Vaxt.Az

İri marketlərin soyğunçuluğu


 

Onların qiymət siyasəti və yaxud müştərini soymaq xidmətinin sirri açıldı

İri marketlərin soyğunçuluğu Son illərdə paytaxtda “supermarket” adı altında fəaliyyət göstərən obyektlərin sayı artır. Yüksək xidmət, əla keyfiyyət, ucuz qiymətin məhz onlarda olduğunu vəd edən bu supermarketlərin xüsusi üsulları da var. Əslində, ilk baxışda ucuzluq vəd edən bu mağazalarda qiymətlər məhəllə dükanlarından heç nə ilə fərqlənmir.Yeni fəaliyyətə başlayanda adi marketdə 2 manata təklif olunan məhsul, “supermarket”lərdə 1 manat 99 qəpiyə satılır. Burada qiymət siyasəti elə “ustalıq”la qurulub ki, alıcılar nəyi, necə aldıqlarının fərqinə belə, varmırlar. Nəticədə qısa zamanda yaranmasına baxmayaraq, bu üsulla məhəllə marketlərinin “bazar”nı öldürürlər. Elə ki, alıcının ayağı alışdı, qiymətlər qəpik-qəpik yüksəlməyə başlayır. “Supermarketdən ucuz mal alacam” düşüncəsi ilə supermarketdə hər gördüyünü (bəzən ehtiyacı olmasa belə...) torbasına yığan alıcı yalnız kassaya yaxınlaşanda necə “soyulduğunu” anlayır. Əlimizdəki torbalarla, satıcıya verdiyimiz pul arasında uyğunsuzluq, aldandığımızın ən tutarlı sübutu olur. Əlbəttə, çox zaman 4.95-9.97 manat yazılarının sonundakı rəqəmlər qəpik-quruş kimi görünür, gözümüz elə bağlanır ki, heç kassaya yaxınlaşanda belə, fərqi anlamırıq. Bundan başqa, bəzən malın üzərində 5 manat yazılır, amma kassada 5 manat 80 qəpik çıxılır. Səbəbini soruşanda isə səhv yazıldığını, fərq yüksək olduqda isə üzr istəyib, yanlışlığa yol verildiyini bildirirlər.Supermarketlərin dərdi bunlarla bitmir, məhsulların üzərində istehsal və ya istifadə tarixinin olmaması, solğun göstərilməsi, qiymətlərin bəzi hallarda şişirdilməsi ilə yanaşı, satıcıların alıcılarla münasibəti də istehlakçıları ən çox narahat edən məsələlərdəndir. Bundan başqa, bəzən son istifadə müddətinə bir gün qalmış olsa da, məhsullar satışdan çıxarılmır. Yazıda bütün bu məsələlərə ayrı-ayrılıqda aydınlıq gətirəcəyik. Amma bütün bunlardan danışmaq üçün hadisə yerində olmağımız, istehlakçıların bitməyən şikayətlərinin səbəblərini bir daha supermarket rəhbərlərindən öyrənməyimiz lazımdır. Bunun üçün də yazıya supermarketlərə olan qısamüddətli səfərimizlə başlayırıq. Paytaxtın “Lider-As”, “Everest” və “Çinar” supermarketlərinə baş çəkib, suallarımıza cavab axtarırırıq.
 
“Rəqib supermarketdən gəlmisiz?”
 
İlk dayanacağımız “Lider-As” supermarketidir, öncə qiymətlər haqda danışaq. Burada bir litrlik bitki yağları 3.17 qəpik, toyuq əti 6 manat, mal əti 10 manatdır. Qeyd etmək yerinə düşər ki, adi marketlərdə eyni məhsulları daha ucuz qiymətə almaq olar. Məhsulların qiyməti ilə yanaşı, istehsal və istifadə tarixlərinə də baxırıq. Bəzi məhsulların ya istehsal, ya da istifadə tarixi göstərilməyib, göstərilənlər də əsasən, solğundur və oxunması demək olar ki, mümkün deyil. Bəzilərində isə bu tarixlər elə yazılıb ki, eynəksiz onları oxumaq çox çətindir. Baxdığımız məhsullarda istehsal tarixini görməyəndə satıcı xanıma yaxınlaşıb, nə üçün yazılmadığını soruşuruq. Satıcı xanım üzümüzə belə, baxmadan “baxın, orda olmalıdır” cavabını verir. Tarixi tapmayıb, yenidən xanıma yaxınlaşırıq, o, əsəbi halda “yaxşı baxın, yazıların yuxarı hissəsində var”deyir. Satıcının istiqamət verdiyi yerə baxıb, yarısilinmiş yazının istehsal tarixi olduğunu təxmin edirik. 
İstehsal tarixi ilə maraqlandığımızı görən satıcı şübhələnərək soruşur:

