Bir çox hallarda ünsiyyət qurmaqda çətinlik çəkdiyimiz, bizə qarşı çıxan bir adam yetişdirmiş oluruq. Bəs səhvləri harada edirik? Nə edək ki, uşaqlarımız bizə tabe olsun, səsimizin tonunu qaldırmadan bizi eşitsinlər?
Uşaq psixoloqu Narınc Rüstəmova Modern.az-a açıqlamasında xüsusilə azyaşlı valideynlərinə qızıl qədər dəyərli məsləhətlər verib.
«Ana-atamız bizi döyüb, amma tərbiyəsiz olmamışıq»
O bildirib ki, uşaqların tərbiyəsində mental dəyələr, ekoloji şərait, mühit, oradakı insanların psixologiyası böyük rol oynayır:
«Biz rus, italyan, yəhudi mütəfəkkirlərinin fikirlərini öz uşaqlarımızın üzərində təcrübədən keçirib müsbət nəticə əldə edə bilmərik. Hər hansı testi belə təcrübədən keçirmək üçün öz uşaqlarımız üzərində adaptasiya etməliyik.
Psixoloqun sözlərinə görə, «qızıl qayda»lardan biri yaxşı valideyn olmağı bacarmaqdır:
«Yaxşı valideyn olanda yaxşı dost da olacaqsız. Ana və atalıq hissi dostluğu, sevgini, məhəbbəti, güvəni özündə əks etdirən ən ali hissdir.
Valideynlər çox vaxt çalışır ki, uşaqları ilə yaxşı dost olsunlar. Bu isə münasibətlərdə ana və ata olmağa ziddiyyət yaradır.
Valideyn ilk növbədə uşağını çox gözəl tanımalıdır. Biz sovetlər birliyindən-avtoritar rejimdən çıxmışıq. Təzə-təzə azadlığımızı qazanmışıq. Bizim bir öncəki nəsillə aramızda çox böyük fərq var. Əvvəllər avtoritar rejimli, təzyiq göstərilən ailələr daha çox idisə, indi mükəmməllilik modelləri artmaqdadır. Bizdən sonrakı nəsillərdə isə daha çox güvən verən ailə modelinə çevrilməyə başlayacaq.
Bizim ana və atamızın tərbiyəetmə üsulu ilə bizim tərbiyə üsullarımız arasında ziddiyyətlər var. Biz hətta deyirik ki, «ana-atamız bizi döyüb, amma tərbiyəsiz olmamışıq». İndi bir uşağa əl qaldıranda isə onun problemləri artır.
Bizə müraciət edən valideynlərin daha çox etdiyi şikayətlər məhz budur. Bir valideyn deyirdi ki, «anam məni oxlovla döyüb-öldürürdü, amma mən anamın üzünə qayıtmırdım. Mənim oğlum isə məni eşitmir».
Bu cür hallarda dövrün, zamanın tələblərini, mühitin təsirini nəzərə almalıyıq. Təsəvvür edin ki, bizim 4-cü sinifdə keçdiyimiz dərs proqramını indi kurikulum metoduna görə 1-ci siniflər keçir. Uşaqların dərs yükü, ətraf mühiti dəyişib. Hətta yediyimiz pomidor belə, 10 il əvvəlki dadı vermir».
Həyatda əldə edə bilmədiklərinizin yükünü övladlarınıza yükləməyin
Ekspert deyib ki, valideynlər uşağı özünə yox, zəmanəyə uyğun böyütməlidirlər:
«Valideynlər mükəməlliyyətçi olmamalıdır. Bəziləri çalışır ki, uşaqları ən yaxşı olsun. Düşünürlər ki, ən yaxşı olmaq bütün dil kurslarına getmək, rəqslərə, idmana yazılmaq deməkdir. Bu gün nitq problemi ilə bağlı qəbul etdiyim 10 xəstənin 9 nəfəri xarici dil kursuna gedən, yaxud xarici dil bölməsində təlim-tərbiyə alan uşaqlar olub.
Valideyn «Mən azərbaycanca danışıram, qoy uşaq rusca danışsın», «Mən pianino çalmamışam, uşağım çalmalıdır», «Mən bunu geyinməmişəm, uşağım ən bahalısını geyinsin», «Mən bunu yeyə bilməmişəm, uşağım ən yaxşısını yesin» və s. düşüncəsilə azyaşlını yükləyir. Bu addımı atmazdan əvvəl valideyn uşağının potensialını bilməlidir. Bilməlidir ki, xarici dil onun nitqində ləngimə, ikidillilik yaradır. Əksər böyüklər övladına eqo ilə yanaşır. Beləcə, zaman keçdikcə uşaq doyumsuz bir şəxsiyyət olaraq formalaşmağa başlayır. Uşaq adicə marketə girəndə belə, onun istədiyi hər şeyi almaq olmaz. Sən maddi olaraq uşağına məhəbbət verə bilməzsən».
