«Azəristiliktəchizat» ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Modern.az-a bildirib ki, isti suyun dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısından çıxarılması onun qiymətinin yenidən formalaşdırılmasına imkan verəcək».
R.Əliyevin sözlərinə görə, əvəllər 1 kub metr isti su üçün 40 qəpik müəyyən edilmişdi: «May ayında soyuq suyun tarifləri müəyyənləşənə qədər biz soyuq suyu 1 manata alırdıq. May ayında isə «Azərsu» ASC-nin müraciəti əsasında 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik müəyyənləşdi.
Biz soyuq suyun qiymətini və onu qızdırmaq üçün sərf olunan qaz, enerji xərclərini hesablayıb yeni qiymət müəyyənləşdirəcəyik. Yeni qiymət yaxın günlərdə müəyyənləşərək ictimaiyyətə açıqlanacaq.
Yeni qiymət istilik təchizatının fəaliyyətinin sağlamlaşdırılmasına xidmət edəcək ki, idarə zərərlə işləməsin və tədricən gəlir gətirən təşkilata çevrilsin».
Qeyd edək ki, hazırda Azərbaycanda 1 kvadratmetr yaşayış sahəsinin isidilməsinə görə əhali qrupu üçün aylıq 15 qəpik, qeyri-əhali qrupu üzrə isə 25 qəpik müəyyənləşdirlib. İsti suyun 1 kub metri isə əhali üçün 4 qəpik, qeyri-əhali üçün 1 manat 50 qəpikdir.