- Başqa supermarketdən gəlmisiniz?
 
- Yox...

- Bəs, nə üçün qiymətlərə diqqətlə baxırsınız? Niyə istehsal tarixi ilə maraqlanırsınız?

- Bunlara baxmaq, soruşamaq üçün ancaq rəqib supermarketdən gəlməliyik? Alıcıyam da... Baxıram ki, qiymətlər büdcəmə uyğundur, yoxsa, yox...
Bu dialoq, satıcının bu kimi növbəti sualları ilə davam edir. Bitməyən suallara və xanımın rəqib supermarketdən gəlməyimlə bağlı şübhələrinə son qoymaq üçün jurnalist olduğumu deyirəm. 
Amma satıcı xanım daha da əsəbiləşir: "Axı, nə üçün müdiriyyətdən icazə almamış qiymətlərə baxıb, telefonunuza
yazırsınız? 
(Satıcı xanım telefonla mesaj yazmağıma işarə edir.)İcazəsiz qiymətlərə baxmaq olmaz".
 Bayaqdan üzümüzə belə, baxmayan satıcı xanım vaxt itirmədən satış işləri üzrə meneceri çağırır. Menecer özünü təqdim etməsə də, bizdən kim olduğumuzu, haradan gəldiyimiz soruşur. Vəsiqəmizi alır, hətta surətini də çıxarır. Narahatlığa əsas olmadığını deyəndə isə əsəbiləşir: “Biz heç nədən narahat olmuruq”. Daha sonra “Nə üçün bizdən icazə almadan qiymətlərə baxırsınız, nə isə qeyd edirsiniz” deyə əlavə verir. Uzun müddət çalışsaq da, menecerə bir alıcı olaraq, istənilən supermarketə daxil olub, qiymətlər, istehsal tarixi və s. barədə öyrənə biləcəyimizi başa sala bilmirik. Nəhayət, menecerə məhsulların qiymətinin necə müəyyənləşməsi, istehsal tarixlərindəki problemlərlə bağlı suallarımızı cavablandırmasını istəyirik. O, səsinin tonunu qaldıraraq, suallarımıza cavab vermək üçün vaxtının olmadığını, bu barədə ancaq müdirin danışa biləcəyini deyir. Müdir isə işdə deyil. 
Qeyd edim ki, menecer işləri çox olduğundan suallarımıza cavab verməkdən imtina etsə də, biz supermarketi gəzib, çıxana qədər qapının yanında durub, bir bəylə söhbət etdi, deyəsən, menecerin “önəmli” işi bu idi. 
Beləliklə, suallarımıza cavab almadan yollanırıq, digər mağazalara...

