Vaxt.Az

«Daha heç nə ağlasığmaz deyil»


 

Brexitdən sonra Tramp, indi isə Le Pen?

«Daha heç nə ağlasığmaz deyil» «The Telegraph» yazır ki, Fransa da Amerikadan nümunə götürərək seçkilərdə Milli Cəbhə Partiyasının lideri, ifrat sağçı və millətçi Marine Le Penə səs verə bilər.

Qəzet Fransanın aparıcı filosoflarından birinə istinadən yazır ki, buna səbəb adamların siyasətçilərin yalan ya doğru dediyinin fərqində olmamasıdır.

Son rəy sorğuları göstərir ki, xanım Le Pen baharda keçiriləcək prezident seçkisinin birinci turunda qalib gələ bilər, belə ki, o hazırda ən yaxın rəqibi olan respublikaçı namizəd Sarkozidən 20 xal irəlidədir.

İkinci turda isə sağ-mərkəzçi namizəd Alayn Jupe böyük bir ehtimalla onu məğlub edəcək.

Bir vaxtlar Fransanın yaşayan dahi filosofu sayılan Bernard-Henri Levi deyib ki, bu seçki rəy sorğularının doğrulmadığı növbəti hadisə ola bilər.

«Əgər Trump mümkündürsə, hər şey mümkündür, - deyib cənab Levi «The Telegraph» qəzetinə, - İndidən belə daha heç nə ağlasığmaz deyil».

O deyib ki, Le Penə gəldikdə, onun qələbəsi mümkündür, çünki insanlar siyasətə maraqlarını itiriblər, əvəzində ümidlərini şəxsiyyətlərə bağlayıblar.

«Adamlar siyasətə getdikcə daha az qulaq asırlar və bəzən belə bir təsəvvür yaranır ki, onların namizədlərin yalan ya doğru söyləməsi veclərinə deyil» - deyib filosof.

Professor deyib ki, indi adamları həqiqətdən daha çox namizədin teatral qabiliyyəti cəlb edir.

«Biz də bilirik ki, hər bir faşist bunu çox yaxşı bacarır» - deyib cənab Levy.

Cənab Levi deyib ki, Amerikada Trampın seçilməsinin özü Avropada populizmin baş alıb getməsindən qaynaqlanıb.

O deyir ki, qlobal populizm teatrında üç böyük çevriliş baş verib, Le Penin yüksəlişi, Silvio Berlüskoninin hakimiyyəti və Brexit.

Alim bildirib ki, ola da bilsin bu seçkidə namizəd olan Nicola Sarkozi xanım Le Penin siyasətlərini oğurlasın və əsas partiyalardan əl üzənləri cəlb etsin.

«Nicola Sarkozi öz siyasətlərini Le Peninkinə uyğun olaraq bəsitləşdirə və ya sadəcə bu ideyaları «oğurlaya» bilər. Amma fərq bundadır ki, həmin siyasətlərə Sarkozinin özü də inanmayacaq» - deyib Levy.

Alim bildirir ki, Sarkozi bunu bacarsa, onda qələbə şansı olacaq və maraqlısı da budur ki, o, Le Penin qarşısını ala biləcək.

Fransa seçkilərində qalib gələcəyi gözlənilən Alayn Juppeyə isə professor məsləhət görür ki, rəy sorğularına çox da inanmasın.

Sorğular deyə bilər ki, o irəlidədir, amma əslində belə olmaz, - deyib filosof.

«Rəy sorğuları artıq düz çıxmır. Onlar İngiltərədə, ABŞ-da düz çıxmadı, Juppe məsələsində də düz çıxmaya bilər» - deyib alim.

 





21.11.2016    çap et  çap et