Vaxt.Az

Tramp miqrant vədini Konqressiz həll edəcək?


 

Müşavirlər icra fərmanlarının layihəsi üzərində işləyirlər

Tramp miqrant vədini Konqressiz həll edəcək? «The Telegraph» yazır ki, prezident seçilmiş Donald Tramp ABŞ-Meksika hasarının tikintisinə və müsəlman ölkələrindən olan mühacirlərin məcburi qeydiyyatına Konqresin təsdiqini gözləmədən də başlaya bilər. Məqalədə deyilir ki, bu barədə məlumatı Trampın keçid komandasına daxil olan adamlardan biri yayıb.

Arizona və başqa ştatların sərt miqrasiya qanunlarının yazılmasında əsas rolu oynamış Kanzas ştatının dövlət katibi Kris Kobaç deyib ki, Trampın siyasət müşavirləri yeni qanunvericilik layihələri üzərində işə artıq başlayıblar.

«The Telegraph» yazır ki, Trampın komandası cənab Kobaçın müsahibəsi ilə bağlı şərh verməyib.

Cənab Kobaç «Reuters» agentliyinə deyib ki, Donald Trampın müşavirləri icra fərmanlarının layihəsi üzərində işləyirlər və yeni prezident Mülki Müdafiə Nazirliyi ilə birlikdə bu fərmanların icrasına Konqres onları təsdiq etmədən də başlaya bilər.

Kobaç həmçinin bildirib ki, icra sənədlərinin layihələrinə görə ekstremist təşkilatların fəaliyyət göstərdiyi ölkələrdən gələn mühacirlər və qonaqların qeydiyyatı qaydası bərpa oluna bilər.

«The Telegraph» yazır ki, cənab Kobaç prezident Buşun administrasiyasında çalışarkən Milli Təhlükəsizlik Giriş-Çıxış Sistemi adlanan qaydaların tərtib edilməsində əsas rollardan birini oynayıb.

Bu qaydalar ABŞ-da 11 sentyabr terror hücumlarından sonra tətbiq edilsə də, 2011-ci ildə insan haqları qruplarının təzyiqi altında ləğv edilmişdi.

Cənab Kobaç deyib ki, müşavirlər Meksika sərhədində hasarın tikilməsi işinə də Konqresin səsverməsi olmadan başlamağın yollarını araşdırırlar.

«The Telegraph» qəzeti yazır ki, Kobaçın tərtibində iştirak etdiyi qaydalara görə polisin saxladığı miqrantların təhqiqatı icra olunurdu.

Bu qaydalar 2011-ci ildə ABŞ Ali Məhkəməsi tərəfindən ləğv edilib.

Cənab Kobaç habelə Kanzasdakı seçici qanunlarının sərtləşdirilməsində iştirak edib. Həmin qanunlara görə seçki məntəqələrinə gələnlərdən vətəndaşlıq sənədləri tələb olunur.

O «Reuters»ə verdiyi müsahibədə deyib ki, bəzi hallarda mühacirlər müvafiq məhkəmə qərarları olmadan da deportasiya oluna bilərlər.

 





17.11.2016    çap et  çap et