İnadkar menecerlər...
Araşdırmamızı “Çinar”, “Everest” supermarketlərində davam etdiririk. Bu supermarketlərdə də qiymətlər adi mağazalardan fərqlənir. Bu fərqlər ən yaxşı halda, 1-2 manatdır. “Çinar” supermarketin satış meneceri Orxan Bəxtiyarov supermarketlərdə qiymətlərin yüksək olmasının satışı təşkil edən firmalarla bağlı olduğunu bildirdi. Orxan bəy deyir ki, qiymətlər, malın topdansatış alış qiymətinə, supermarketin yerləşdiyi yerə görə müəyyən olunur.
Bu supermarketdə satıcıların alıcılara münasibətində ciddi problemlər olmasa da, xüsusi geyimlərinin olmaması ucbatından alıcılarla onları fərqləndirmək olmurdu.
“Everest” supermarketində də  məhsullarda istehsal və istifadə tarixləri son dərəcə oxunmaz formada idi. Diqqətimizi çəkən başqa bir məqam isə günəş şüalarının birbaşa məhsulların üzərinə düşməsi oldu. Bu şüaların keyfiyyətə nə qədər təsirli olması məlumdur. Suoermarketin adının çəkilməsini istəməyən işçilərindən biri iradlarımızla razılaşmır, məhsulların keyfiyyətində heç vaxt problem olmadığını bildirir.
Hər iki supermarketin nümayəndələri nə iradlarla razılaşdılar, nə də bizimlə birlikdə məhsullara yenidən baxmaq istədilər. Onlar vaxtlarının olmamasını desələr də, bunun sadəcə, bir bəhanə olduğunu özləri də bilirlər.
Mağaza işçiləri bizim suallarımızı cavablandırmaya bilərlər, amma fakt danılmazdır. Min cür təriflərlə reklam olunan supermarketlərdə nə yüksək keyfiyyətli məhsul satırlır, nə də normal xidmət göstərilir. Üstəlik, qiymətlər də adi mağazalardan dəfələrlə yüksək olur. Görünən odur ki, zəhərlənmək üçün supermarketlərə əlavə pul ödəyirik.

“Bu nömrələrə zəng vurun”
 
Məsələ ilə bağlı, supermarket rəhbərlərinin, işçilərinin fikrini öyrəndik. Bəs, rəsmi qurumlar bu barədə nə düşünür? İstehlakçıların keyfiyyətli qida ilə təmin olunması üçün məsul olan qurumlar hansı işləri görürlər?
İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tez-tez istehlak məhsulları ilə bağlı monitorinqlər keçirsə də, hələ də supermarketlərdə bu problemlər qalmaqdadır.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev mağaza və supermarketlərdə mütəmadi olaraq, monitorinqlərin aparıldığını, bunların keyfiyyətə nəzarət xarakteri daşıdığını bildirdi: “Monitorinqlər nəticəsində keyfiyyətsiz mallar satışdan çıxarılır, məhv edilir, qanun pozunsuna yol vermiş sahibkarlara qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, cərimələr tətbiq olunur”.
Supermarketlərdə hələ də keyfiyyətsiz malların satılmasına münasibət bildirən A.Əliyev mütləq şəkildə bütün məhsulların üzərində yararlılıq tarixinin də öz əksini tapmalı olduğunu dedi. Müşahidə olunan problemlərin isə yaxın zamanda aradan qaldırılacağını bildirdi: “Hər bir malın üzərində istehsal tarixi və yaralılıq müddəti mütləq göstərilməlidir. İstehlakçılar üçün keyfiyyət, satıcıların davranışları və digər problemlərlə bağlı  nazirlikdə 498 15 01, 498 15 04 qaynar xətləri fəaliyyətdədir. Bura daxil olan hər bir şikayət araşdırılır və problem qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll olunur”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov xüsusən brend malların şişirdilmiş qiymətlərlə satıldığını, burada böyük korrupsiya məsələlərinin olduğunu deyir: “Xatırladım ki, Nazirlər Kabinetinin 14 yanvar 2011-ci ildəki iclasında Prezident də əsassız artırılmış qiymətlərdən narazılığını bidirmişdi və buna qarşı mübarizə aparılmasını önə çəkmişdi. Lakin hələ də məsələ həll olunmayıb”.

Yalan qiymətlər...

