Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Modern.az-ın bu qəbildən olan suallarını cavablandırıb.
«Komitə qadağan olunmuş ədəbiyyatın bazasını yaradıb»
O, «Dini etiqad azadlığı haqqında» Qanunun 22-ci maddəsinə əsasən deyib ki, vətəndaşlar müvafiq icra hakimiyyətinin razılığı ilə dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları sərbəst şəkildə idxal, ixrac, habelə nəşr edib yaya bilər. Müvafiq icra hakimiyyəti orqanı dedikdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur.
Bu razılığın necə verildiyinə gəldikdə, G.İsmayılov bildirib
ki, Dini Komitədə Dinşünaslıq ekspertizası şöbəsi yaradılıb:
«Şöbədə 8 əməkdaş çalışır ki, hamısı Bakı Dövlət Universitetinin (BDU)
İlahiyyat fakültəsinin məzunudur. Onların hər biri ixtisasca dinşünas
ekspertdir. Hər hansı kitabı ölkəyə gətirmək, çap etmək, yaymaq istəyən vətəndaş
Komitəyə müraciət edir. Müraciətdən sonra ekspertiza şöbəsi kitablara baxaraq rəy
verir. Bu rəyi vermək üçün meyar ondan ibarətdir ki, həmin ədəbiyyatda dini
nifrət, ayrı-seçkilik, ölkədəki dini, tolerantlıq, multikultral mühitə hər
hansı təhdid formalaşmamalıdır.
O ki qaldı siyahı məsələsinə, qanunvericilikdə, hər hansı normativ hüquqi aktda zərərli, qadağan olunmuş dini ədəbiyyatın siyahısı olmalıdır deyə bir məsələ yoxdur. Buna baxmayaraq Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi zərərli, yaxud ölkədə yayılması, idxalı məqsədəuyğun olmayan dini ədəbiyyatların bazasını yaradıb».
Qadağan olunmuş dini ədəbiyyatın siyahısı ictimaiyyətə niyə açıqlanmır?
G.İsmayılov siyahının ictimaiyyətə açıqlanmama səbəblərinə belə izah edib. O deyib ki, qadağan olunmuş kitabların sayı minlərlədir:
«Siyahı dəyişməz deyil. Bu siyahı nəinki gündəlik, hətta saatbasaat dəyişir. Təsəvvür edin ki, komitəyə dini ədəbiyyatın ekspertizadan keçirilməsi ilə bağlı gün ərzində onlarla, yüzlərlə müraciət daxil olur. Bizim 8 ekspertimiz gün ərzində ən azı onlarla kitabı oxuyub barəsində rəy verir. Gün ərzində onlarla kitabın oxunması o deməkdir ki, siyahı saatbasaat dəyişir.
Dini ədəbiyyata rəy verərkən bir neçə nüans barədə müəllifə məlumat verilir. Ekspert deyir ki, sənin kitabındakı filan məqamlar dini etiqad azadlığı nöqteyi-nəzərindən onun ölkəyə gətirilməsinə icazə vermir. Biz təklif edirik ki, sən ya həmin məqamları kitabından çıxart onun gətirilməsinə icazə verək, ya da icazə vermirik. Vətəndaş həmin məqamı kitabdan çıxararaq yenidən müraciət edir. Biz növbəti dəfə onun müraciətinə müsbət rəy vermiş oluruq. Nəticədə, tutaq ki, bu gün ölkəyə gətirilməsinə icazə vermədiyimiz kitabın 10 gün sonra çapına icazə verilə bilər.
Nəticədə bu cür siyahını mütəmadi olaraq ictimaiyyətə açıqlamağımız məqbul deyil. Tutalım biz açıqladıq ki, iki min dini ədəbiyyatın ölkəyə gətirilməsi məqsədəuyğun deyil. Bir saatdan sonra həmin siyahıdan hər hansı kitabın adı çıxarıla, yaxud əlavə edilə bilər. Stabil siyahı olmadığı üçün onun ictimaiyyətə açıqlanması bizə əlavə problemlər gətirə bilər».
Yalnız bu şəxslərə qadağan olunmuş dini ədəbiyyat gətirməyə icazə verilir
Qurum rəsmisi xaricə səfər zamanı vətəndaşın hər hansı kitab alması və onun gömrük əməkdaşları tərəfindən saxlanılması məsələsinə də aydınlıq gətirib:
«Vətəndaş xaricdən istənilən kitabı gətirə bilər. Bunun üçün kitabların siyahısı əvvəlcədən komitəyə təqdim edilir. Komitə də ona razılıq məktubu verir. Şəxs xaricdən gələrkən məktubu gömrük əməkdaşlarına təqdim edir və rahatlıqla kitabları ölkəyə daxil edir.
Digər tərəfdən, tutaq ki, mən xaricdəyəm. İstənilən kitabı alaraq ölkəyə gətirmək istəyərkən gömrükdə saxlanılır. Bu vaxt həmin kitab dərhal Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə göndərilir. Komitə kitaba baxır və rəyini bildirir. Həmin rəy əsasında kitab ya vətəndaşa verilir, ya da verilmir. Amma istisnalar da olur.
Əgər bizə müraciət edən şəxs ilahiyyatçıdırsa, onun qadağan olunmuş hər hansı ədəbiyyatı ölkəyə gətirməsinə icazə verilir. Biz onun din xadimi, ilahiyyatçı olduğunu nəzərə alaraq, kitab zərərli dini ədəbiyyat sayılsa da belə, həmin fərd üçün 1 dənə olmaq şərti ilə icazə veririk. Çünki din xadimi zərərli kitabda nə yazıldığını bilməlidir ki, insanlara onu açıqlamaq iqtidarında olsun. Yəni kitaba rəy verərkən vətəndaşın kimliyi də nəzərə alınır».