq

Söküntü başlandı Xəbər verdiyimiz kimi, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonlarında köhnə binalar söküləcək və yerində yeniləri inşa olunacaq. Beş il müddətinə nəzərdə tutulan layihəyə artıq start verilib.

«Qafqazinfo»nun əməkdaşı söküntü gedən ərazidə olub. Artıq bir neçə gündür ki, Nərimanov rayonu Faiq Yusifov 10 ünvanında söküntü işlərinə başlanılıb. Burada istismar müddəti bitmiş 5 ikimərtəbəli binanın söküntüsü nəzərdə tutulub.

Böyük işçi qüvvəsinin cəlb olunduğu layihəyə əsasən, hazırda söküntü işləri aparılır. İş icraçıları bildirib ki, həmin binalarda yaşayan sakinlər 18 ay müddətinə kirayəyə çıxarılıb. Həmin müddət ərzində sakinlərin kirayə haqqı tikinti şirkəti tərəfindən ödənilir. İnşaat işləri tamamlandıqdan sonra sakinlər yeni təmirli mənzillərə köçürüləcək.

Bildirilib ki, pilot layihənin əsas məqsədi şəhərin memarlıq üslubuna xələl gətirən, bərbad vəziyyətdə olan tikililərin yerində yeni və müasir standartlara cavab verən binaların salınmasıdır. Binalar 16 mərtəbəli olacaq və qısa zaman ərzində tikintisinə başlanılacaq.

Tikintiyə Nərimanov Rayon İcra Hakimiyyəti nəzarət edir və «İnkişaf S» şirkəti tərəfindən aparılır.

 





17.11.2016    çap et  çap et