«Joxovurd» qəzeti Ermənistanın müdafiə naziri Vigen Sarqsyana 2-si ağır olmaqla, 6 hərbi qulluqçunun yaralanması hadisəsinin hansı şəraitdə və harada baş verdiyi barədə sual verib. Lakin müdafiə naziri belə hadisənin baş vermədiyini və belə bir hadisə haqqında ona məruzə edilmədiyini bildirib.
«Joxovurd» qəzeti daha sonra qeyd edir ki, əslində, həmin gün, yəni noyabrın 15-də 2 hərbi qulluqçu ağır bədən travmaları ilə hospitala yerləşdiriliblər. Yerevandakı Hərbi hospitalda Qarabağdan olan Qevorq Seyranoviç Dadasyan və Ermənistanın Kəvər şəhər sakini Roman Araovic Sukiasyan müalicə olunur.
Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Qevorq Altunyan isə bildirib ki, qeyd olunan hərbi qulluqçular müxtəlif vaxtlarda, ayrı-ayrı şəraitdə yaralanıblar. Məlumata görə, Qarabağdan olan Qevorq Seyranoviç Dadasyan bir gözünü itirib.