E.Hüseynov onu da əlavə etdi ki, bir çox xarici ölkələrdə informasiya texnologiyaları satışın avtomatlaşdırılmasına tətbiq olunanda istehlakçılara yüksək xidmət nəzərdə tutulur. 
Ancaq onun sözlərinə görə, bizim supermarketlərdə skaynerin oxuduğu qiymətlər onların yerləşdirildikləri sıralarda yazılanlara uyğun gəlmir: “Üstəlik, bəzən istehlakçılardan almadıqları məhsulun belə, pulu çıxılır. 20 gün əvvəl bu barədə Prezident Adminstrasiyasına məktub yazmışam. Bir neçə gün əvvəl  isə İqtisadi İnkişaf Nazirliyindən yuvarlaq bir cavab almışam. Cavabda gömrük orqanlarının iş apardıqları, hər şeyin yaxşı olduğu yazılır". 
O, vurğuladı ki, bu cür məsulların satılmasını Nazirlər Kabinetinin 80 saylı qərarının kütləvi şəkildə pozulması da saymaq olar: "Həmin qərara görə, malların üzərində mütləq qiymət kağızları qoyulmalıdır və qiymət kağızlarının arxasında da maddi məsul şəxslərin imzası və möhürü olmalıdır”.

Məhsulun ömrünü uzadan maddələr...
E.Hüseynov onu da vurğuladı ki, “Yeyinti məhsulları haqqında” Qanunun 18-ci maddəsinə görə, yeyinti məhsullarının üzərində istehsal tarixi və son yararlılıq müddəti göstərilməlidir: “Hər bir məhsulun üzərində bu iki tarix də göstərilməlidir. Çox təəssüf ki, hələ də Azərbaycanda  istehlakçı standartları yoxdur. “Yeyinti məhsulları haqqında” Qanunda istehsal və istifadə tarixlərinin necə, hara və hansı sriftlə yazılması qeyd olunmayıb. Hazırda BMT-nin qida kodekslərinin tələblərini özündə əks etdirən qida standartları hazırlayırıq. Həmin standartları texniki şuradan keçirəndən sonra məcburi qaydada bütün malların bu cür markalanmasına nail olacağıq. İstehlakçılar, üzərində istehsal və istifadə tarixi olmayan, etiketi qoparılmış məhsulları almamalıdırlar”.
Ekspert həmçinin istehlakçıların yararlılıq müddəti qısa olan məhsulları almalı olduqlarını bildirdi. Çünki məhsulun ömrünü uzadan maddələr, alıcının ömrünü qısaldır. 
Ekspert istifadə tarixindən başqa da problemlərin olduğunu  dedi: “Bəzən supermarketlərdə məhsulun istehsal tarixi kimi 4 gün sonrakı tarix yazılır. Bu hala xüsusən, ayran və dovğalarda rast gəlinir. Spirtli içkilərin 95 faizinin, siqaretlərin 90 faizinin üzərində istehsal və istifadə tarixləri yoxdur. İstehlakçılar bilməlidirlər ki, siqaretlərin, spirtli içkilərin yararlılıq müddəti bir il, konyakların üç il, şərabların isə altı aydır”.
Xəbərdarlıq...

Satıcıların geyiminə və onların alıcılarla davranışına gəldikdə isə ekspert bununla bağlı da ölkədə standartların mövcud olmadını vurğuladı: “Bu sahədə ciddi iş aparılmır. Biznes qurumları, kimi gəldi, satıcı qoyur. Azad İstehlakçılar Birliyi biznes qurumları ilə işləyib, satıcılara müəyyən kurslar keçməyə hazırdır. Çox təəssüf ki, mağaza sahiblərinə alıcıları aldada bilən satıcılar lazımdır. Kimi gəldi, satıcı təyin edirlər, onların bu sahədə biliklərini artırmaq üçün iş aparılmır. Nazirlər Kabinetinin 80 saylı qərarında bu məsələ də açıq qalıb. Ancaq özünə hörmət qoyan biznes strukturları özlərinin xüsusi geyimlərini hazırlayırlar və satıcılar məxsusi geyimlərdə olurlar. Həmçinin onlar istehlakçılara normal xidmət göstərirlər”.
Ekspertlərin də sözlərindən bəlli oldu ki, qanunvericilikdəki boşluqlar yalnız biznes qurumlarının işinə yarayır. İstədikləri keyfiyyətdə məhsulu satır, heç bir normalara uyğun olmayan xidmət göstərirlər. Nəticədə isə həm maddi, həm də sağlamlıq baxımından, itirən yalnız istehlakçı olur.
 





01.01.2013    çap et  çap et