Vaxt.Az

«Üzr istəməlidirlər!»


 

Brodvey teatrında yeni viste-prezidentə qarşı kobudluq

«Üzr istəməlidirlər!» ABŞ-ın növbəti prezidenti seçilmiş Donald Tramp Brodvey teatrının aktyorlarının növbəti vitse-prezident Mayk Pensdən üzr istəməyə çağırıb. Bu gün teatrda Hamilton musiqili tamaşasını izləməyə gələn Mayk Pens qəribə hadisə ilə üzləşib. Belə ki, tamaşanın aparıcı aktyorlarından biri tamaşadan dərhal sonra ona müraciətlə nitq söyləyib.

Qızı və qardaşı oğlu ilə tamaşaya qatılan Pens zalda fitə basılıb. Tamaşa başa çatandan sonra isə Aron Burr rolunu oynayan aktyor Brandon Viktor Dikson birbaşa Pensə müraciət edərək, onun «onlar üçün işləməsini» təkidlə xahiş edib.

«Biz, fərqliliklərlə dolu Amerika, narahatıq ki, sizin yeni administrasiyanız bizi, planetimizi, övladlarımızı qorumayacaq, hüquqlarımıza hörmət etməyəcək» - deyə Pens səhnəni tərk etmək üzrə olarkən Dikson bildirib.

Zaldan nitq alqışlansa da, Dikson çıxışını başa vuran zaman artıq Pens auditoriyanı tərk etmişdi. Vitse-prezidentinə qarşı bu münasibəti bəyənməyən Tramp bu gün səhər teatrın Pensdən üzr istəməsini tələb edib.

«Bizim gözəl vitse-prezidentimiz Mayk Pens dünən axşam Hamilton tamaşası zamanı kameralar qarşısında təzyiqə məruz qalıb. Bu, baş verməməli idi!» - deyə Tramp «Twitter» mesajında bildirib: «Teatr həmişə təhlükəsiz və xüsusi məkan olmalıdır. Hamilton tamaşası dünən gözəl insan Mayk Pensə kobudluq edib. Üzr istəməlidirlər!».

Amerikanının qurucu babalarından olan Aleksandr Hamiltonun həyatını əks etdirən Hamilton musiqili tamaşası bir çox mükafatlar qazanmış tamaşadır.

 





20.11.2016    çap et  çap et