Vaxt.Az

Siyasət, yoxsa gigiyena?


 

Məhəbbətdə nə daha vacibdir?

Siyasət, yoxsa gigiyena? «The İndependent» yazır ki, əvvəllər evlilik və ya sadəcə tanışlıq üçün yaradılmış büro və saytlarda adamların tələbləri - geyim və yemək tərzinə, ağızdan gələn iyə və sair bu kimi cəhətlərə aid olardı.

Adamlar müəyyən tələbləri qoymaqla özlərinə uyğun namizədləri seçər, tələblərinə uyğun gəlməyənləri isə rədd edərdilər.

Məqalədə deyilir ki, bu tələblərin arasında siyasi baxışlar barədə tələbə rast gəlinmirdi.

Lakin müasir dünyamızda evlənmə məqsədli tələblər arasında siyasi çalarlar da artmağa başlayıb.

Ələlxüsus da Brexitdən sonra bir sıra namizədlər tərcümeyi-hallarında Avropadan çıxmaq və ya qalmaq tərəfdarı olduqlarını göstərirlər.

«The İndependent» yazır ki, 2 min insanın tanışlıq tələblərininin araşdırılması ortaya çox maraqlı tapıntılar qoyub.

Sapio firmasının apardığı rəy sorğusundan görünür ki, adamlar namizədin irqçilik, seksual ayrıseçkilik və ya seksizm və dözümsüzlük kimi cəhətlərini qeyri-məqbul faktor hesab edirlər.

Məsələn, məlum olub ki, 40 yaşında və daha gənc qadınlar arasında əsas tələblər namizədin irqçi, dözümsüz və ya qadın cinsinə xor baxan olmaması olub.

41 yaşında və daha yaşlı qadınların tələblərində seksizm artıq ikinci plana keçir, birinci plana isə namizədin iqrçi və pinti olmaması çıxır.

Rəy sorğusu göstərib ki, həyat yoldaşı axtaran kişilərin də yaşı artdıqca əsas tələb kimi gigiyenik təmizkarlıq irəli çıxır.

Məsələn 30 və daha çox yaşı olan kişilərin əsas tələbi namizədin təmizkar olmasıdır. Halbuki 18-29 yaş qrupunda gigiyena ikinci dərəcəli tələbdir.

Araşdırma göstərir ki, məhz bu cəhət, kişilər və qadınlar arasındakı əsas fərqlərdən biridir.

Maraqlıdır ki, dini və irqi fərqlər heç bir yaş qrupunda əsas tələblər deyil.

«The İndependent» yazır ki, bu mürəkkəb zəmanədə ən azı buna sevinmək lazımdır.

 





17.11.2016    çap et  çap et