Vaxt.Az

«Bir-birinin ayağının altını qazırlar»


 

Zərdüşt Əlizadə: «Sonradan başa düşdülər ki, biabırçı məğlubiyyətlə üzləşəcəklər»

«Bir-birinin ayağının altını qazırlar» Teleqraf.com-un suallarını politoloq Zərdüşt Əlizadə cavablandırır.
- Seçkinin nəticələrilə bağlı təəssüratlarınız necədir?
- Siyasətdə məqsədə çatmaq üçün bəzən bütün variantlardan istifadə olunur. Hakim partiya da əlindəki imkanlardan yararlanıb seçkilərdə qalib gəldi. 9 oktyabrda mən də seçkiləri izlədim. Müşahidəçisi olduğum məntəqədə seçici aktivliyi aşağı idi. Xalqın böyük kəsimi siyasətə biganədir. 
- Müxalifətin seçkilərdə uduzmasının başlıca səbəbini nədə görürsüz? 
- Seçkiyə hazırlıq təkcə seçki kampaniyası dövründə olmur. Seçkilərə ilboyu hazırlaşmaq lazımdır. Təsəvvür edin ki, iki idmançı döyüşə hazırlaşır, onlardan biri ilboyu məşq edir, öyrənir, gücünü artırır, digəri isə evdən çölə çıxmır. Televizorun qarşısında oturub döyüş filmlərinə, idman yarışlarına baxır. Və sonra onlar rinqdə qarşılaşırlar. Sizcə, bu vəziyyətdə onların hansı qalib gələcək? Əlbəttə ki, birinci. İndi müxalifət də ötən beş il ərzində məşq etməyən idmançıya bənzəyir. Bunlar rinqə çıxan kimi nokauta düşürlər. Hakimiyyət isə müxalifətə imkan vermir ki, güclənsin.
- Hətta beynəlxalq siyasi araşdırma mərkəzləri də etiraf ediblər ki, tam demokratik seçkilər keçirilsə belə, hakim partiyanın qələbəsi şəksizdir. Siz necə düşünürsüz?
- Müxalifət seçkilərdə onsuz da uduzacaqdı. Müxalifətə səsi Cəmil Həsənliyə görə verdilər. Əvvəlcə, seçkilərə özləri getmək istəyirdilər. Sonradan başa düşdülər ki, biabırçı məğlubiyyətlə üzləşəcəklər. Rüstəm İbrahimbəyovun namizədliyi üzərində dayanmağa məcbur oldular. Rüstəm İbrahimbəyovun nüfüzu, maddi imkanları var. Ona görə də bəzi qüvvələr onun namizəd olmasını istəmədi. Onu rusiyapərəst adlandırdılar. Bu absurd yanaşma idi. Cəmil Həsənli müxalifətin uğurlu namizədi idi. Ziyalı, reputasiyası təmiz olan şəxs idi. Bacardığını etdi, amma qalib gələ bilmədi. Başqa namizəd olsaydı, 3-4 faiz səs toplayardı. Az-çox uğur qazandılarsa, buna görə Cəmil Həsənliyə minnətdar olmalıdırlar. Müxalifət növbəti seçkilərə hazırlaşmalıdır. 
- Bəzən belə fikirlər səslənirdi ki, İsa Qəmbər və Əli Kərimli təcrübəli siyasətçilərdir, onlar debatlarda daha məntiqli danışa, insanların diqqətini cəlb edə bilərdilər. Buna münasibətiniz...
- Onlar nə qədər təcrübəli siyasətçi, natiq olsalar da, keçmişləri imkan vermir ki, seçkidə səs alsınlar. Xalq onları müxalifətdə görməkdən, eyni şeyləri danışmalarından yorulub, bezib. İkincisi, AXCP və Müsavat Partiyası bir-birinin ayağının altını qazır, qarşılıqlı rəqabətdədirlər. Onların hakimiyyətə olan nifrəti bir-birinə olan nifrətindən çox deyil. 
- Ümumiyyətlə, prezidentliyə iddialı şəxsin seçkilərdə 2-3 faiz səs toplaması nə deməkdir? 
- Bu, özünə hörmətsizlikdir. Seçkidə uduzmaq olar. 5, 10, 15, hətta 20 faiz səs fərqilə. Daha 80-90 faiz fərqlə yox. Onların əksəriyyəti əvvəlcədən bilirdilər ki, 2-3 faiz səs alacaqlar. Azərbaycanda hərə bir cür çörəkpulu qazanır, dolanır. Mən onlara hakimlik etmək istəmirəm. Kimsə vicdanın satıb pul qazanırsa, ona nə deyə bilərəm. 
- Sizcə müxalifət bundan sonra hansı addımları atmalıdır?
- Mən AXC-nin məramnaməsini yazanda gördüm ki, bunlar söz qanan deyillər. İndi onlara nə məsləhət versəm belə, mənasız və nəticəsiz ola bilər. Özləri bilərlər. Onlar özlərini hamıdan ağıllı hesab edirlər. Bu vaxta qədər ölkədə olan bütün seçkiləri uduzublar. 
- Müxalifət seçkilərin saxtalaşdırılıdığını iddia edir. Amma seçicilərin narazılığı müşahidə olunmur, hər hansı aksiya keçirilmir...
- Müxalifətdə qətiyyət deyilən şey qalmayıb. Camaat bilir ki, mitinqə çıxsa, onu nə gözləyir. Müxalifətin mitinqçiləri qorumaq, təhlükəsizliyini təmin etmək üçün imkanları yoxdur. Belə zəif müxalifətin ardınca kim gedər?
- Namizədlərin teledebatları həm də Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sizin qardaşınız Araz Əlizadənin müxalifət haqqında kəskin ifadələrilə yadda qaldı. Düzdür, seçkilərdən qabaq siz bununla bağlı mövqeyinizi bildirmisiz. Seçkidən sonra qardaşınızın kampaniya dövründəki çıxışları ilə bağlı nə düşünürsüz?
- Xalqın gözü tərəzidir. Hamı hər şeyi gördü. Oradakıların əksəriyyəti qələbə qazanmaq yox, hakimiyyətə yarınmaq üçün danışırdılar. Araz Əlizadə ilə bağlı heç nə demək istəmirəm. Səbəbini siz özünüz daha yaxşı bilirsiz. Əslində onun çıxışlarına normal insanın münasibəti necədirsə, mənimki də elədir. Bundan artıq heç nə deməyəcəm.
 





12.10.2013    çap et  çap et