Vaxt.Az

Dövlət imtahanların tarifləri müəyyənləşib


 

«9-cu sinfi «2»-«3» qiymətlə bitirən şagirdlərin 30 faizi məktəbdən çıxır»

Dövlət imtahanların tarifləri müəyyənləşib «Buraxılış imtahanlarının nəticələrinə əsasən, bütün ölkə üzrə nəticələr IX siniflə müqayisədə XI sinifdə daha yaxşıdır. Uşaqların səviyyəsinin yaxşı olması üçün tədris prosesi I-IX siniflərdə düzgün qurulmalıdır».

APA-nın xəbərinə görə, bu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Lənkəranda keçirilən seminarda deyib. Onun sözlərinə görə, IX sinfi bitirən və buraxılış imtahanında «2» və «3» qiyməti alan uşaqların 30 faizi sonradan məktəbi atır, X-XI sinifdə oxumur. M. Abbaszadə qeyd edib ki, X-XI sinifdə tədris prosesi yalnız məktəbdə yox, məktəbdənkənarda da keçilir: «Hər bir məktəbdə IX sinfə kimi orta nəticə 30 faiz olarsa, XI sinifdə bu göstərici 40-45 faiz olur. IX sinifdə əldə olunan nəticə XI sinifdə 10-20 faiz arasında artır. Bu isə o deməkdir ki, IX sinfə kimi şagirdin bünövrəsi necədirsə, sonradan valideyn nə etsə də, nə qədər yaxşı müəllimlərə hazırlığa qoysa da, nəticələrə maksimum 20 faiz təsir etmək mümkün olur».

M.Abbaszadə deyib ki, Dövlət İmtahan Mərkəzi Azərbaycanda keçiriləcək imtahanlarda iştirak üçün ödəniləcək tarifləri müəyyənləşdirib.

«Lakin Nazirlər Kabineti bizim fəaliyyətimizə aid olan xidmətləri müvafiq sənədə daxil etməyib. Bizim xidmətlər müvafiq sənədə daxil olmalıdır ki, Tarif Şurasına müraciət edə bilək. Həmin xidmətlər dövlət tərəfindən tənzimlənir».

M. Abbaszadə bildirib ki, onlar xidmətlərin neçəyə başa gəlməsi, verilən büdcə pulunun necə istifadə olunmasını müəyyənləşdiriblər: «Bilirik ki, hər bir iştirakçı üçün imtahan neçəyə başa gəlir. Amma Tarif Şurasına müraciət edəndə hansısa dəyişikliklər ola bilər. Onu da nəzərə almaq lazımdır ki, biz indi müəyyən vergi ödəyicisiyik və bu, qiymətlərdə nəzərə alınacaq. Yanvarın 1-dən bizə 1 milyon manat dəyərində nizamnamə fondu ayrılıb. Amma bu da yalnız bir fonddur. Biz yalnız pullu xidmət göstərib, hansısa gəlir əldə edib, işçilərə maaş verə bilərik».

M.Abbaszadənin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğv olunaraq Dövlət İmtahan Mərkəzinə birləşdirilməsi prosesi tam başa çatıb.

Hazırda DQMK və TQDK-nın  ləğvetmə komissiyaları maddi-texniki baza ilə əlaqədar iş aparır: «Artıq hər iki quruma həvalə olunan işlər mərkəz tərəfindən birgə həyata keçirilir. Ləğv olma və birləşmə prosesi gedən zaman da biz hər iki quruma həvalə olunan işləri davam etdirirdik, bu işlər paralel aparılırdı».

 





19.11.2016    çap et  çap et