Vaxt.Az

«Guya azaldılmalı idi»


 

Deputatdan maşınların Bakıdakı parketmə qiymətinə sərt etiraz

«Guya azaldılmalı idi» Bakıda maşınların park edilməsi ilə bağlı problemlər səngimir. Həm qiymətlərin yüksək olması, həm də park edilərkən tıxacların yaranması haqlı narazılığa səbəb olur. Milli Məclisin deputatı Çingiz Qənizadə Modern.az-a açıqlamasında maşınların park edilməsi zamanı bəzi sürücülərin məsuliyyətsizliyinə diqqət çəkib.

«Qanunsuz yerlərdə maşınları saxlamaq düzgün deyil. Bu, başqa maşınların hərəkət etməsinə mane olur, eləcə də tıxac yaradır. Bir də görürsüz ki, hansısa ticarət mərkəzinin, iri marketlərin qarşısında maşınlarını saxlayıb çıxıb gediblər. Bu da yüzlərlə maşınların hərəkətinə mane olur. Həm  maşının necə saxlanmasında, həm də hərəkətin idarə edilməsində sürücülük mədəniyyəti olmalıdır. Demirəm ki, bizdə sürücü mədəniyyəti yoxdur. Sadəcə, çox aşağıdır. Mandarini yeyib qabığını küçəyə atan sürücüdən yaxşı nə gözləyə bilərik?!  

Bilməlidirlər ki, onların etdikləri yanlış hərəkət başqalarının həyatı, hərəkəti üçün təhlükədir. Bəzi iri marketlər nizamlı şəkildə maşınların saxlanması üçün yer ayırıblar. Dəfələrlə şahidi olmuşam. Amma elə yerlər var ki, maşını küçənin ortasında saxlayırlar. Biri minir, biri düşür. Birinin nizamsızlığına görə arxada nə qədər maşın gözləməli olur».

Deputat, maşınların park edilməsi qiymətinə də kəskin etirazını bildirib.

«Parkinqlərin qiyməti çox bahadır. Guya, bir az azaldılmalı idi. Dövlət müəssisələrində çalışan əməkdaşlar səhər saat 9-dan axşam saat 7-yə, 8-ə qədər iş yerində olur. 6 saatdan artıq müddətə maşın saxlamaq çox bahadır. Maaşımızın dörddə bir hissəsini maşının park edilməsinə  veririk.

Bir dəfə bu qiymətlərin haradan tənzimlənməsi barədə fikirlərimi demişəm. Belə qiymətlər qoymaq kimin ağlının məhsuludur?! Niyə baha qiymətlər qoyulur? İnsanların təhlükəsizliyi və rahatlığı ilə bağlıdırsa, burada qazanc güdməyin nə mənası var?!

Parlamentin iclasında səsləndirdiyim fikirləri yenə də təkrar edirəm.  Maşınların park edilməsi zamanı qoyulan  qiymətlər o qədər aşağı olmalıdır ki, insanlar bundan bəhrələnə bilsinlər. Bir dəfə mağazaya düşüb nəsə almaq üçün maşını saxlayanda 3-5 manat verməli oluruq. Gündəlik parkinqdən  istifadə edən insanlar varsa, bu, insanların ailə büdcəsinə və qazancına müəyyən qədər problem yaradan hallardır».

 





19.11.2016    çap et  çap et