O deyib ki, «qızıl qayda»lardan biri də uşaqların bilik və bacarıqlarına görə onları inşa etməkdir. «Bu gün imkanlarım var, qoy hər şeyi uşağa verim» düşüncəsiylə onları daha da kaprizli edirik.
Valideyn çalışmalıdır ki, uşaq bir şey istəsin. Xüsusilə atalar uşaqların bu istəklərinə qarşı çıxmır. Bu zaman ata ananı təsdiq etməlidir. Ananın da, atanın da yanlışı ola bilər. Amma bu yanlışları uşaqların yanında bir-birinin üzünə vurmaq olmaz.
Yaxşı olar ki, uşağın tərbiyəsində ata, nənə, baba müdaxiləsi olmasın. Uşaqla maksimum dərəcədə ana məşğul olsun. Xüsusilə ana, uşağın 2 yaşına qədər onun yanında olmalıdır.
Analar uşaqlarla daha çox təmasda olduqları üçün iradlarını daha tez bildirirlər. Təbii ki, gün ərzində uşaq 5 dəfə xəbərdarlıq alırsa, onun hamısı anaya məxsus olur. Ata evdə yaxşı «polis», ana isə pis «polis» qismində çıxış edir. Ata uşaqlarla daha az ünsiyyətdə olduğu, müəyyən qaydaların qoyulmasında iştirak etmədiyi üçün daha hörmətli olur. Amma ana yalançı «çobanlıq» edir..»
Uşaqlarla şərt kəsməyin, onları şantaj etməyin!
N.Rüstəmova daha bir maraqlı məqama toxunub. O bildirib ki, əgər atacağımız addımı öncədən uşağa deyiriksə, bu, şərt- rüşvətdir, amma sonradan ediriksə, mükafatdır:
«Hansısa işi görməzdən əvvəl uşağa şərt qoyuruqsa, onu buna öyrətmiş oluruq. Daha sonra isə bu «silah»ın ucu özümüzə doğru yönəlmiş olacaq.
Zaman keçdikdcə, uşaq bizimlə şərt kəsəcək: «mən yeməyimi yeyirəm mənə filan oyuncağı al», yaxud «mən dərsimdən beş aldım məni gəzməyə apar» və s. Zaman keçdikcə, bu istəklər oyuncaq maşından real maşın istəyinə çevriləcək. Ona görə də valideynlər, məsələn həftə sonu olanda uşaqların qiymətinə baxıb, «sən bu həftə nə yaxşı qiymətlər almısan» deyərək onları gəzməyə apara bilərlər. Bu uşaq üçün «mükafat» olacaq.
Belə olan halda uşaq yaxşı oxuyacaq və həftə sonunu özü gözləyəcək ki, görəsən ata, ana məni hara aparacaq, bu dəfə mənə nə mükafat verəcək?
Amma bu «mükafatlar» da davamlı olmamalıdır. Məsələn, bir istirahət günü onu gəzməyə aparmısınızsa, növbəti dəfə aparmayın. Əks təqdirdə uşaq hər dəfə etdiklərindən qarşılıq gözləyəcək.
Nəzərə alaq ki, bu daha sonra cəmiyyətdən gələn gözləntilər olacaq. Cəmiyyətdəki insanların hamısı isə yaxşı deyil. Məsələn, uşaq düşünəcək ki, sinif yoldaşım məndən karandaş istədi, mən də verdim. Amma mən ondan istəyəndə vermədi.
Bu gözləntilərə qarşılıq görməyəndə isə aqressivləşəcək, özünə qapanacaq. Bu eynilə cəzalarda da belə olmalıdır.
Eyni zamanda, «getdiyimiz yerdə özünü yaxşı apar, sözə baxmasan evə gələndə sənin canını alacam» şantajlarına da yer vermək olmaz. Çalışın qonaq gedib-gəldikdən sonra bu barədə uşaqla danışasınız. Məsələn, «sən orda bu hərəkətləri etdikdə mən çox pis oldum», «səni dəfələrlə çağırdım, amma sən gəlmədin», «tərləmisən əynini dəyişək dedim, məni eşitmədin» və s. Biz bu cür danışıqla uşaqda günahkarlıq hissi yaratmış olacağıq. O düşünməməlidir ki, o pisdir.O düşünməlidir ki, onun pis hərəkətlərinə görə, ətrafdakılar onun anasını qınayıb. Bundan sonra isə uşağa cəza veririk. Cəza isə onun sevimli məşğuliyyətinə məhdudiyyət qoyulmasıdır. Məsələn, «filan saatlarda televizora baxmayacaqsan», «kompüterdə oynamayacaqsan» kimi... Yəni uşağı alçaltmaqla yox, ona vicdan yükləməklə, bərabərdində cəza vermək daha məqsədəuyğundur, nəinki başdan şərt kəsmək. Başdan şərt kəsəndə uşaq sizin gözünüzdən yayınıb kənarda öz istədiyini etməyə başlayacaq. Bu zaman isə o, yalançılığa öyrənəcək».
