Tikinti işlərinə bu ilin oktyabr ayından Salyan rayonunun Noxudlu kəndi ərazisində - Kür çayının sahilindən başlanılıb.
Görülmüş və görüləcək işlər barədə virtualaz.org saytının Şirvan bürosuna məlumat verən layihə rəhbəri Alov Nağıyev bildirib ki, həyata keçirilən layihənin məqsədi Sabirabad və Salyan rayonlarının Muğan düzündəki 25 min hektar su çıxmayan torpağının suvarılması və meliorativ tədbirlərin görülməsinə nail olmaqdır. Artıq Kür çayından suyu ötürəcək qurğunun inşası başa çatdırlmaqdadır və su durulducu dəryaça qazılaraq təməlqoyma işləri aparılır. Eyni zamanda, nasos stansiyasının inşası üçün də qazıntı işləri görülür. Belə ki, Kür çayından xüsusi qurğu vasitəsi ilə ötürülən su dəryaçada durulduqdan sonra 1800 mm diametrli 3 ədəd boru xətti vasitəsi ilə 3 km məsafədə nəql olunduqdan sonra beton kanallara paylanaraq 15 km uzunluqda axıdılacaq. Nəticədə Muğanın indiyədək su üzü görməmiş ən ucqar torpaqlarını belə suvararaq becərmək mümkün olacaq. İşlərin 2 il ərzində başa çatdırılması nəzərdə tutulub.
Beləliklə, bu layihənin icra olunması təkcə Sabirabad rayonu üzrə 20 min hektar sahənin əkin dövriyyəsinə qatılmasına səbəb olacaq.