«Nənə-babalar uşaqları tərbiyə edəcək yaşda deyillər»
Bəzən böyük ailələrdə ana, uşağın tərbiyəsi zamanı nənə və baba müdaxiləsilə üz-üzə qalır. Bu zaman hansı addım atılmalıdır?
N.Rüstəmova bildirib ki, zamanla istər, qayınana, qayınata, istərsə də ata və anada yaşlılıq psixologiyası formalaşır:
«Gəncliyində tələbkar olan qadının nənə olduqdan sonra öz nəvələrinə gücü çatmır, onlara qaydalar qoya bilmir. Çalışır ki, həmişə onları əzizləsin. Cavan ana hər zaman uşaqları üçün irəliyə yönəlik planlar qurur. Düşünür ki, mənim övladım 15 yaşında, 25 yaşında necə olacaq? Ana bütün bunları düşündükcə övladına qarşı daha tələbkar olur.
50-55 yaşından sonra insanlarda ölüm qorxusu yaranmağa başlayır. Onlar düşünür ki, maksimum 10-15 il yaşayacaqlar. Ona görə istəyir ki, uşağı incitməsinlər, uşaq onu sevsin və bunu düşünərək anaya qarşı çıxır: «uşaqdı qoy baxsın televizora», «uşaqdı dəymə», «əl vurma uşağa» və s. Nənə və babaların çox hissəsi uşağın buanki xoşbəxtliyini düşünür. Daha düşünmür ki, o bir neçə il sonra necə olacaq?... Təbii, düşünən nənə-babalar də istisna edilmir.
Xüsusilə qayınana və qayınata ilə bir evdə yaşayan gənc ailələrdəki uşaqlarda davranış pozuntuları müşahidə edilir. Çünki ailə üzvləri bir çox məsələlərdə, xüsusilə də uşaqlarla bağlı məsələlərdə ortaq məxrəcə gəlmirlər. Hələ belə ailələrdə ata və ana ortaq məxrəcə gəlməyəndə vəziyyət daha çətin olur.
Əmi, bibi, baba, nənə ilə birgə yaşanılan daha böyük ailələrdə ikinci və üçüncü şəxsin uşaq tərbiyəsinə müdaxiləsi çoxdur. Belə uşaqlar əksərən irəli yaşlarında ana və nənə ilə konfliktdə olur. Uşaqlar kiçik yaşlarında nənəyə düşkündürlər.
Ona qarşı çıxmaları isə əsasən yetkinlik çağlarında baş verir. 9 yaşından sonra uşaqların nənə ilə də münasibətləri şiddətlənmyə başlayır. O zaman nənələr uşaqların kiçik yaşlarında etdikləri səhvi anlayır və psixoloqa müraciət edirlər. Bəzi vaxtlarda isə nənələr anaları uşağı psixoloqa apardığına görə qınayırlar. Onlar gəlinlərinə «sən uşağı dəli etmisən», «gərək ona bu qədər qışqırmayaydın» və s. kimi sözlər deyirlər».
«Övladını oxlovla döyən nənə nəvəsinə söz dedirtmir»
Psixoloq qeyd edir ki, bəzi onlar öz övladlarını oxlovla döyən ana olublar:
«Mən hesab edirəm ki, nənə-babanın uşağa baxan yaşı deyil, onların uşaqla oynayan yaşlarıdır. Uşağın nənə-baba yanında 1-2 saat olması, onlarla oynaması, şirinləşməsi gözəldir. Amma nənə və babanın daimi olaraq uşağın tərbiyəsində iştirak etməsi, evin içərisində olması çox böyük qüsurlar verir. Məsələ burasındadır ki, həmin vaxt böyüklərə etiraz da etmək olmur. Ona görə də yaxşı olar ki, ata nənə-babaları ata, ana nənə-babalarını ana tənzimləsin. Çünki yaşlı insanlar öz övladlarının sözünü daha yaxşı və daha tez qəbul edirlər, nəinki, gəlin və yeznə sözünü. Belə məqamda gəlin və yeznə sözü problemi daha da qabarda bilər.
Belə məsələlərdə bəzən ata özü kənara çəkilib xanımını qabağa verir. Amma bu düzgün deyil. Həmin sözləri oğul öz ata və anasına çatdırsa, qayınana və qayınata onunla münasibətlərin korlanmamasına çalışacaqlar. Gəlinin sözü isə təhlükəli olur və gəlin-qayınana münasibətlərinə ciddi təsir edir».